Dünyanın ilk neft jurnalı

 

1898-ci ildə Bakı Neft Sənayeçiləri Qurultayları Şurası ilk nəşrini - "Neftyanoe Delo” ("Neft işi”) qəzet-jurnalını təsis etdi. Mətbu orqanın ilk sayı rus dilində 1899-cu il yanvarın 10-da işıq üzü gördü. Beləliklə, bu jurnal nəinki Bakıda, bütövlükdə dünyada neft sənayesinin nailiyyətləri və problemlərini işıqlandıran ilk sahə mətbu orqan oldu.

Azərbaycanda sovet hakimiyyəti qurulanadək jurnal ayda iki dəfə nəşr edilirdi. "Neft işi” (Nİ) jurnalının ilk sayında dərc olunan "Redaksiyadan” adlı müraciətdə qeyd olunurdu ki, bu nəşr bütövlükdə neft sənayesinin problemlərini və ehtiyaclarını, habelə bu və ya digər şəkildə onunla bağlı olan məsələləri əks etdirəcək, neft hasilatı, neft və neft məhsullarının sərf olunması və paylanması, həmçinin neftayırma zavodlarının işi barədə məlumatları dərc edəcək. Habelə neft hasilatının və emalının texniki və iqtisadi tərəflərinə, onun nəqlinə, saxlanmasına və satışına, neft sənayesinin buxar gəmiçiliyi ilə əlaqələrinə, Rusiya (Bakı) və xarici neft bazalarının vəziyyətinin təhlilinə də geniş yer ayrılırdı.

Nİ aparıcı mütəxəssislərin və mədən mühəndislərinin elmi məqalələr toplusuna, bir növ neft sorğu kitabçasına çevrilmişdi. Qəzet-jurnalın ilk saylarından birində Rusiya neft sənayesinə xarici sərmayə qoyuluşu barədə əhatəli analitik məqalə dərc olunmuşdu.

Qəzet-jurnalın səhifələrində sırf neft-qaz sahəsindəki elmi və iqtisadi problemlərlə yanaşı, Rusiyada (o cümlədən Azərbaycanda) və xaricdə neft-mədən geologiyası məsələlərinə, Qafqazda və Abşeronda neft ehtiyatlarının vəziyyətinə, habelə Volqaboyu, Sibir və Uzaq Şərqdə yeni neft rayonlarının mənimsənilməsinin perspektivlərinə xüsusi diqqət yetirilirdi.

Burada müntəzəm olaraq Bakı Neft Sənayeçiləri Qurultaylarının stenoqrafik hesabatları, habelə ildə bir dəfə Rusiya imperiyasının neft sənayesinin əsas aparıcı gücü kimi "Bakı neft sənayesinin xülasələri” dərc olunurdu. Dünyada neft işinin tarixini öyrənən xarici mütəxəssislərin əksəriyyətinin etiraf etdiyinə görə, məhz Neft Sənayeçiləri Qurultaylarının Bakı nəşrinin ("Neft işi” və "Bakı neft sənayesinin xülasələri”) nümunəsi əsas götürülərək gələcəkdə dünyanın bir çox ölkələrində neft statistikasının hazırlanması və işlənməsi prinsipləri müəyyənləşdirilmişdir.

Maraqlıdır ki, jurnalın ayrı-ayrı bölmələrində Bakı Neft Sənayeçiləri qurultaylarında sosial məsələlərin həllinə xüsusi diqqət yetirilirdi. Həmin bölmələrdə "mədən və zavod rayonlarının hüdudları çərçivəsində daxili məsələləri, o cümlədən fəhlələrin və bütövlükdə qulluqçuların həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə və sanitar işinin təşkili, ölüm halları və ya şikəst olduqda fəhlələrin sığortası, nəqliyyat işinin nizamlanması, habelə su təchizatı, ümumtəhsil məktəblərinin, qiraətxanalarının, kitabxanaların yaradılması” məsələləri əks olunurdu.

Qafqazdakı neft nəşrinin özünəməxsusluğu, elm aləmində populyarlığının durmadan artması onun Xəzər regionunun sərhədlərindən kənarda yayılmasına imkan verdi. 1900-cü ildə bu mətbu nəşrin artıq Londonda müxbir bürosu vardı. 1910-cu ildə Rusiyanın bütün iri şəhərlərində abunə məntəqələri fəaliyyət göstərirdi, bir çox yerli və xarici dövri neft nəşrlərilə jurnal mübadiləsi həyata keçirilirdi.

"Neft işi” jurnalında neft sənayesinin əsasını qoyan görkəmli mütəxəssislərin məqalələri çap olunurdu.

Məhz bu jurnalda Peterburqda (1898-ci il) və Bakıda (1904-cü il) təsis olunan və bugünkü ictimaiyyətə az məlum olan Rusiya Nobel mükafatları haqqında tam və dolğun informasiya dərc edilmişdir. Xatırlatmaq yerinə düşərdi ki, Peterburqda təsis edilən, metallurgiya və neft sənayesi sahəsində ən yaxşı tədqiqatlara görə verilən Lüdviq Nobel adına mükafat üç dəfə - 1896, 1898 və 1905-ci illərdə təqdim edilmişdir. Amma Bakıda təsis edilən və neft işi sahəsində ən yaxşı əsərlərə və ixtiralara görə verilən Emanuil Nobel adına mükafat isə dörd dəfə - 1909, 1910, 1911 və 1914-cü illərdə təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, Bakıda verilən mükafat beynəlxalq mükafat hesab olunurdu. Belə ki, mükafatın Nizamnaməsinin 2-ci paraqrafında "həm Rusiya, həm də xarici təbəələr mükafata namizəd ola bilərlər” qeyd olunurdu.

1917-ci il Oktyabr inqilabından sonra "Neft işi” jurnalı Rusiya imperiyasında nəşr olunan əksər jurnallar kimi 1918-ci ilin may ayında bolşeviklərin Xalq Komissarları Bakı Sovetinin qərarına əsasən bağlandı.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin sentyabr ayında jurnalın nəşrini bərpa etdi. 1920-ci ilin martında jurnalın əvvəlki adı ilə son nömrəsi çıxdı.

1920-ci ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Şurasının sərəncamı ilə "Neft işi” jurnalının adı dəyişdirilərək "Azərbaycan neft təsərrüfatı” (ANT) adı altında işıq üzü görür.

Bu gün jurnalda üç dildə Azərbaycan, rus və ingiliscə materiallar dərc olunur. Sahə üzrə ən qocaman mətbu orqan olan bu jurnal böyük nüfuz qazanaraq, nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda da, yüksək peşəkarlıqlı elmi-texniki və istehsalat informasiya mənbəyi kimi tanınmışdır. Fəaliyyətinin bütün dövrü ərzində jurnal öz səhifələrində olduqca sanballı materiallar toplamış, özünəməxsus kiçik bir ensiklopediya rolunu oynamışdır.

Neft sənayesi sahəsində texniki tərəqqinin çoxsaylı başlıca prioritetlərini əks etdirən materialların dərc olunması məhz ANT jurnalına məxsusdur. Jurnalın müəllif kollektivini neft sənayesi və ona yaxın sahələrdə öz intellektual potensialını sərf edən milli və xarici mütəxəssislər, mühəndis və alimlər təşkil edir.

Jurnal neft sahəsi üçün çoxsaylı, tanınmış, yüksəkixtisaslı kadrlar nəslinin yetişdirilməsində də böyük rol oynayır.

Fəaliyyətə başladığı dövrdən indiyədək jurnalın səhifələrində tanınmış alimlər, mütəxəssislər və istehsalat rəhbərlərinin çoxsaylı elmi-texniki məqalələri dərc olunmuşdur.

Jurnala milli neft sənayesinin fəxri sayılan baş redaktorların böyük bir pleyadası rəhbərlik etmişdir. Bunlardan İ.M.Əsədovu, Ə.C.Əmirovu, M.K.Seyid-Rzanı, A.X.Mirzəcanzadəni və başqalarını göstərmək lazımdır. Müxtəlif vaxtlarda akademiklərdən İ.M.Qubkin, Y.H.Məmmədəliyev redaksiya heyətinin üzvləri olmuşlar.

Bu gün redaksiyanın kollektivi neft sənayesinin aparıcı alim və mütəxəssislərindən ibarət redaksiya heyəti ilə birlikdə jurnalın elmi-texniki səviyyəsini, istiqamətini bundan sonra da qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün müəllif aktivi ilə böyük və səmərəli iş aparır.

Jurnal Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bütün müəssisə və təşkilatlarına, sahə elmi-tədqiqat və layihə institutlarına, ali məktəblərə, müştərək müəssisələrə, xarici şirkət və firmalara, eləcə də xarici ölkələrə abunə yazılışı yolu ilə və internet vasitəsilə yayımlanır.

 

İbrahim QULİYEV,

"Azərbaycan neft təsərrüfatı” jurnalının baş redaktoru,

Akademik

 

Azərbaycan.- 2019.- 12 mart.- S. 6.