Gülarə Qədirbəyovanın maarifçilik fəaliyyəti
antisovet təbliğatı kimi qələmə verildi
Xalq arasında və mətbuat aləmində Köylü qızı Gülarə təxəllüsü ilə tanınan jurnalist, müəllim, qadın azadlığı hərəkatı uğrunda fəal mübariz olan Azərbaycanın ziyalı qızının həyatını da repressiya dalğaları çıxılmaz burulğanlara yuvarlatmışdı.
Köylü qızı 1932-1937-ci illərdə Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunun direktoru vəzifəsində çalışırdı. G.Qədirbəyova zamanın və taleyin verdiyi fürsətdən istifadə edərək maarifin inkişafı, pedaqoji kadrların artırılması, əhalinin siyasi cəhətdən savadlanması naminə çalışırdı. Bu prosesdə onun özü də püxtələşərək kamil bir şəxsiyyətə çevrilirdi. Lakin dövrün sərt olayları elə bir həddə gəlib çatmışdı ki, repressiya maşını işləyir, kimin desən, həyatını yarımçıq kəsirdi. Qədirbəyova da həmin minlərdən biri oldu. Onun əksinqilabi-millətçi təşkilatın üzvü kimi şərlədilər. "Dəlil-sübut” isə "Bir sarayın tarixi” adlı kitab oldu.
M.Bağırov "tamamilə məxfi” qrifi ilə Sumbatova yazırdı: "Qədirbəyovanın işi ilə əlaqədar əvvəl göndərilmiş materiallara əlavə olaraq bütün məktub və ərizələri sənə yollayıram. Bu işi ümumiləşdirin və lazım olduğu kimi axıra qədər təhqiq edin, görün, onun ətrafına toplaşan iyrənc yığıncağa gələn naməlum, şübhəli, Qədirbəyova və ifşa olunmuş xalq düşmənləri, keçmiş yazıçılarla əlaqədar olan adamlar kimlərdir”.
1938-ci il iyulun 23-də Köylü qızının həbs olunması üçün order verilir, iyulun 26-da İsmayıllı rayonunun Basqal kəndinə anasının dəfninə gəlmiş Gülarəni elə oradaca həbs edirlər.
Həbs ediləndə 35 yaşı vardı. Köylü qızı haqqında deyilənlərin və yazılanların hamısı böhtan idi.
1939-cu ilin martında G.Qədirbəyova
guya antisovet təşkilatında iştirak etdiyinə görə
həbs düşərgəsinə sürgünə göndərilir.
Elə sürgündəcə həlak olur.
Azərbaycan.-
2019.- 10 mart.- S.7.