3 milyon insana bəxş
edilən sevinc
Dövlətlərin demokratiklik əmsalı
təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə
deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi,
cəmiyyət qarşısında götürdüyü
öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.
Xalqın böyük etimad göstərərək mandat
verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai
maraqları doğrultmağa çalışır, hər
bir vətəndaşın mənafeyinə hesablanan
siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata
keçirməklə böyük rəğbət qazanır.
Hər bir
addımını xalqın mənafeyinə uyğun atan lider
Bütün bunlar 15 il ərzində
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirən, fəaliyyətinin əsas qayəsi xalqa və
dövlətə sədaqətli, layiqli xidmət prinsipi
üzərində qurulan Prezident İlham Əliyevin idarəçilik
fəlsəfəsinin əsasını təşkil edir.
Hər bir addımını
xalqın mənafeyinə uyğun atması, xalqına sədaqətli
xidmət cənab İlham Əliyevə ümumxalq sevgisi
qazandırıb. Təkcə bu ilin 2 ayı ərzində
böyük sosial islahatlar paketi çərçivəsində
imzaladığı fərman və sərəncamlar, iqtisadi və
struktur islahatları, regionlara səfəri zamanı rəsmi
protokoldan kənara çıxaraq vətəndaşların
problemləri ilə maraqlanması, səbirlə onları dinləməsi,
arzu-istəklərini nəzərə alması, hətta yeri gələndə
onunla görüşə gələnlərlə birlikdə
"Azərbaycan” mahnısını oxuması İlham
Əliyevin Prezident kimi öhdəliklərə sadiqliyinin,
dövlət başçısı kimi
qayğıkeşliyinin, səmimiliyinin bariz təcəssümüdür.
Məhz bu amilləri nəzərə
alaraq dövlət başçısı hər dəfə
xalqla görüşündə haqlı olaraq bu fikirləri səsləndirir:
"Mən verdiyim sözlərə həmişə əməl
etmişəm. Həmişə xalqın dəstəyinə
arxalanmışam, mənə güc verən xalqın mənə
olan inamıdır” .
Şəhid ailələrinə,
müharibə əlillərinə, məcburi
köçkünlərə Prezident qayğısı
Hər zaman vətəndaşına
qayğı ilə yanaşan, sosial problemlərinin həllini
prioritet vəzifə kimi görən və bu istiqamətdə
məqsədyönlü siyasət həyata keçirən
Prezident yanvar və fevral aylarında xalqın sosial
rifahının yüksəldilməsi istiqamətində
çox ciddi addımlar atdı.
Bu, bir həqiqətdir ki, Azərbaycanda
şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə,
qaçqın və məcburi köçkünlərə
dünyada analoqu olmayan bir dövlət yanaşması
mövcuddur. Bu kateqoriyaya aid olan insanlara hər zaman
böyük diqqət göstərən Prezident İlham
Əliyev yanvar ayında şəhid ailələrinə 11 min
manat birdəfəlik ödəmələrin verilməsi barədə
sənəd imzaladı. Ümumilikdə 12268 şəhidin vərəsələrinin
birdəfəlik ödəmə almaq hüququ var. İndiyədək
4291 şəhidin 5966 vərəsəsinə birdəfəlik
ödəmənin verilməsinə dair qərar qəbul olunub
və onlardan 3981 şəhidin 5474 vərəsəsinə
ödəniş edilib.
Bunun ardınca dövlət
başçısı həm Qarabağ, həm də
Əfqanıstan müharibəsi şəhidlərinin ailələrinə
verilən müavinətləri 300 manatadək artırdı.
Prezidentin aylıq təqaüdünü alan 12 mindən
çox şəhid ailəsinin təqaüdü yüksəldi.
Həmçinin məcburi
köçkünlərə verilən aylıq müavinətlər
50 faiz artırıldı. Hazırda məcburi
köçkünlərdən 81 min 476 nəfəri 22 manat,
415 min 81 nəfəri 40 manat məbləğində vahid
aylıq müavinət alır. Aprelin 1-dən isə həmin
məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil
edəcək.
Böyük sosial
islahatlar paketinin ilkin təzahürləri
Ötən il etdiyi
çıxışlarda 2019-cu ilin böyük sosial islahatlar
ili kimi tarixə düşəcəyi anonsunu verən
Prezidentin fevral ayında böyük sosial islahatlar paketinin
ilkin təzahürləri reallaşdı. Dövlət
başçısı bir-birinin ardınca minimum əməkhaqqının,
minimum pensiyanın, təqaüdlərin, müavinətlərin
artırılması, digər ödənişlərin verilməsi
istiqamətində fərman və sərəncamlar
imzaladı.
Minimum əməkhaqqının,
minimum pensiyanın təxminən 40 faiz artırılması
830 minə yaxın insanı əhatə etdi. Minimum əməkhaqqının
məbləğinin artırılması 600 minədək
insanı əhatə edir ki, onlardan dövlət sektorunda
işləyən 450 min nəfərin əməkhaqqında 30
faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında
isə 25 faiz artım olub.
Prezidentin martın 9-da
imzaladığı "Dövlət
qulluqçularının aylıq vəzifə
maaşının müəyyən edilməsi haqqında
2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik
edilməsi barədə sərəncama əsasən dövlət
qulluqçularının aylıq vəzifə maaşında
"165” rəqəmləri "200” rəqəmləri ilə
əvəz edildi. Həmçinin "185”, "175”, "170”
və "165” rəqəmləri müvafiq olaraq "215”,
"210”, "205” və "200” rəqəmləri ilə əvəz
olundu.
Artımın təmin edilməsi
üçün dövlət büdcəsindən illik 400
milyon manat, bu ilin 10 ayı ərzində isə 335 milyon manat əlavə
vəsait ayrılacaq.
Artan sosial
müavinətlər 600 min insana şamil olundu
Sosial müavinətlərin orta
hesabla 100 faiz artırılması ilə bağlı sərəncam
təxminən 600 min insana şamil olundu. Onlardan 165 min 376 nəfəri
ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə,
əmək zədəsi və peşə xəstəliyi, hərbi
əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar,
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar
səbəblərdən əlilliyi olan (əmək
pensiyası almayan) vətəndaşlardır. Beləliklə,
I qrup əlilliyə görə sosial müavinət (150 manat)
və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən
ümumilikdə 300 manat ödəniləcək.
Minimum pensiya məbləğinin
artırılması isə 233 min pensiyaçını, o
cümlədən 140 min nəfər əlilliyə görə
pensiya alan vətəndaşı əhatə edəcək.
Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin
pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz və
s. artımlar edilir. Artımın edilməsi üçün
Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı
(mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə
vəsait yönəldiləcək.
Problemli kreditlərin
həlli istiqamətində verilən inqilabi qərar
Çoxmənzilli binaların sənədləşdirilməsi
ilə bağlı fərman təxminən 350-400 min
insanı, tələbələrin təqaüdlərinin
artırılması isə 100 mindən çox tələbənin
sevincinə səbəb oldu.
Digər sosialyönümlü
addımlardan biri isə Prezidentin əhalinin problemli kreditlərinin
həlli ilə bağlı imzaladığı fərman oldu.
Dünyada analoqu olmayan bu sənəd 1 milyona yaxın
insanın problemini həll edərək vətəndaşlarla
banklar arasındakı narazılıqlara son qoydu.
Ümumiyyətlə, Prezident
İlham Əliyevin böyük sosial paketi təqribən 3
milyona yaxın insanı əhatə edir. Bu fərman və sərəncamlar
dövlətin öz vətəndaşının yanında,
bütün problemlərinin həllində daim
iştirakçı və yardımçı olduğunu
göstərdi. Bu, bir daha Azərbaycan dövlətinin iqtisadi
qüdrətini, cənab İlham Əliyevin dönməz iradəsini
ortaya qoydu.
Martın 1-də isə Prezident incəsənət
xadimləri ilə görüşüb onların problemlərini
dinlədi və görüşdən sonra bu istiqamətdə
ciddi tapşırıqlar verdi.
Göründüyü kimi, ilin əvvəlindən
ölkəmizdə sosial sahədə qəbul olunmuş qərarlar,
keçirilən görüşlər, atılan addımlar
öz miqyasına, əhatə dairəsinə görə
sözün əsl mənasında inqilabi qərarlardır.
Çünki qısa müddət ərzində bu qədər
sosialyönümlü qərarların verilməsi dünyada
görünməmiş bir hadisədir. Bir tərəfdən
düşünülmüş və ardıcıl olaraq həyata
keçirilən islahatların nəticəsi, digər tərəfdən
isə ölkə Prezidentinin cəsarətli və inamlı
addımları ölkə vətəndaşlarının gələcəyinə
hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.
Xalqa sədaqətli
lider örnəyi
Ölkə əhalisinin
yaşayış səviyyəsinin və sosial
rifahının yüksəldilməsi hər zaman Prezident
İlham Əliyevin apardığı siyasətin
başlıca prioritetləri olub. Dövlət
başçısının ötən 15 ili əhatə edən
fəaliyyətinin təhlili göstərir ki, o, sosial məsələlərin
həllinə həmişə xüsusi maraqla yanaşıb,
aztəminatlı ailələrin yaşayış səviyyəsinin
yaxşılaşdırılmasına davamlı dəstək
göstərib. İmzaladığı fərman və sərəncamlar
əsasında pensiya, ünvanlı yardım, əlilliyə
görə müavinətlərin verilməsi və məşğulluq
sahələrində şəffaflığın və sosial ədalətin
tam təmin olunması ilə bağlı mühüm
addımlar atılıb.
Dünyada çox az ölkə
tapılar ki, sosial siyasətin təzahür formalarının
müxtəlifliyinə görə Azərbaycanla müqayisə
oluna bilsin. Təkcə bir fakta nəzər yetirsək, bunu
aydın şəkildə görə bilərik. Heç bir
ölkədə təbii fəlakət nəticəsində
sakinlər üçün qəzalı duruma düşən
evlər sökülüb yerində cəmi 1 ay ərzində
pulsuz mənzil tikilmir. Yalnız sığortalanmış evlərə
görə məyyən miqdarda kompensasiyalar ödənilir.
Amma cənab İlham Əliyev respublikamızın şimal
bölgəsində baş verən zəlzələ nəticəsində
qəzalı duruma düşmüş evlərin
hamısını sökdürüb yerində daha möhtəşəm
ev tikdirir.
Atılan addımlar Prezident İlham
Əliyevin çoxşaxəli sosial siyasətinin təzahür
formalarının yalnız bir hissəsidir. Görünən
odur ki, xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün dövlət
başçısının böyük sosial islahatlar paketi
çərçivəsində hələ çox qərarlar
qəbul olunacaq. Ona görə də əminliklə deyə
bilərik ki, 2019-cu il Azərbaycan tarixinə ən
böyük sosial islahatlar ili kimi yazılacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 13 mart.- S. 1; 4