Sürgündə dünyasını dəyişdi
Yaddaşın mühakiməsi
Ölkə Prezidentinin sərəncamı ilə ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi respublikamızda, eləcə də yaxın və uzaq xarici ölkələrdə təntənə ilə qeyd olundu və proses bu gün də davam edir. Həmin təntənələrdə Azərbaycanın milli dövlətçilik tarixində payı olan cümhuriyyətçilər anılır, tarixin qaranlıq səhifələrinə genişliyi ilə işıq salınır.
"Cümhuriyyət ili” kimi yadda qalan 2018-ci ildə hər kəs milli dövlət quruculuğunda əməyi olan neçə-neçə istiqlalçı ilə yaxından tanış oldu. Belə istiqlalçılardan biri də ömür yolu müasir gəncliyə örnək olan Azərbaycanın ilk hüquqşünası, professor, ictimai xadim Mustafa ağa Vəkilovdur.
Dövrünün parlaq simalarından olan Mustafa ağa Məmməd ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Qazax qəzasının Salahlı kəndində dünyaya göz açıb. Orta təhsilini Tiflisdə Birinci oğlanlar gimnaziyasında alıb. Onun gimnaziyada oxuduğu müddətdə linqvistik istedadı üzə çıxıb. O, fransız, alman, latın dillərini əla qiymətlərlə oxumuş, gimnaziyanı medalla bitirmişdir. Gimnaziyanı bitirən ili Qafqaz cəbhəsi müsəlman qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində işləmiş, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi vəzifəsində çalışmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də keçirilən iclasında Bakı Dövlət Universitetinin təsis olunması və hökumətin təklifinə əsasən bu sahədə milli kadrların hazırlanması üçün 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrə göndəriləndə Mustafa ağa Vəkilov da həmin gənclərin sırasında olmuşdur. O, Paris Universitetinə göndərilmiş və təhsilini hüquq sahəsində davam etdirmişdir.
1920-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən süquta uğradıldıqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin maliyyə problemi ortaya çıxır. Bu zaman Mustafa ağa Vəkilov universitetin ikinci kursunda oxuyurdu. Mövcud çətinliklərə baxmayaraq, o, universiteti uğurla bitirir və hüquq magistri elmi dərəcəsi alır.
Mustafa Vəkilov Parisdə təhsilini başa vuraraq Moskvaya - Kremlə gəlmiş, orada MİK sədri N.Nərimanovla görüşmüşdür. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif etmişdir. O, bu təklifi qəbul etməmiş və 1924-cü ildə Bakıya qayıtmışdır. O zaman hüquq sahəsi üzrə magistr dərəcəsinə sahiblənən və bir neçə xarici dildə sərbəst danışan Vəkilov bolşeviklərə də lazım idi. Bu səbəbdən o, Bakıda Konyuktor Bürosunda əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləmişdir. 1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunmuşdur. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttiş-təlimatçı, eyni zamanda xüsusilə mühüm işlər üzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışmışdır. Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə edilmişdi. 1928-ci ildə o öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunmuşdur.
Mustafa ağa Vəkilov 30 aprel 1927-ci ildə öz bibisi qızı Müqəddəsnisə ilə ailə qurmuş, bu izdivacdan onların Çingiz adında oğlu, Nigar adında qızı olmuşdur.
Mustafa ağa Vəkilov 1927-ci ildən pedaqoji və elmi fəaliyyətlə məşğul olmuşdur. Əvvəl Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində dərs demiş, bir müddət sonra AzDETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına qəbul olunmuşdur. 1930-1931-ci tədris ilinin sonlarında aspiranturanı bitirib (aspiranturanın ilk buraxılışı) dosent dərəcəsi almışdır.
Mustafa ağa Vəkilov 1935-ci ildə Azərbaycan SSR Konstitusiyasının türk mətninin redaktoru olmuşdur. O, eyni zamanda tərcümə və redaktə işlərinə böyük maraq göstərmişdir. 1935-ci ildə dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq təsərrüfat-hüquq kafedrasının professoru olmuşdur. Beləliklə, o, Azərbaycanda hüquq professoru adını almış ilk azərbaycanlı alim olmuşdur.
1937-ci il repressiyaları zamanı Azərbaycan ziyalıları hədəfə götürüləndə Mustafa ağa Vəkilov da diqqətdən yayınmayıb. 1937-ci il noyabrın 21-i gecəsi Mustafa ağa Vəkilovun evində axtarış apararaq onu həbs edirlər. Mənzilində Firidun bəy Köçərlinin (Badisəba bibisinin əri) Azərbaycanın müxtəlif regionlarından min bir əziyyətlə topladığı folklor nümunələri götürülür. Mustafa ağa Vəkilovun istintaqı XDİK DTİ-nin 4-cü şöbəsi 6-cı bölməsinin əməliyyat müvəkkili, qəlbi şimal buzundan da soyuq olan Haqverdiyevə həvalə olunur.
"Cinayət işi”ndəki dindirmələrdən məlum olur ki, sorğu-suallar, işgəncələr qəsdən aylarca davam etdirilib. Müstəntiqlər Mustafa ağanın anasının Tehranda yaşayan qardaşı və onun siyasi baxışları ilə maraqlanırlar. Ona qarşı irəli sürülən əsas ittiham bundan ibarət idi ki, Mustafa Vəkilov "əksinqilabi millətçi təşkilatın üzvüdür, onu bu işə hüquq fakültəsinin keçmiş dekanı Quliyev Məcid cəlb etmişdir”.
Onu tələbələr arasında əksinqilabi iş aparmaqda, onların beyninə Azərbaycanın əsarətdə olduğu, ölkənin sərvətlərinin talanıb aparıldığı, ruslaşdırma siyasəti yeridildiyi haqqında fikirlər doldurmaqda ittiham edirlər. Lakin bunun üçün əldə maddi sübut yox idi. Ondan "bəli, siz deyəndir” təsdiqi ilə hər şeyin etirafına çalışırdılar. İnstitutun bəzi müəllimlərindən onun əleyhinə alınan ifadələrdə göstərilirdi ki, guya Mustafa Vəkilovun mühazirələri qəlizdir, ruscadan bir kitab belə tərcümə etməyib, onun rəhbərliyi altında müdafiə edən Baratzadə dissertasiyasında burjua inqilabının rolunu düzgün izah etməyib, buna görə zalda olan tələbələr hay-küy salmışlar, Vəkilov ictimai işlərə əhəmiyyət vermir, kütlələrdən qaçır, kafedraya yaxşı rəhbərlik etmir, zaçot vaxtı azərbaycanlı tələbələrə aşağı qiymət yazır, onlar bundan narazı qalıblar və s.
NKVD zirzəmisində kamera yoldaşları onu böyük ehtiramla "professor” deyə çağırırdılar. Mustafa müəllim dindirilərkən özünü mərdanə aparır, ittihamları cəsarətlə rədd edirdi.
İl yarım çəkən məşəqqətli məhbəs həyatından, heç nəyi sübut edə bilməyən üzücü istintaqlardan sonra Mustafa ağa Vəkilov 1939-cu ilin martında edamlar, güllələnmələr dalğası zamanı nisbətən yüngül cəza ilə canını qurtara bilir. 1941-ci il yanvarın 25-də XDİK yanında keçirilən Xüsusi Müşavirədə Mustafa Vəkilov "antisovet-millətçi təşkilatda iştirakına görə” cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilir. Ömrünün və pedaqoji fəaliyyətinin dəyərli illərini sürgündə keçirən Mustafa ağa Vəkilov cəza müddətini bitirsə də, vətənə dönə bilmir. O, son məktubunda bu barədə yazırdı:
"Əzizim Müqəddəsnisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa...”
Lakin təəssüflər olsun ki, ilk hüquq professoru Mustafa ağa Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edir.
Sürgündə dünyasını dəyişən Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Məmməd ağa oğlu Vəkilova 27 dekabr 1955-ci ildə bəraət verilir.
Rəhman SALMANLI
Azərbabycan.-
2019.- 10 mart.- S.7.