Azərbaycan Respublikasında teatr və konsert müəssisələri
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsünlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
3.1. bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin;
3.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 mart 2019-cu il
Azərbaycan.-
2019.-12 mart.- S.1.