Fransada Azərbaycana yüksək ehtiram var
Birinci vitse-prezident Mehriban
Əliyevanın Fransaya səfəri mövcud münasibətlərin dərinləşməsinə
və yeni əməkdaşlıq əlaqələrinin
yaranmasına xidmət edəcək
Azərbaycanın Avropanın əksər dövlətləri ilə siyasi əlaqələri yüksək səviyyədədir. Bu sırada Avropanın istər əhali, istər ərazi baxımından ən böyük dövlətlərindən olan Fransa ilə əlaqələri xüsusilə diqqət çəkir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə Parisə səfəri və keçirdiyi görüşlər iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından xəbər verdi.
Azərbaycan diplomatiyasında
önəmli yer tutan ölkə
Azərbaycanla Fransa arasındakı əlaqələr heç
də müstəqillik
illərində formalaşmayıb. Bu əlaqələrin tarixə
söykənən siyasi,
iqtisadi və mədəni kökləri
var. Azərbaycanın müstəqillik
illərində isə
ilk vaxtlardan Fransa ölkəmizin diplomatiyasında
önəmli yer tutub. Bu ölkə
Azərbaycanın dövlət
müstəqilliyini 1992-ci ilin
yanvarında tanıyıb
və elə həmin ilin fevralında Fransa ilə ilk diplomatik əlaqələr qurulub.
Fransanın Azərbaycandakı səfirliyi 1992-ci ilin martında fəaliyyətə
başlayıb. 1993-cü
ildə ulu öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra
əlaqələrin inkişafı
yeni mərhələyə
daxil olub. Belə ki, ulu öndər
Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə
Fransadan başlayıb
və xaricə ilk rəsmi səfərini də Parisə edib. Həmin vaxtdan iki ölkənin münasibətləri
sürətlə inkişaf
edib.
Son 15 ildə
Azərbaycanın beynəlxalq
əlaqələrini əhəmiyyətli
dərəcədə gücləndirən
Prezident İlham Əliyev də xarici siyasətdə Fransa ilə əlaqələrə önəm
verib. Prezident İlham Əliyev
də dövlət başçısı kimi
2004-cü ildə ilk rəsmi
səfərini Fransaya
etmişdi. Fransanın sabiq
prezidentləri J.Şirak,
N.Sarkozi və F.Olland Azərbaycana səfərlər ediblər.
Beləliklə, iki ölkənin
prezidentlərinin qarşılıqlı
səfərləri ənənəyə
çevrilib. Ayrı-ayrı
vaxtlarda isə dövlət başçıları
hər iki ölkənin ali
orden və medalları ilə təltif olunublar. Bu dünyanın və
Avropanın siyasi səhnəsində öz
yeri olan Fransanın Azərbaycanla əlaqələrə verdiyi
önəmin və iki ölkə arasındakı əlaqələrin
yüksək səviyyədə
olmasının təsdiqidir.
Hazırda Azərbaycanla Fransa arasındakı əlaqələr
bütün sahələrdə
ürəkaçandır. Ötən ilin
iyulunda Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə
səfəri siyasi əlaqələrin yüksək
səviyyədə olmasının
təsdiqi idi. İqtisadi münasibətlərə gəldikdə,
hazırda Azərbaycanda
59 Fransa şirkəti
fəaliyyət göstərir.
Fransızlar ən böyük
sərmayələrini mədən
sənayesinə yatırıblar.
Lakin son illərdə iqtisadi əməkdaşlıq kifayət
qədər müxtəlif
sferaları - nəqliyyat,
hava nəqliyyatı, ictimai nəqliyyat, metro, kosmos və digər sahələri əhatə edir.
Fransız şirkətləri Azərbaycanın
kosmos sənayesinin yaradılmasında da iştirak ediblər. Azərbaycan ilə
Fransa şirkətləri
arasında bağlanan
iqtisadi müqavilələrin
dəyəri 2 milyard dolları ötür.
Daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Fransada fəaliyyət göstərən
Azərbaycanın Dostları
Assosiasiyası da əlaqələrin inkişafına
töhfələr verir.
İki ölkə arasında humanitar sahədə də əlaqələr daim genişlənir. Azərbaycan-Fransız Universiteti 2014-cü ildə
Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə
yaradılan və uğurla davam edən layihədir. Bakı Fransız Liseyi isə bağça, ibtidai və yuxarı siniflərdən
ibarət təhsil müəssisəsidir. Bundan başqa,
Azərbaycan Dillər
Universitetində fransız
dili və ədəbiyyatı mərkəzi,
Bakı Slavyan Universitetində fransız
dili mərkəzi fəaliyyət göstərir.
Əlaqələrin inkişafında
Mehriban Əliyevanın
xidmətləri böyükdür
İki ölkə arasındakı
mədəni əlaqələr
son illərdə sürətlə
inkişaf edib və bu sahədə
Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri böyükdür. Ümumiyyətlə,
Mehriban Əliyeva Fransanın siyasi, iqtisadi və mədəni həyatı
üçün dost kimi
qəbul edilən siyasi və ictimai xadimdir. Çünki son 15 ildə Fransanın
müxtəlif şəhərlərində
mütəmadi olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən
tədbirlər Mehriban
Əliyevanı bu ölkənin siyasi, mədəni və iqtisadi elitasına daha yaxından tanıdıb. Ümumiyyətlə isə Azərbaycanın birinci xanımının ölkəmizin xaricdə tanıdılması istiqamətində
həyata keçirdiyi
tədbirlərin mühüm
hissəsi Parisin mədəni həyatı
ilə bağlıdır.
2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi
bu sahədə işlərin daha da gücləndirilməsinə
xidmət edir.
Azərbaycan-Fransa mədəni əlaqələrindən
danışdıqda Heydər
Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi tədbirlər xüsusi diqqət çəkir. Məhz
Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə Versal sarayının parkındakı ümumbəşəri
abidələr, Strasburqun
Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub, Luvr muzeyində
İslam İncəsənəti
Departamenti yaradılıb.
Heydər Əliyev Fondunun
dəstəyi ilə Fransanın paytaxtında və onlarla şəhərində Qafqazın
mirvarisi olan Azərbaycanın mədəniyyətini
təmsil edən sərgilər, konsertlər,
konfranslar keçirilib.
Miluz şəhərinin Yuxarı
Alzas Universitetinin filologiya fakültəsinin
konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti
Gəncəvinin adı
verilib. Ümumiyyətlə, Fondun həm
mədəni əlaqələrin
inkişafı, həm
də Azərbaycanın
təbliği ilə bağlı həyata keçirdiyi bu cür tədbirlər çoxşaxəlidir.
Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən Azərbaycan-Fransa
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupuna rəhbərlik
edib. İşçi qrup Mehriban Əliyevanın rəhbərliyi
ilə Azərbaycan-Fransa
əlaqələrinin daha
da inkişafına böyük töhfələr
verib. Onu da xatırladaq
ki, Mehriban Əliyeva Fransa ilə münasibətlərdə
göstərdiyi xidmətlərinə
görə bu ölkənin Prezidentinin sərəncamı ilə
"Şərəf Legionunun
Zabiti” ordeni ilə təltif edilib.
Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya son səfəri də əlaqələrin
inkişafı baxımından
mühüm əhəmiyyət
daşıyır. Bu səfər
zamanı xanım Mehriban Əliyevanın Baş nazir Eduard Filip, Senatın sədri Jerar Larşen, Milli Assambleyanın sədri Rişar Ferran, Parisdə "Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri
David dö Rotşild,
"Suez Groupe” şirkətinin
vitse-prezidenti Erik Qebali,
Fransanın Milli Xərçəng İnstitutunun
təsisçisi və
keçmiş prezidenti
professor David Hayat, Fransanın
birinci xanımı Brijit Makron, sabiq prezident Nikola Sarkozi ilə görüşləri göstərir
ki, bu səfər
əməkdaşlıq tellərinin
daha da möhkəmlənməsinə
xidmət edəcək.
Fransanın Baş naziri Eduard Filip Mehriban Əliyeva ilə görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu bildirib. Prezident İlham Əliyevin ötən ilin iyulunda Fransaya səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayan Baş nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdiyini deyib. Ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu deyən Eduard Filip fransız şirkətlərinin Azərbaycanın neft və qeyri-neft sektorunda çalışdıqlarını qeyd edərək onların Azərbaycan bazarında daha fəal olmasının önəmini vurğulayıb.
Fransa Senatının sədri Jerar Larşen də Mehriban Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu xüsusi qeyd edib.
Səfər zamanı "Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində "Şimal-Cənub nəqliyyat dəhlizi”nin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”, "Azərbaycan Mərkəzi Bankı ilə "Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”, "Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi” və "Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə” imzalanıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfərinin gündəliyi kifayət qədər zəngindir. Bu səfər iki ölkə arasındakı mövcud münasibətlərin dərinləşməsinə və yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına xidmət edəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 14 mart.- S.1; 5.