Uydurulmuş cinayətin amansız cəzası

 

Tarixin izi ilə

 

Repressiyaya uğramış Azərbaycan ziyalıları içərisində maarif komissarı Məmməd Cuvarlinski 33-cü idi. Onu Moskvada iyunun 25-də həbs edirlər. İyulun 8-də isə xüsusi mühafizə ilə Bakıya gətirilir və təkadamlıq ayrıca kamerada yerləşdirilir. Məhbusun Bakıya gətirilməsi çoxlarını sevindirir.

İlk növbədə M.Bağırovun əmri yerinə yetirilmiş olur. Sumbatov dərhal Bağırovun adından Baş İstintaq Qərargahına əmr verir ki, Cuvarlinski ilə hər cür rəftar etmək olar. Bütün müstəntiqlər "qatı cinayətkara” qarşı cəzaların tədbirinə başlayırlar.

Cuvarlinskinin günahı nə idi? Məsələnin bütün mahiyyəti onun həbsxanadan Stalinə yazdığı məktubda açılıb göstərilir: "1936-cı ilin dekabrında Azərbaycan KP(b) MK-nın plenumunda respublika rəhbərliyinin yarıtmaz işini, nöqsanlarını tənqid etmişdim. Bu çıxışım Bağırovun etirazına səbəb olmuşdu. Elə həmin vaxtdan mən açıqca təqibə məruz qaldım.

1937-ci il martın 14-də Sovetlər qurultayının partiya qrupunda çıxış edərək Azərbaycan SSR-in Konstitusiya layihəsinə bəzi düzəlişlər etdim. O zaman M.Bağırov əleyhimə qalxaraq məni "qatı millətçilikdə” günahlandırdı. 1937-ci il martın 19-da plenum Bağırovun təklifi ilə məni MK-nın bürosundan, martın 20-də partiya işindən xaric etdi. Bütün bu çirkinliyə dözməyib Moskvaya gəldim və Malenkovun qəbuluna düşəcəyim günü gözlədim. Onun qəbulunda 1937-ci il iyunun 27-si və ya 28-i olmalı idim. Lakin iyunun 25-də gecə SSRİ XDİK-in nümayəndələri mənzilimə gəlib məni həbs etdilər. Artıq altıncı gündür ki, Butirski həbsxanasındayam...”

Əvvəllər heç bir günahı olmayan Məmməd Cuvarlinski ona qarşı əvvəlcədən hazırlanmış uydurma faktlara inadla etirazını bildirir və "yoldaş Stalinə” yazdığı məktubdan xəbər gələcəyinə ümid edirdi. Cavabdan isə səs-soraq yox idi...

"Günah”ını boynuna almaq üçün M.Cuvarlinskiyə olmazın işgəncələr verilir.

1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası onu ən ağır cəzaya - güllələnməyə məhkum edir.

 

Azərbaycan.- 2019.- 10 mart.- S.7.