Daha qəzet almır Hacı Əhməd də...
Bəs onda qəzetçi Rza neyləsin?
Dünya kəşflərlə doludur!
Dünyanı kəşflər irəli aparır:
Təkərin kəşfi...
Buxar maşının kəşfi...
Daxili yanma mühərrikinin kəşfi...
Elektrik enerjisinin kəşfi...
Reaktiv mühərriklərin kəşfi...
Bunlardan heç də əskik olmayan:
Əlifbanın kəşfi...
Kağızın kəşfi...
Basma üsulunun (mətbəənin) kəşfi...
Kitabın (texniki üsulla ərsəyə gələn) kəşfi...
Qəzetin kəşfi...
Əvvəlcə sadaladıqlarımız bəşəriyyətin irəliyə doğru hərəkətini, inkişafını mexaniki və həm də iqtisadi cəhətdən sürətləndirmişdi.
Yazı-pozu sahəsindəki kəşflər isə elmin, insan təfəkkürünün, mədəniyyətin, maarifin və mənəviyyatın yüksəlişini təmin etmişdi.
İstehsalsız və iqtisadiyyatsız normal yaşayış, rahatlıq yoxdur!
Savadsız və mənəviyyatsız cəmiyyət isə ibtidai icma quruluşundakı insan sürüsündən yəqin ki, çox da fərqlənməz!
Hamı dəli olanda qazının yanına gedir...
Vaxt var idi Azərbaycanin işıqlı simaları, vətənpərvər ziyalıları milləti ucaltmağın, təhsilə, elmə, mədəniyyətə çatdırmağın yollarından birini qəzet və jurnal buraxmaqda görürdülər!
Halbuki həmin dövrdə nə mətbəə vardı, nə hürufat, nə də qəzeti oxucuya çatdıranlar...
Heç qəzetə məqalə yazanlar, onu yığıb səhifələyən mürəttiblər - mütəxəssislər, hətta qəzet oxuyacaq kifayət qədər oxucu da yox idi!
Para tapmaq isə həmişəki kimi müşkül görünürdü!
Amma bütün bunlara baxmayaraq, Həsən bəy Zərdabi ruhdan düşmədi, çətinliklər qarşısında geri çəkilmədi, qəzetin həm yazarı, həm buraxıcısı, həm senzoru, həm də redaktoru oldu!
"Əkinçi” belə bir şəraitdə, belə bir zamanda dünyaya gəldi!
"Əkinçi” əvvəldən-axıradək maddi və mənəvi çətinliklər məngənəsində boğuldu!
Amma 56 nömrəlik qəzetlə mətbuat tariximizin təməli qoyuldu!
"Əkinçi” qəzetlərin ilki, qaranquşu oldu!
Maarifin, mədəniyyətin ilk məşəli kimi alovlandı.
Qəzetçilik ənənəsini ortaya qoydu!
Milli mətbuatın mövzu, mahiyyət və prinsiplərini, jurnalistikanın ilkin janrlarını yaratdı!
İnsanlar üçün ümid yerinə, məsləhət və kömək ünvanına çevrildi!
Dərdi, köməyə ehtiyacı olanlar üzlərini o məşələ, o ünvana çevirdilər!
Bu gün isə qəzetin özü köməyə möhtacdır!
Ömrü tükənməkdə olan qəzetin!..
Unudulmaqda olan təkcə qəzetlərdirmi?
"Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam” - məşhur rus yazıçısı Maksim Qorkinin sözüdür!
Həm də həyatın sınağından çıxmış sözdür!
Oxunmayan təkcə qəzet olsaydı, nə vardı ki?!
Bəs kitablardan üz döndərmək nə deməkdir?
Belədə bizdə "yaxşı cəhətləri” nə formalaşdıracaq?
Yoxsa daha mütaliəyə, "yaxşı cəhətlərə” ehtiyac qalmayıb?
Kiçik bir eksperiment keçirdik. 2 universitetdə təhsil alan (universitetlərin və tələbələrin adlarını qəsdən göstərmirik) 15 tələbə ilə redaksiyada görüşdük. Əvvəlcədən 5-6 sualdan ibarət xüsusi anket tərtib etmişdik. Məqsəd tələblərin bədii-ədəbiyyat oxuyub-oxumadıqlarını, hansı Azərbaycan yazıçısının əsərləri ilə tanış olduqlarını, əzbər şeir bilib-bilmədiklərini, hansı jurnalistləri tanıdıqlarını və qəzetləri oxuduqlarını öyrənmək idi.
Kaş belə bir araşdırma
aparmayaydıq!
Kaş sovet dövrü təsəvvürümüzdə
qalaydıq!
Sən demə, bu gənclər Azərbaycan
yazıçılarının əsərlərini oxumurlar!
Bir nəfər də bir şeri
başdan-ayağa əzbər bilmədi!
Nə bədii ədəbiyyatı
sistemli mütaliə edən var, nə də qəzet oxuyan!
Hələ bunlar jurnalist olmaq istəyənlərdir!
Doğrudanmı mobil telefon Azərbaycan
ədəbiyyatını (həm təkcə Azərbaycan ədəbiyyatını
yox) əvəz etməyə qadirdir?
Bəs görən qəzetlərdən
insanların soyumasının, gənclərin onlara maraq
göstərməməsinin, nəticədə qəzet
tirajlarının aşağı düşməsinin və
müasir dildə desək, onun daha "gəlirli biznes”
olmadığı üçün sıradan
çıxmasının səbəbi nədir?
Şübhəsiz, əsas səbəb
internetin, elektron informasiya vasitələrinin meydana gəlməsidir.
Artıq bir mobil telefon alıb cibinə qoymaqla istədiyin anda
günün yeniliklərini asanlıqla öyrənə, istədiyin
qəzetin saytına girə bilirsən. Həm də
pulsuz-parasız! Belədə niyə qəzetə vəsait sərf
edəsən? Özü də bir neçə qəzet alsan,
hər gün buna pul xərcləsən, ayda heç də az
vəsait eləmir!
Amma kim deyir ki, insan mənəvi
ehtiyacını ödəmək, nəyisə öyrənmək
və bilmək, marağını təmin etməkdən
ötrü pul xərcləməməlidir?!
Əslində insanı digər
canlılardan fərqləndirən məhz onun mənəvi
ehtiyacları və daim həmin ehtiyacları ödəməyə
can atmasıdır!
Kino çıxanda dedilər teatr
öləcək, amma ölmədi!
Televiziya çıxanda dedilər
teatr da, kino da öləcək, amma heç biri ölməyib!
Bu gün də yaşayırlar,
insanlar evlərində televiziyaya baxmaqla yanaşı, kinoya da
gedirlər, teatra da!
Nə yaxşı ki, belədir! Yoxsa
hamı mavi ekranın, kompüterin qarşısında oturub
qalsaydı, bir-birinə daha çox yadlaşar, ictimai yerlərdən
ayaqları çəkilər, çölə-bayıra
çıxmadıqlarından heç bundan səhhətləri
də fayda götürməzdi.
Mənəvi və
maddi məqamlar
Qəzetlərin sıradan
çıxmalarının subyektiv səbəbləri də
vardır...
NƏDİR ONLAR?
ƏVVƏLA, qəzet oxumaq həm də
vərdişdir, oxu mədəniyyətidir. Görünür,
bu vərdişi vədəsində gənclərə
aşılamadıq, unutduq və unutdurduq.
Həm də təkcə bunu yox,
kitab oxumağı da!
İKİNCİSİ, sovet
dövründə təkcə ölkə paytaxtına və
rayon mərkəzlərinə yox, hətta ən ucqar kəndlərə,
hər bir ailəyə belə qəzet
çatdırılırdı!
İndi isə qəzet abunəçiləri,
az qala barmaqla göstəriləcək həddədir!
ÜÇÜNCÜSÜ, qəzetlərin
qiyməti xeyli bahalaşıb: sovet dövründə qəzet
2 qəpiyə idi və bir çörəyin qiymətinə
15-ini almaq olardı.
İndi isə 40 qəpikdir - bir
çörəyin qiymətinə!
DÖRDÜNCÜSÜ, "reket qəzetlər”
və "reket jurnalistlər” qəzetləri də, jurnalistləri
də hörmətdən saldılar, insanları təhqir,
yalan, böhtan, qərəz dolu yazıları ilə qəzetlərdən
çiyrindirdilər!
Sovet dövründə hamı
jurnalistlərlə dostluqdan qürur duyurdu, indi isə jurnalist
adı gələndə üzlərini turşudur,
arxalarını çevirərək qapılarını
bağlayırlar!
Bunlar məsələnin mənəvi
tərəfi ilə bağlıdır.
Müxtəlif dövrlərdə
müəyyən maliyyə problemlərinin yaranması və
həll edilməməsi isə qəzetin və qəzetçinin
nəfəsini kəsdi!
BUNLAR HANSILARDIR:
BİRİNCİ, bu işlə məşğul
olanlarda qəzet biznesini idarəetmə təcrübəsinin
yoxluğu;
İKİNCİ, reklam
qıtlığı və reklam bazarının
formalaşmaması;
ÜÇÜNCÜ, qəzetlərin
sərbəst satışının təşkil
olunmaması, bu məqsədlə dövlət hesabına yaradılan
köşklərin "mini-bazar” kimi fəaliyyət göstərməsi;
DÖRDÜNCÜ, qəzetlərə
əlavə dəyər vergisinin tətbiqinin yenidən geri
qaytarılması;
BEŞİNCİ, manatın
devalvasiyası nəticəsində xaricdən gətirilən
və məhsulun maya dəyərinin özəyini təşkil
edən qəzet kağızının və metal təbəqənin
qiymətinin xeyli yüksəlməsi.
Əslində, sonuncu qəzetin və
qəzetçilərin belinin qırılmasına kifayət
edir!
Amma gəlin çox mühüm bir
məqamı yaddan çıxarmayaq:
Qəzet yalnız pul qazanmaq
üçün biznes sahəsi deyil! O həm də ideoloji (bu
sözdən "demokrat”ların xoşu gəlməsə də)
məhsul sayılır!Dünən "reket jurnalist”lərə
təslim olan jurnalistika bu gün öz yerini sosial şəbəkəyə
verir!
Azərbaycan iqtidarı yalnız mətbuat
və söz azadlığını bəyan etməyib, onun təmini
yolunda ardıcıl və məqsədyönlü tədbirlər
görür!
Əgər belə tədbirlər və
addımlar olmasaydı, yəqin ki, indiyə barmaqla
sayılacaq qədər qəzet qalacaqdı!
KİV-in inkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması bu sahədə ən
uğurlu gediş oldu! Əslində, buna qədər də qəzetlərin
mətbəələrə borcları dövlət
hesabına silinmiş, dəfələrlə müxtəlif qəzetlərə
birdəfəlik maddi yardım göstərilmişdi.
Jurnalistlərə dövlət
hesabına tikilərək təmir edilən mənzillərin
təmənnasız bağışlanması isə
görünməmiş köməkdir!
Əgər bu olmasaydı, yəqin
ki, yüzlərlə jurnalist hələ də kirayələrdə
yaşayar, darısqallıq əziyyəti çəkər,
ömrü boyu şəxsi mənzili olmaq xoşbəxtliyinin
dadını bilməzdi!
Dövlətin bu köməyi hələ
də davam edir!
Lakin KİV-in inkişafına
Dövlət Dəstəyi Konsepsiyasının fəlsəfəsi
başqadır! Xüsusən iki mühüm məqamı diqqətə
çəkmək istəyirik:
BİRİNCİ, hər qəzetə
Konsepsiyada göstərilən on doqquz istiqamətdən biri
üzrə hazırlanmış və bəyənilmiş
layihə əsasında qrant ödənilir!
Vurğulayırıq: Dövlətin
təqdim etdiyi yox, məhz qəzet redaksiyasında
hazırlanan layihələrə qrant ayrılır. Deməli,
qəzetin daxili işinə müdaxilə edilmir, onun fəaliyyəti
hansısa səmtə dəyişdirilmir!
İkinci məqam: Qrantlar həm də
ictimai fikrin formalaşmasına müəyyən təsiri
olan, məqbul tirajla qəzet bazarında yer tutan nəşrlərə
ödənilir!
Həm də müəyyən
dövr ərzində!
Ömürlük, həmişəlik
yox!
Odur ki, həmin dövrdə qəzetlər
ayaqda durmağı öyrənməli və
bacarmalıdırlar!
Beləliklə, nə vaxtsa KİV-ə
Dövlət Dəstəyi Fondunun qrantlı layihələrə
xitam verməsi təbii və gözləniləndir!
Qəzet bazarında duruş gətirə
bilməyən qəzetlərin də sıradan
çıxacağı təbiidir.
Bəs görəsən
"duruş gətirmənin” şərtləri, yaxud şəraiti
nədir?
Tərəzinin
boş qalan gözü...
Qonşudan gələn payla qarın
doymaz! - bu atalar misalıdır, həm də zamanın
sınağından keçib!
Deməli, özün qazanıb,
alıb-gətirib süfrəyə düzməlisən!
Təsərrüfat hesabı da o deməkdir
ki, nə qazansan, onu da yeyəcək və xərcləyəcəksən!
Əgər qazansan!
Əgər qazana bilsən!
Adətən qəzetlər pulu 3 mənbədən
qazanır: abunə, pərakəndə satış və
reklam hesabına!
Sovet dövründə birinci yerdə
abunə dururdu!
İndi isə abunə görünməmiş
dərəcədə azalıb, pərakəndə
satış isə heç kəsi maraqlandırmır və
biznes kimi cəlb etmir!
Dünya praktikasında da qəzetləri
yaşadan başlıca vasitə reklamdır!
Qəzetlərin əsas hissəsini
tutan və yüksək gəlir gətirən reklam!
Azərbaycanda özəl bölmə
müstəqillik dövründə yaranıb və
yaşı azdır. Hələ burada çalışanlar
reklamın əhəmiyyətini kifayət qədər qiymətləndirmirlər!
Pulu olanlar isə televiziya reklamına qaçırlar!
Dünya maliyyə böhranı ilə
əlaqədar bir sıra şirkətlərin sıradan
çıxması olmayan reklam bazarını da puça
çıxardı!
Bu gün dövlətin reklam
bazarında da (nazirliklər, komitələr, yerli icra hakimiyyəti
orqanları, dövlət şirkətləri və səhmdar
cəmiyyətləri tərəfindən verilən və rəsmi
qəzetlərdə dərc edilməli olan tender, müsabiqə,
kotirovka elanları nəzərdə tutulur) bir xaos,
qaydasızlıq baş alıb getməkdədir.
Nə reklam haqqında qanuna əməl
edən, nə də ona nəzarət yetirən var!
Elanlar kimlərə necə verilir,
ödəmələr nə sayaq aparılır - nə
"görən” vardır, nə də "bilən”.
Reklamla bağlı vergi qanununun
pozulması, bu sahədə baş alıb gedən qeyri-sivil rəqabət
adi hala, reklam qapmaq metoduna çevrilib!
Bütövlükdə isə
çap mediası üçün nəzərdə tutulan
ümumi reklam bazarının yaranması qəzetçilərin
əlçatmaz arzusu olaraq qalır. Hətta Mətbuat
Şurası da bu problemin çözümündə acizlik
göstərdi!
Elə ki ayın başı
yaxınlaşır, qara sancı dolur qarnımıza: görəsən
əməkhaqqını necə və nə ilə verəcəyik?!
Başlayırıq əldə
telefon yalvar-yaxara: məhsulumuzu satan yayım təşkilatlarına,
reklamlarını dərc etdiyimiz qurumlara!
Aman günüdür,
aldığınız qəzetin, sizə göstərdiyimiz
xidmətin pulunu ödəyin!
Biz oluruq yalvarıcı, onlar olurlar
xan qapısı!
Qəzet yayımı qurumlarından əməkhaqqı
ödəyəcəyimiz məbləğdən
dörd-beş qat artıq alacağımız olsa da, ləliməkdən
başqa heç nəyə gücümüz çatmır!
Məhkəmədə
qaldırdığımız iddialar isə icra qurumunun və
hakimlərin kəraməti sayəsində illərlə
çəkişmə, süründürmə,
saysız-hesabsız baxış obyektinə çevrilir!
Çünki heç kimin heç
harası ağrımır!
Hamıya canı yanan jurnalistə
kimsənin canı yanmır!
İllərdir ki, bu ssenari ilə
yaşayır və işləyirik!
İllərdir ki, özümüz
deyib, özümüz eşidirik!
Yaxşı, qəzetləri də
gömdük torpağa, bəs sonra!
Bu boşluğu nə ilə
dolduracağıq!
Sosial şəbəkə ilə?
Gəlin açıq etiraf edək:
bu gün çap mediasının pul qazanmaq imkanı çox
çətin və məhduddur!
Televiziya reklamına olan marağı
qəzetlərdə görmürük!
Hətta özəl televiziyalar reklam
bolluğundan bir verilişi, filmi sonadək "bütöv
halında” göstərə bilmirlər, tez-tez dayanıb
"pul qazanmalı” olurlar!
Müstəqil qəzetçilər
elə bilirlər ki, dövlət və iqtidar qəzetləri
yağ-bal içində üzürlər! Necə ki
ölülər elə sanırlar ki, dirilər bütün
günü halva yeyirlər.
Amma heç də belə deyil!
Nə yağ-bal içində
yaşayırıq, nə də halva yeyirik!
Ay başa çatana kimi növbəti
əməkhaqqını necə, hansı vəsait hesabına
verəcəyimizi bilmirik!
Bir yandan da "Azərbaycan” nəşriyyatı
ayağını dirəyib, "kağızınız
qurtarıb, kağız alın!” deyə məktub dalınca məktub
göndərir!
Oğulsan bu şəraitdə qəzeti
də saxla, kollektivi də yaşat!
Qəzetləri
itirməklə nələri itirə bilərik!
Qəzet gedəndə özü ilə
nələri aparacağı ehtimal edilir?
Bunu elektron media ilə müqayisədə
nəzərdən keçirək:
* Elektron media gün ərzində
operativ informasiyalar yayır. Burada araşdırma və analitik
yazılara nadir hallarda təsadüf etmək
mümkündür;
* Jurnalistikanın bütün
janrlarından elektron mediada istifadə olunmur, əsasən
informasiya və müsahibəyə üstünlük verilir;
* Maarifləndiricilik funksiyası
çox zəifdir, tarixi keçmişimizə, xalqın tarixi
simalarının anılmasına və təbliğinə yer
ayrılmır;
* Dövlət maraqları ilə
bağlı ciddi yazılar yox dərəcəsində olur,
"sensasiya yaradılmasına” cəhd göstərilir;
* Milli-mənəvi dəyərlərə
hörmət və onların qorunmasına, jurnalistlərin
peşə davranışı qaydalarına əməl etməsinə
çap mediasında daha çox yer verilir;
* Qəzetə, onun yazılarına
inam, etibar daha çoxdur, elektron saytlardakı ciddi hadisə və
faktlara isə "təsdiqi tapılandan” sonra inanırlar;
* Elektron media arxiv kimi
etibarsızdır, xalqın, dövlətin gördüyü
işlər, bugünkü hadisələrin gələcək
nəsillərə çatdırılması qəzetlərin
sınaqdan çıxmış və özünü
doğrultmuş missiyasıdır.
Yaxın keçmişimizdə,
müstəqilliyin ilk illərində və sonralar baş verən
bir çox hadisələrin lentlərdən və saytlardan
itirilməsinə dair xeyli faktlar mövcuddur. Bunların bir
qismi qayğısızlıqdan baş veribsə, bir hissəsi
də qəsdən törədilib. Qəzetləri isə yox
etmək mümkün deyil! Çünki haradasa, hansı
kitabxanada və ya şəxsi arxivdə qala bilir!
Bütün sadalananları ümumiləşdirsək,
"Qəzetləri itirməklə nələri itirə bilərik”
sualını belə cavablandıra bilərik:
Çap mediasında daim yer tutan
araşdırma və analitik yazılar, jurnalistikanın əsrlər
boyu yaranmış janrlarının mühüm bir qismi,
maarifçiliklə və tarixi keçmişlə
bağlı məqalələr, dövləti və milli
maraqların ardıcıl, sistemli şəkildə müdafiəsi,
milli-mənəvi dəyərlərin qorunması və təbliği,
mətbu sözə olan ənənəvi inam və etibar da qəzetlərlə
birlikdə gedəcəkdir!
Məgər bütün bu keyfiyyətlərinə
görə qəzet yaşamağa layiq deyilmi?!.
Novruzəli nə
gözləyir!
Novruzəli poçt qutusunun
yanında oturub gözləyir...
Yox, xanın məktubunu qutuya
salmayıb.
İtqapan kəndindəki poçt
qutusunun yanını kəsdirib!
Gözləyir ki, nə vaxt
poçtla qəzet gələcək!
Gözləyir...
Amma nə qədər gözləyəcəyini
heç özü də bilmir...
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2019.- 7 mart.- S.1; 5.