Dəyərli alim ömrü
Azərbaycan iqtisad elminin görkəmli nümayəndələrindən biri, vətəndaş-alim akademik Asəf Abbasqulu oğlu Nadirov yaşasaydı 90 yaşı tamam olacaqdı. 1929-cu il mart ayının 13-də qədim və zəngin tarixi, mədəniyyət və çox əsirlik dövlətçilik ənənəsi olan Naxçıvanın Şərur bölgəsinin Cəlilkənd kəndində pak əməlləri, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə dərin hörmət qazanmış, el ağsaqqalı Abbasqulu kişinin ailəsində dünyaya göz açmışdı.
Ağlı, zəkası və zəhmətsevərliyi ilə Azərbaycan Elmlər Akademiyasında çalışdığı 62 il ərzində pillə-pillə yüksələrək kiçik elmi işçi vəzifəsindən AMEA-nın akademik-katibi vəzifəsinə, coğrafiya elmləri namizədliyindən iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi kimi yüksək vəzifəyə, elmi adlara və rütbələrə yiyələnmişdir. O, yüksəldikcə sadələşmiş, xalqının və bütün dost-tanışlarının sevimlisinə çevrilmişdir.
Professor Asəf Nadirov bütünlüklə həyatını doğma Azərbaycanın elminə və təhsilinin inkişafına sərf etmişdir. O, 1936-cı ildə Yenkicə kəndindəki orta məktəbə daxil olmuş və 1946-cı ildə oranı bitirib Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə qəbul olmuşdur. 1951-ci ildə universiteti əla qiymətlərlə başa vuran Asəf Nadirov coğrafiya kafedrasında assistent vəzifəsində saxlanmışdı. Ancaq az sonra o, gənc mütəxəssis kimi diqqəti cəlb etmiş və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti yanında respublika inzibati-ərazi bölgüsü üzrə məsləhətçi vəzifəsinə irəli çəkilmişdir. 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun aspiranturasına daxil olmuş və 1953-cü ildə təhsilini davam etdirmək üçün Moskva şəhərinə - SSRİ Elmlər Akademiyası Coğrafiya İnstitutuna ezam olunmuş Asəf Nadirov görkəmli alimlərin çalışdığı bu elm ocağında coğrafiyanın sirlərinə yiyələnmiş və 1956-cı ildə həmin ali təhsil müəssisəsində "Naxçıvan MSSR: iqtisadi-coğrafi səciyyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Gənc mütəxəssis elə həmin il Bakı şəhərinə qayıtmış və bir müddət Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində işlədikdən sonra Akademiyanın İqtisadiyyat sektoruna kiçik elmi işçi vəzifəsinə işə keçərək, burada elmi fəaliyyətə başlamış və ömrünün sonunadək bu elm ocağı ilə əlaqəsini kəsməmişdir.
Akademik A.Nadirov bütün bu vəzifələrdə işləyərkən böyük elmi-yaradıcılıq qabiliyyətinə malik olduğunu sübut etmiş, geniş ictimai-siyasi və təşkilati iş aparmış, elmi kadrların seçilməsi, hazırlanması və yerləşdirilməsində müstəsna rol oynamışdır. Akademik, eyni zamanda,1996-2006-cı illərdə ictimai əsaslarla Azərbaycan EA İqtisadiyyat İnstitutunda regionların inkişafı ilə bağlı şöbədə yerinə yetirilən elmi-tədqiqat işlərinə elmi rəhbərlik etmişdir. O, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.
Akademik hələ iqtisadi coğrafiya sahəsindəki tədqiqat əsərlərinə görə SSRİ Coğrafiya Cəmiyyətinin fəxri fərmanı, fəxri diplomu ilə təltif edilmiş, SSRİ Coğrafiya Cəmiyyətinin VIII Qurultayına nümayəndə seçilmişdir. Ancaq A.Nadirovun bütün elmi yaradıcılıq fəaliyyətinin ana xəttini Azərbaycan sənayesinin inkişafı, onun sahə və ərazi quruluşunun təkmilləşdirilməsi və səmərəliliyi təşkil etmişdir.
Akademik A.Nadirov hələ özünün ilk tədqiqatlarında respublikada ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün geniş təbii imkanların, əmək resurslarının, əhalinin böyük istehsal təcrübəsi və tarixi ənənələrinin mövcud olduğunu əsaslandırmışdır. Azərbaycanda qənd istehsalının yaradılması ideyasını da ilk dəfə A.Nadirov irəli sürmüşdür.
Keçən əsrin 60-cı illərinin əvvəllərində A.Nadirovun rəhbərliyi və fəal iştirakı ilə Azərbaycanın yeyinti sənayesinin inkişafı və onun ölkə ərazisində düzgün yerləşdirilməsi problemləri kompleks halında tədqiq olunmuşdu.
Apardığı gərgin elmi-tədqiqat işlərinin nəticəsi olaraq A.Nadirov 1968-ci ildə "Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” mövzusunda elmlər doktorluğu dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Həmin dissertasiya işində irəli sürülüb və əsaslandırılmış elmi müddəalar, təklif və tövsiyələrin bir çoxu istehsalatda öz tətbiqini tapmış və bu gün də öz aktuallığını itirməmişdir. A.Nadirov keçən əsrin 70-ci illərində öz tədqiqatlarını daha da dərinləşdirmiş və 1976-cı ildə nəşr etdirdiyi "Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” adlı böyük həcmli monoqrafiyasında ümumiləşdirmişdir.
A.Nadirov həmin əsərində respublikadaxili iqtisadi rayonlarda sənayenin inkişaf səviyyəsinin müəyyən edilməsi metodikasını, sənaye sahələrinin iqtisadi təyinatına görə qruplaşdırılması və inkişaf səviyyəsinin müəyyən edilməsi üsullarını vermiş, iqtisadi rayonlarda sənayenin gələcəkdə daha səmərəli yerləşdirilməsi və inkişafı üçün elmi, təcrübəvi və əhəmiyyəti olan bir sıra təklif və tövsiyələr irəli sürmüşdür. Keçən əsrin 90-cı illərinin əvvəllərində isə respublikanın iqtisadi rayonlaşmasının təkmilləşdirilməsi məsələsi A.Nadirovun yaxından iştirakı ilə Azərbaycan EA İqtisadiyyat və Coğrafiya İnstitutlarının, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin və başqa müvafiq elm və tədris müəssisələrinin yüksəkixtisaslı mütəxəssisləri ilə birlikdə müzakirə olunmuş və bir sıra təkliflər verilmişdir.
Alimin tədqiqat əsərlərində respublikada sənayenin tarixi inkişaf mərhələləri də müəyyən edilmiş və müxtəlif xarakterli zəngin statistik materialların sistem halında təhlili əsasında hər bir mərhələdə onun ərazi üzrə yerləşməsi və inkişafı vəziyyəti qiymətləndirilmişdir. Müəllif belə bir həqiqəti sübut etmişdir ki, Azərbaycan sənayesinin iqtisadi rayonlarda inkişafında əsas irəliləyiş Böyük Vətən müharibəsindən sonrakı dövrdə, xüsusilə də keçən əsrin 70-80-ci illərində baş vermişdir.
Onun əsərlərində respublika sənayesinin yaxın və uzaq gələcəkdə iqtisadi rayonlar üzrə daha dərindən ixtisaslaşması və optimal yerləşdirilməsi istiqamətləri işıqlandırılan əsərlərində bu problemlə bağlı bir sıra məsələlərin həllinə aid mülahizələr öz dolğun əksini tapmışdır. O, keçən əsrin 80-ci illərində "Azərbaycan SSR-də Elmi-Texniki Tərəqqinin Kompleks Proqramı və onun sosial-iqtisadi nəticələri”nin işlənib hazırlanmasının əsas rəhbərlərindən və icraçılarından biri olmuşdur.
O, keçən əsrin sonlarında bir sıra əsərlərində Azərbaycan iqtisadiyyatının düşdüyü dərin böhranlı vəziyyətin təhlilinə, onun səbəbləri və xarakterinin açılmasına xüsusi yer vermişdir. Ömrünün son illərində apardığı elmi-tədqiqat işlərində, dövri mətbuatda çap etdirdiyi məqalə və nəşr olunan kitablarında Azərbaycanın gələcək iqtisadi inkişafına bir baxış, iqtisadi islahatların Çin yolu, mülkiyyət münasibətlərinin formalaşması, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, bu istiqamətdə neft müqavilələrinin mahiyyət və əhəmiyyətinin açılması, iqtisadiyyatın gələcək inkişaf yollarının müəyyənləşdirilməsi, iqtisadi islahatlar sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilməsi və sair aktual məsələlər mühüm yer tutmuşdur.
Akademik Asəf Nadirovun 2001-ci ildə çap edilmiş "Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri” adlı monoqrafiyası, həmçinin "Azərbaycan iqtisadiyyatı” (Kollektiv monoqrafiya. Xaricdə yaşayan azərbaycanlılar üçün) adlı kitab da maraqlı tədqiqat əsəri kimi diqqəti cəlb edir.
Akademik Azərbaycanın iqtisad elminin aktual nəzəri-metodoloji və təcrübi problemlərinin tədqiqinə həsr olunmuş 500-dən çox elmi əsərin, o cümlədən 20 monoqrafiya, kitab və broşürün müəllifidir. Bu əsərlərin bir qismi keçmiş ittifaqda və başqa xarici ölkələrdə nəşr olunmuşdur.
Akademik A.Nadirovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də əvəzsiz xidmətləri olmuşdur. Onun elmi rəhbərliyi ilə 6 elmlər doktorluğu və 40-dan çox iqtisadiyyat və iqtisadi coğrafiya üzrə fəlsəfə doktorluğu dissertasiyası işləri müdafiə olunmuşdur. Uzun illər ərzində bir çox ictimai vəzifələrin yerinə yetirilməsində də fəal iştirak etmiş akademik 1966-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının "İqtisadiyyat” seriyasının baş redaktorunun müavini, baş redaktoru, Azərbaycan EA İqtisadiyyat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının sədr müavini, sədri, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, həmçinin SSRİ EA Regional İqtisadiyyat Elmi Problem Şurasının, Ümumittifaq "Bilik” Cəmiyyəti İdarə Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, elm və texnika sahəsində Azərbaycanda Dövlət mükafatlarının verilməsi üzrə komitənin, 2000-ci ildən ömrünün sonunadək isə "Obşestvo i ekonomika” adlı beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü olmuşdur.
A.Nadirov görkəmli tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran bacarıqlı müəllim idi. O, Bakı Dövlət Universitetində və bir sıra digər auditoriyalarda iqtisadiyyat və coğrafiya fənlərindən mühazirələr oxumuş, ali məktəblər üçün bir sıra dərsliklərin yazılmasında müəllif kimi iştirak etmiş və bəzilərinin elmi redaktoru olmuşdur. O, həm keçmiş ittifaq respublikalarında, həm də bir çox xarici ölkələrdə (Fransa, Hindistan, Türkiyə, İran, Almaniya...) keçirilən beynəlxalq simpozium və elmi konfranslarda Azərbaycanın iqtisad və iqtisadi coğrafiya elmini layiqincə təmsil etmişdir. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq, regional və respublika elmi forum, simpozium və konfranslarının əsas təşkilatçılarından biri olmuş, maraqlı məruzələrlə çıxış etmişdir.
Alimin elmi yaradıcılığında Naxçıvan Muxtar Respublikasının iqtisadi coğrafiyasına həsr olunmuş tədqiqatları da əhəmiyyətli yer tutur. O, Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin Elmi-Metodiki Şurasının sədri olmuşdu.
Onun xidmətləri həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Əmək rəşadətinə görə” medalı, Azərbaycan LKGİ MK-nin fəxri fərmanları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı, Gürcüstan SSR "Bilik” Cəmiyyətinin fəxri fərmanı, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Xalqlar dostluğu” ordeni, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əmək veteranı” medalı, Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə "Şöhrət”, 2009-cu ildə isə "Şərəf” ordeni ilə təltif edilmişdir.
Akademik A.Nadirov 2014-cü il mart ayının 13-də - ömrünün 85-ci ilinin tamam olduğu gün qəflətən vəfat etmişdir. Onun alim dostları, həmkarları xalqının böyük oğlu olmuş bu görkəmli alimi, böyük vətəndaş və nəcib insanı, gözəl ailə başçısını heç zaman unutmayacaq.
Şahbaz MURADOV,
AMEA-nın müxbir üzvü,
əməkdar elm xadimi
Azərbaycan.- 2019.- 12 mart.- S. 6.