Daxili Qoşunlar istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasından 27 il ötür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının abidəsi ziyarət edilib.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə - növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə Daxili Qoşunların döyüş bayrağı salona gətirilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmancasına həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bu günü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili Qoşunları Günü elan olunub.

Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu, 1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü, hərbi qulluqçulardan 9 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib.

Məruzəçi bildirib ki, 1994-cü ildən başlayaraq Daxili Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Planlı şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu daha da yüksəlib, mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə möhkəmlənib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların yaranmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, ulu öndər Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz əbədiyaşar liderin xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.

Ramil Usubov dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib. Qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında şəxsi heyətin özünəməxsus rolu var.

 

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, Prezidentin 2019-cu il 7 mart tarixli müvafiq sərəncamları ilə daha 16 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının, iki nəfərə isə ali zabit rütbəsinin verilməsinin, bayram ərəfəsində hərbi qulluqçuların maaşlarının artırılmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir deyib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.

Nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Nazir R.Usubov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.

General-polkovnik Ramil Usubov əminliklə bildirib ki, Daxili Qoşunların bütün şəxsi heyəti respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında bundan sonra da səy və bacarığını əsirgəməyəcək.

Daxili Qoşunların yaranmasının 27-ci ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında dövlətimizin başçısının sərəncamları, daxili işlər nazirinin və nazir müavini - Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

 

Azərbaycan.- 2019.-13 mart.- S.3.