Mədəniyyət cəfakeşi

 

Dünənki bürküdən sonra istinin şaxı sınmışdı. Şimaldan əsən həzin yel ağacların budaqlarını oynadır, yarpaqlara sığal çəkirdi. Həşim Bağdakı gülləri suvardı, pətəkləri gözdən keçirdi. Evə qayıdanda qızı Dilarəni eyvanda dayanan gördü.

- Ata, mən hazıram, - deyə qız gülümsədi.

Kənddən iki kilometr aralıdakı Vizəzəmin orta məktəbinə yola düşdülər. Onları müəllimlər qarşıladılar. Həşimi ilk övladının məktəbə gəlməsi münasibətilə təbrik elədilər. Dilarənin təhsil illəri belə başlandı. Yuxarı siniflərdə oxuyanda məktəb kitabxanasındakı bədii əsərlərin çoxunu mütaliə eləmişdi. Kənd kitabxanasının da fəal oxucusu idi. Atası onun mütaliəyə marağına sevinir, şəhərə yolu düşəndə kitab mağazalarına baş çəkir, yeni əsərlər alıb gətirirdi.

1976-cı ildə Dilarə Fətullayeva orta məktəbi bitirdi. Təhsilini davam etdirmək üçün Bakı Kitabxanaçılıq Texnikumunu seçdi. Texnikumda da müvəffəqiyyətlə oxudu, fərqlənmə diplomu ilə kəndə döndü. Lerik Rayon Mədəniyyət Şöbəsində ixtisası üzrə işlə təmin olundu. İki il sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna verdi. Qəbul imtahanlarından yüksək bal topladı, mədəni-maarif fakültəsinin qiyabi şöbəsində adı tələbələr siyahısına yazıldı.

Dilarə Fətullayevanın vəzifəsi bir pillə yuxarı qaldırıldı, mərkəzi kitabxanaya biblioqraf təyin edildi. İlk əmək fəaliyyətinə başlayan kitabxanaçılara məsləhət verir, əməli kömək göstərirdi. Seminarlarda oxucularla işin təşkili, kənddə kitabın təbliği barədə tövsiyələri, yeni nəşrlər barədə məlumatları maraqla dinlənilirdi.

Rayonda tarix-diyarşünaslıq muzeyinin açılması Dilarəni də sevindirdi. O, bir müddət bu mədəniyyət ocağında baş mühafiz işlədi. Eksponatların toplanmasında fəallığı ilə seçildi. Muzey əşyalarının qorunub saxlanılması, öyrənilməsi, təbliğ olunması missiyasını yerinə yetirdi.

1971-ci ildə diyarşünaslıq muzeyinin uzunömürlülər filialına təyin edildi. Filialın eksponatları darısqal binada yerləşsə də, rayon mərkəzinə güzarı düşən qonaqların və turistlərin diqqətini çəkdi. Uzunömürlülərin həyat tərzi ilə tanış olmağa maraqlar artdı, əməkdaşların məlumatlarından faydalanıb razı getdilər.

2010-cu ilin yayında Lerikin mədəni həyatında yaddaqalan hadisə baş verdi. Dövlət başçısı İlham Əliyev Uzunömürlülər Muzeyinin açılışında iştirak edib xeyir-duasını verdi, eksponatlarla tanış oldu. Ötən il oktyabr ayının 15-də Prezident Lerikdə olarkən bu hadisəni bir daha xatırladı: "Lerikdə Uzunömürlülər Muzeyi də var. Mən səfərlərimin birində muzeylə tanış olmuşam”.

Muzeyin birinci salonundayıq. Şüşənin altındakı Barzavu kəndinin 168 yaşlı sakini Şirəli Müslümova 1937-ci ildə verilmiş pasport diqqətimizi cəlb edir. Pasportdakı 1805 rəqəmi çox aydın görünür, onun doğum tarixidir. Şirəli babaya Vyetnam Respublikasının Prezidenti Xo Şı Minin avtoqrafla göndərdiyi şəkil, haqqında yazılan kitablar, qəzet və jurnal məqalələri, məktublar da tamaşaçıda maraq doğurur.

"Mahmud Eyvazovun adı dünyanın bir çox ölkələrində hörmət və ehtiramla çəkilib, 150 il yaşayıb, xeyirxah işlər görüb. Bağ salıb, qoyun-quzu otarıb, kəndə su çəkdirib. Zəhməti orden və medallara layiq görülüb, haqqında film çəkilib”, - deyə Dilarə xanım bizi ekran qarşısına dəvət edir. Moskva kinematoqrafçılarının 60 il öncə lentə aldıqları film muzeyə hədiyyə verilib. Rus və bolqar dillərində çap olunmuş "Onun 150 yaşı var”, yazıcı Məmmədhüseyn Əliyevin "Dağlar oğlu” romanı da eksponatlar arasındadır.

136 il ömür sürmüş Məcid Ağayev, 120 yaşında haqq dünyasına qovuşmuş Nəni Əhmədova haqqında Dilarə xanımın salonda etdiyi söhbət ovqatımızı təzələyir. Onların şüşə qutularda saxlanan canamazlarını, möhürlərini, təsbehlərini göstərib deyir ki, sovet hökuməti dövründə ağsaqqallarımız, ağbirçəklərimiz əqidəsindən dönməmişlər. Namaz qılmış, oruc tutmuş, adət-ənənələrimizə sadiq qalmışlar.

Başqa bir salonda folklor guşəsi yaradılmışdır. Uzunömürlülərin yaddaşlarında qalan bayatılar, mahnılar, rəvayətlər əməkdaşlar tərəfindən qələmə alınmış, meydan oyunları lentə köçürülmüşdür. Burada uzunömürlülərin əl işləri, geyimləri, qədim əkin və biçin alətləri nümayiş etdirilir. Ağsaqqalların əlindən çıxan cəhrə və beşiklər, ağbirçəklərin toxuduqları tirmə corablar, yun köynəklər xarici turistləri heyran qoyur.

Bir neçə il öncə Fransa milli fotoqraflar qrupunun üzvü Frederik Laşor Lerikin kəndlərini gəzmiş, çəkdiyi şəkillərdən ibarət "Uzunömürlülər diyarına səyahət” adlı fotosərgi hazırlamışdır. Fotosərgi Parisdə və Bakıda nümayiş etdirilmişdir. Fransanın ölkəmizdəki səfiri xanımı ilə Lerikə gəlmiş, 40 şəkildən ibarət albomu muzeyə bağışlamışdır.

Dilarə xanım bizə bir kitab göstərdi. Muzeydə olan qonaqlar, xarici ölkələrdən gələn turistlər təəssüratlarını yazıblar. Livanlı turist Aleksey Lotuna yazır: "Uzun və mənalı ömür sürmək xoşbəxtlikdir. Bu torpağa ayaq basdığıma görə xoşbəxt qoca olacağıma əminəm”. Koreya vətəndaşı David Chotun təəssüratı: "Lerikə gələndən sonra mən də 100 il yaşamaq iddiasındayam. Bilmirəm gücüm çatar, ya yox. Buranın təbiətinə, adamlarına vuruldum”.

Ötən il muzeyə 1900 nəfər tamaşaçı gəlmiş, burada bir neçə tədbir keçirilmişdir. Eksponatların sayı 1300-ə çatdırılmışdır.

Dilarə Fətullayeva rayonda yaşayan 110 uzunömürlü barədə məlumat toplamışdır. O, bayramlarda, ad günlərində ağsaqqallarla, ağbirçəklərlə görüşür, onların mənzil-məişət şəraiti ilə maraqlanır, ehtiyacları barədə təşkilatlara məlumat verir. Muzey işçiləri Novruz bayramı ərəfəsində Racı İbrahimovanın 105 illik, Ağabəyim Polad qızının və Tuğra Rəsul qızının 100 illik yubileylərini qeyd etməyə hazırlaşırlar.

Dilarə Lerik şəhərində tanınmış Həşimovlar ailəsinin gəlinidir. Həyat yoldaşı Etibar Vahid oğlu təcrübəli təbibdir, əməkdar həkimdir. Onlar iki övlad böyüdüblər. Oğlu Nizami Türkiyədə təhsil alır, atasının peşəsini seçib, bu il universiteti bitirəcək.

Dilarə xanım fəal ictimaiyyətçi qadındır. Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları rayon komitəsinin sədridir. Rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvüdür. Uzun illər səmərəli fəaliyyətinə görə 2018-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu yaxınlarda mədəniyyət işçiləri onu 60 illik yubileyi münasibətilə təbrik etmişlər. Ölkəmizin müxtəlif guşələrindən peşə dostlarından, tanışlardan məktub və teleqramlar almışdır. Biz də bu təbrikə qoşuluruq.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2019.- 8 mart.- S. 7.