Tarixi qədim səhnə sənəti

 

Mart həm də bəşəriyyətdə teatrsevərlərin bayram ayıdır

 

Milli-mənəvi sərvətlərimizdən sayılan folklor nümunələrinin yaşının minilliklərlə ölçülməsi heç də təsadüfi deyil. Xalq xeyir-şərlə bağlı adət-ənənələrini məhz özünün mədəniyyət nümunələri sayılan sənətlərdə yaşadıb.

Teatrın tarixi, əlbəttə, peşəkar səhnənin yaranması ilə ölçülə bilməz. Xalq teatrlarından öncə yaranmış məzhəkə və meydan tamaşaları teatrın rüşeymləri və qığılcımları kimi onun ilkinliyini qoruyub saxlamaqda bu gündavam edir. Bunu, təbii ki, folklor nümunələrində də görmək mümkündür.

Onu da qeyd edək ki, 1961-ci il mart ayının 27-də UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresi səhnə sənətinin tarixinə əlamətdar gün kimi yazılıb. O zaman qəbul edilən qərara əsasən hər il mart ayının 27-si Beynəlxalq Teatr Günü kimi qeyd edilir. Əslində, mart həm də bəşəriyyətdə teatrsevərlərin bayram ayıdır. Azərbaycan milli teatrının inkişafı bir sıra digər amillərdə də özünün təsdiqini tapıb. UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun konqresinin Bakıda keçirilməsi də məhz Azərbaycanın təkcə mədəniyyətinin deyil, həmçinin iqtisadiyyatının da bugünkü tərəqqisinin ifadəsidir.

Əsrlərdir ki, həyat hadisələrinin bədii ifadəsi olduğunu təsdiqləyən səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablanır. Bünövrəsi hələ meydan tamaşalarından qoyulanbu günə qədər gəlib çıxan bir sıra folklor nümunələri ("Maraloyunu”, "Zopu-zopu”, "Kilimarası”, eləcə də Novruz bayramı şənliklərində göstərilən "Kosa-kosa”, "Qodu-qodu”, həmçinin digər tamaşa və məzhəkələr) var ki, onlar səhnə sənətinin rüşeyimləri sayılıb.

Xalqımızın ulu öndəri Heydər Əliyevin Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı söylədiyi fikirlər zamanlar keçsə də, öz aktuallığını həmişə qoruyub saxlayacaq: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”.

Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarlarımızın fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla insanın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, adətləri, inamları, idealları, arzu və istəkləri M.F.Axundzadə, S.S.Axundov, N.B.Vəzirov, Ə.B.Haqverdiyev, eləcə də S.Ruhulla, H.Sarabski, H.Ərəblinski, M.A.Əliyev, M.Sənani, F.Qədri, M.Kələntərli, İ.Osmanlı, A.Gəraybəyli, R.Əfqanlı, L.Abdullayev, B.Səfəroğlu, Y.Vəliyev, B.Şəkinskaya, C.Cəfərov, S.Rzayev, L.Bədirbəyli, H.Qurbanova, H.Turabov, N.Məlikova və digərlərinin yaradıcılığında təcəssüm etdirilib.

Şərəfli və keşməkeşli tarix yaşamış Azərbaycan milli teatrı müxtəlif siyasi, ictimai, mədəni mərhələlərdən keçib. Yarandığı vaxtlardakı ilk yaradıcılar, həvəskarlar teatra can yanğısı ilə yanaşıblar.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, respublikanın xalq artisti Azərpaşa Nemətovun qənaətincə, M.F.Axundzadənin "Lənkəran xanının vəziri” və "Hacı Qara” komediyaları ilə pərdələrini geniş tamaşaçı üzünə açan Azərbaycan milli teatrı qarşısına qoyduğu məqsədə çatmaq üçün heçhamar olmayan yollar keçib, siyasi cərəyanların bir-birini əvəz etməsindən meydana çıxan məşəqqətlər də yaşayıb. Lakin xalqımızın mədəniyyət, o cümlədən milli teatr tarixindən görünür ki, tamaşaçı məhəbbəti, sənətə bağlılıq qarşıya çıxmış bütün çətinlikləri aradan qaldırmaqla həyat hadisələrini səhnəyə daha böyük sevgi və şövqlə gətirib.

XIX əsrin 70-80-ci illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən səhnə sənəti həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında toplaşmağa başlayıblar. Ona görə də Bakının teatr həyatı XIX əsrin 80-ci illərinin sonlarına doğru yenidən canlanıb. Demək olar ki, bu da müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olub. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq ediblər. Onlar həmin dəstəni xeyli qüvvətləndirib truppa halına salıblar. Bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlayıb.

Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqünün formalaşmasında, maarifləndirmənin sürətləndirilməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların carçısına çevrilib.

Mədəniyyət tarixinin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyinin bərpasından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Məhz Azərbaycan milli teatrına dövlət və xalq məhəbbətinin təzahürüdür ki, yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri genişlənir. Bu isə Avropa və Şərqdə mədəniyyətimizin təbliğində mühüm vasitələrdən biridir. Respublikadakı 27 dövlət, həmçinin bələdiyyə, uşaq və özəl teatrların səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlara hər cür qayğı göstərilir.

"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamında milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan milli teatrının tarixi keçmişibugünkü vəziyyəti barədə söz açarkən unutmamalıyıq ki, onların bəziləri erməni vandalizminin qurbanlarına çevrilib. İrəvan, Şuşa, Ağdam, Füzuli dövlət dram teatrlarının kollektivləri ötən müddət ərzində qaçqınlıq-köçkünlük ağrılarını daşımaqla yanaşı, düşmənin mənfur, çirkin siyasətinin ifşasının bədii ifadəsini tapmaq üçün yaradıcı potensialından səmərəli istifadə edib.

Lakin müxtəlif yerlərdə, sadəcə, uyğunlaşdırılmış şəraitdə tamaşalar hazırlayan Füzuli Dövlət Dram Teatrı yenidən Horadiz şəhərinə qayıdaraq fəaliyyətini doğma yurd yerində bərpa edib. Ağdam, Şuşa, İrəvan dövlət dram teatrlarının öz fəaliyyətlərini davam etdirmələri, təbii ki, mədəniyyətimizə dövlət qayğısının təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin teatr xadimlərinin xahişinimövcud durumu nəzərə alaraq, teatrların inkişafına əlavə dəstək verən, martın 4-də imzaladığı yeni sərəncam da bünövrəsi meydan tamaşalarından qoyulan bu sənətin uzunömürlülüyünə xidmət edəcək. Həm də ona görə ki, bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, xalqın özüdür. Xalq isə özünün tarixi keçmişini yaşatmaqda mühüm vasitə rolu oynayan mədəniyyət və incəsənətin inkişafı yolunda daim mübarizələrdən keçib. Bu bayramın mart ayında keçirilməsinin isə xüsusi əhəmiyyəti var. Çünki Novruz tədbirləri də folklor nümunələri sayılan meydan tamaşaları və məzhəkələrlə daha çox yaddaqalan olur.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 10 mart.- S. 6.