Mədəniyyət həm də iqtisadi
inkişafın təminatçısıdır
Prezident İlham Əliyev:
"...əgər biz xalqımızın
əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”
Hər bir ölkənin tarixində, milli dəyərlərinin inkişafında mədəniyyət və incəsənətin xüsusi yeri var. Dövlət nə qədər öz ziyalısını uca tutarsa, mədəniyyət və incəsənətinin inkişafına dəyər verərsə, onun bütün istiqamətlərdə inkişaf potensialı artar, daha sivil, daha yüksək zövqlü cəmiyyətə çevrilmək imkanları yaranar. Bu baxımdan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüş unikal və yaddaqalan vacib tədbir kimi xüsusi əhəmiyyət kəsb edir.
Dövlətin ali simaları ilə mədəniyyət işçilərinin görüşü Azərbaycanda o qədər də nadir təşkil edilən tədbirlərdən deyil. Müxtəlif zamanlarda görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yaddaqalan çoxsaylı görüşlər keçirilib. Geniş formatda keçirilən sonuncu tədbir isə yeni inkişaf mərhələsinə qədəm qoyan, bütün sahələrdə çox ciddi islahatlar həyata keçirən Azərbaycan üçün böyük önəm daşıyır. Əgər ölkəmizdəki islahatları yenilik, sistemli surətdə tətbiq edilən çevik mexanizmlər kimi təsəvvür etsək, əldə olunan yüksək nəticələri ötəri də olsa nəzərdən keçirsək, qısa müddət ərzində humanitar sahədə çox ciddi addımların atıldığını, sosial layihələrın geniş paketinin icrasına başlanıldığını görmək mümkündür. Bu baxımdan mədəniyyət və incəsənətin də qarşısında ölkədə aparılan islahahatların ruhuna müvafiq ideyaların və mövqelərin müzakirəsi və həlli zərurətə çevrilmişdir.
Prezident bu görüşdə mədəniyyətin inkişafında diqqət ayırdığı sahələri sadaladı, Milli Dram, Rus Dram, Gənc Tamaşaçılar və Musiqili teatrların əsaslı təmir olunduğunu, mədəniyyətimizin bütünlükdə paytaxtdan savayı, bölgələrdə də inkişaf etdiyini, rayon mərkəzlərində yeni teatrların tikilməsini, əsaslı təmir olunmasını qeyd etdi. Xatırlandı ki, Bakıda muzeylər tam təmir edilmiş, İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikilmiş, müasir İncəsənət Muzeyi və digərləri fəaliyyətə başlamış, hər bir şəhərdə tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Bununla, Azərbaycana gələn hər bir əcnəbi, eyni zamanda ölkə vətəndaşları istənilən rayonda mədəniyyətimizin müxtəlif nümunələri ilə tanış olmaq imkanını qazanmışlar.
Həmçinin bildirildi ki, bütün ölkə ərazisində dini abidələr əsaslı şəkildə təmir olunmuş, ölkəmizin tarixinə qənirsiz memarlıq nümunəsi kimi həkk edlən yeni məscidlər tikilmişdir.
Tədbirdə dövlət başçısı bundan sonra görüləsi işlər barədə danışmağa mədəniyyət və incəsənət xadimlərini dəvət etdi: "...mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq”.
Bununla, dövlət başçısı öz islahatçı mövqeyini ortaya qoymuş oldu və mədəniyyətin, incəsənətin inkişafının islahatların kökündə dayanmasının vacibliyini diqqətə çatdırdı, gənc nəslin milli ruhda tərbiyəsində, Azərbaycan gəncliyinin inkişafında mədəniyyət və incəsənət xadimlərinin fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsini vurğuladı.
Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği bizə müasir dünya düzənində öz unikallığımızı təsdiq etməyə, digərlərindən fərqli cəhətlərimizi qabartmağa imkan verir. Biz xalq olaraq bənzərsizliyimizi dərk edirik, mənəvi zənginliklərimizlə öyünürük, dövlətimizə daha dərindən bağlanırıq, onun qorunması və inkişafı üçün daha məzmunlu və düşünülmüş addımlar atırıq. Eyni zamanda, öz-özümüzdən soruşuruq: gürcüdən, rusdan, ingilisdən, almandan, ya da çinli və yapondan fərqimiz nədədir? Biz hansı milli keyfiyyətlərimizi cilalamaqla daha böyük iqtisadi uğurlara imza ata bilərik?
Dövlət başçısı mədəniyyət və incəsənət xadimləri ilə görüşündə milli-mənəvi dəyərlərin, mədəniyyətin və incəsənitin ölkənin müstəqilliyinin əbədi təminatçısı rolunu oynamasını da məxsusi qeyd etdi. Öz böyüklüyünü və unikallığını dərk etməyən xalq müasir dünya düzənində də yerini tapmaqda, vacib qlobal məsələlərin həllində fərqli mövqe nümayış etdirmək əzmində olmur və aşınmalara məruz qalır. Prezident belə hesab edir ki, iqtisadi islahatları davamlı surətdə irəli aparmaq, uğurlardan maksimum faydalanmaq üçün bütün ölkədə hər bir vətəndaşın mədəni səviyyəsinin artması, onun düşüncə və davranışlarının müasirləşməsi vacibdir: "Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”. Dövlət başçısı belə hesab edir ki, bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq: "Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2019.- 7 mart.- S.10.