“Solovki”
Ölüm təcridxanası
1718-ci ildən fəaliyyət göstərən Solovki monastır həbsxanası Rusiya hökmdarının iradəsinə zidd hərəkətlər edən pravoslav iyerarxların, yeretiklərin və sektantların təcrid yeri olmuşdur. Təxminən 200 il fəaliyyət göstərən həbsxana 1903-cü ildə bağlanmışdır.
1919-cu ildə Ümumrusiya Fövqəladə Komissiyası (ÜFK) Arxangelsk quberniyasında - Pertominsk, Xolmoqorı qəsəbələrində və Arxangelsk şəhəri yaxınlığında bir neçə məcburi islah əmək düşərgəsi təsis etmişdir. 1921-ci ildə bu düşərgələr Xüsusi Təyinatlı Şimal Düşərgələri (SLON) adlandırılmışdır.
1923-cü ilin əvvəlində ÜFK-ni əvəzləmiş Dövlət Siyasi İdarəsi (DSİ) Solovki arxipelaqında Şimal düşərgələrinin sayının artırılmasını təklif etmişdir. Artıq iyul ayında ilk məhbuslar Arxangelskdən Solovki adasına göndərilmişdir.
1923-cü il oktyabrın 13-də DSİ-nin Şimal düşərgələri ləğv olunmuş və onların bazasında Xüsusi Təyinatlı Solovki Məcburi İşlər Düşərgələri İdarəsi (USLON) yaradılmışdır. Monastırın bütün əmlakı onlara verilmişdir.
1927-ci il oktyabrın 1-nə olan məlumata görə, təkcə bu düşərgədə 12896 məhbus saxlanılırdı. Kim idi bu məhbuslar? Rusiya zadəganları, başqa millətlərdən olan görkəmli şəxsiyyətlər, Avropanın müxtəlif ölkələrində təhsil almış ziyalılar, sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparan, ona kor-koranə inanan bütün adamlar, digər partiyaların, hətta yeni hakimiyyətə loyal münasibət bəsləyən təşkilatların üzvləri, üstəlik, yaxşı yaşadıqlarına görə günahlandırılan minlərlə günahsız kəndli.
Məhbuslar arasında Azərbaycan xalqının da ən yaxşı oğulları var idi. Təkcə Müsavat Partiyasının yüzlərlə üzvü dəfələrlə bu düşərgələrə sürgün edilmişdilər.
Düşərgənin mövcudluğu dövründə orada təxminən 7500 nəfər həlak olmuşdur. Onlardan 3500 nəfəri 1933-cü il aclıq dövründə dünyasını dəyişmişdi. Tədqiqatçıların yazdıqlarına görə, təkcə 1928-ci ildə dəmiryolu çəkilərkən 8 kilometrlik ərazidə 10 minə yaxın ukraynalı və Don kazakı ağır iş şəraiti üzündən həyatlarından olmuşlar.
"Siyasilərin” işgəncələri daha
ağır olurdu...
1930-cu illərin əvvəllərində SSRİ-nin "cinayətkarlarla” siyasəti həbs düşərgəsində məhbusların əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. "Böyük təmizləmə” dönəmində kütləvi həbslər yüz minləri keçdi. 1931-1932-ci illərə aid arxivlər QULAQ düşərgələrində təxminən 200 min məhbusun olduğunu göstərirdi. 1935-ci ildə bu düşərgələrdə 800 min, koloniyalarda isə 300 min nəfərin saxlanıldığı bildirilirdi. Düşərgələr iki əsas tipə bölünürdü: CK-nın xüsusi məqsədli düşərgələri və məcburi əmək düşərgələri.
Məcburi əmək düşərgələrində, o cümlədən Solovkidə gərgin əmək, zəif qidalanma, dözülməz yaşayış şəraiti, yüksək ölüm faizi ölkəni bürümüş epidemiyaya bənzəyirdi. Solovki düşərgələrinin tarixinin tədqiqatçısı Yuri Brotski yazır ki, orada məhbuslara qarşı müxtəlif işgəncələr və alçaltma üsulları tətbiq edilirdi. Dustaqları iri sal daşları, ağır taxta-şalban yükünü tək daşımağa məcbur edirdilər. "İnternasional”ı bərkdən, qışqıra-qışqıra beş-altı saat ardıcıl olaraq onlara oxutdururdular. Əgər məhbuslardan biri oxumurdusa, iki-üç nəfəri elə yerindəcə öldürürdülər. Bundan sonra hətta onları ayaqüstə qışqıra-qışqıra oxumağa məcbur edirdilər. Bu işgəncələr çox vaxt gecələr, yaxud da ən sərt havada, şaxtada həyata keçirilirdi. Məhbuslar saatlarla adada oturub qağayıları saymalı olurdular. Onlar bir neçə saat yerində addımlamalı idilər. Məhbuslara fasiləsiz olaraq odun daşıtdırırdılar. Yorulmaq, ağrı-acı çəkmək qadağan idi. Səsini çıxaran məhbus əsgər tüfənginin ağır zərbəsinə tuş gəlirdi. Bu vəhşilikləri xüsusi adamlar həyata keçirirdilər. Polşalı məhbuslara qarşı isə xüsusi qəddarlıq göstərirdilər.
"Solovki” on il fəaliyyət göstərmişdi
1929-cu ildə yazıçı Maksim Qorki Solovkiyə gəlmiş, məhbusların yaşayışı ilə tanış olmuşdur. Yazıçı bu ölüm düşərgəsindən qayıtdıqdan sonra "Solovki” adlı oçerk yazmışdır. Bu oçerkdə yazıların reallığa uyğun olanları da vardı, olmayanları da.
Solovki düşərgəsinin yaradılmasında iştirakı olanların bir çoxu sonradan müəyyən günahlarına görə güllələnmiş, yaxud həbsə atılmışdır: Solovki düşərgəsinin təşkilinin təşəbbüskarı olan Arxangelsk vilayətinin siyasi xadimi İvan Vasilyeviç Boqovoy güllələnmişdir; Solovki üzərində qırmızı bayrağı qaldıran şəxsin özü həbs olunaraq bu düşərgəyə sürgün edilmişdir; düşərgənin ilk rəisi A.Noqtev 15 il müddətinə azadlıqdan məhrum olunmuş və Moskvada vəfat etmişdir; düşərgənin ikinci rəisi F.Exmans ingilis casusu kimi, digər rəisi Apeterdə güllələnmişlər.
1933-cü ilin dekabrında düşərgə buraxılmış, onun əmlakı Belomor-Baltika düşərgəsinə verilmişdir. Sonradan Solovkidə həmin düşərgənin bölmələrindən biri yerləşdirilmişdir. 1937-1939-cu illərdə isə Xüsusi Təyinatlı Solovki Həbsxanası fəaliyyət göstərmişdir.
İradə ƏLİYEVA
Azərbaycan.-
20198.- 10 mart.- S. 7.