Azərbaycan
səmərəli tərəfdaşlığın uğurlu
platforması, qlobal təhlükəsizliyə töhfə verən
regional liderdir
Martın 14-də Azərbaycanın
paytaxtında Prezident İlham Əliyevin himayəsi və
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə VII Qlobal Bakı Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı Qlobal Forumun iştirakçıları ilə görüşdü.
Sonra birgə foto çəkdirildi.
Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. "Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, "Davamlı inkişaf çağırışları”, "Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.
Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq dedi:
- Zati-aliləri, xanımlar və cənablar.
Mənim adım İsmail
Serageldindir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədriyəm. Artıq
dünyanın aparıcı tədbirləri sırasında
öz yerini tutan VII Qlobal Bakı Forumunda sizi salamlamaqdan məmnunam.
Bu tədbirə bir çox
mütəxəssislər və təcrübəli şəxslər
toplanıb.
Builki Forumun mövzusu sanki
dünyanın tektonik hərəkətinə bənzər bir
mövzudur.
Nəticə olaraq
insanların taleyində bir axın var ki, onları ən
aşağı səviyyədən ən yüksəyə
qaldıra bilər.
Bu fürsəti
qaçırsanız həyatda uğursuzluqlara düçar
olacaqsınız.
Hazırda durğun dənizin
üzərindəyik.
Lazımi anda bu fürsətdən
istifadə etməliyik, yoxsa uğur bizdən yan keçəcək.
Biz bu fürsəti
qaçırmamalıyıq, çünki buraya açıq
zehin və sağlam iradə ilə gəlmişik.
Növbəti günlərdəki
müzakirələrə başlamazdan əvvəl istəyirəm
ki, qürur hissi ilə sözü bu günün ilk natiqi və
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin himayədarı,
ev sahibi Zati-aliləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə vermək istəyirəm.
Azərbaycan Prezidenti
İlham Əliyev Forumda nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
-Əziz xanımlar və cənablar.
Əziz qonaqlar.
Əziz dostlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin
hamınızı görməyimə çox şadam. Bu mühüm beynəlxalq tədbirdə bizimlə
birlikdə olduğunuza görə sizə təşəkkür
edirəm. Mən, ilk növbədə, Nizami Mərkəzinin
qlobal beynəlxalq instituta çevrilməsinə verdikləri əhəmiyyətli
töhfəyə görə dünən görüş
keçirdiyim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədrləri - xanım Vike-Freyberqaya, cənab Serageldinə
və İdarə Heyətinin üzvlərinə təşəkkürümü
bildirmək istərdim.
Qlobal Bakı Forumu qlobal
gündəlikdə duran aktual məsələlərlə məşğul
olan ən mühüm beynəlxalq platformalardan biridir. Əvvəlki
forumların mövzuları qlobal məsələlərin
bugünkü gündəliyini əks etdirir. Düşünürəm ki, bu, xarici siyasətlə
bağlı məsələlərlə, - bu, yeni xarici siyasət
adlandırılır, – məşğul olmaq
üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə
ölkələr arasında münasibətlərdə,
dünyada təhlükəsizlik və
proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə
çox şey dəyişib. Mən
çox şadam ki, forumun çoxsaylı
iştirakçısı var. Forumda 55 ölkədən 500-dən
çox nümayəndə iştirak edir.
Qonaqlarımızın arasında 5 hazırkı prezident, 1
hazırkı baş nazir, 2 baş nazirin müavini və 42
sabiq dövlət və hökumət başçısı,
görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin
təmsilçiləri, jurnalistlər, alimlər, gənc
liderlər var.
Bu gün bu zalda böyük
intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini
əks etdirir.
Qlobal gündəlikdə çox sayda beynəlxalq
tədbir, konfrans var. Lakin keyfiyyət
iştirakçıların siyahısına, onların təcrübəsinə
və intellektual potensialına görə
ölçülür. Bu səbəbdən,
mən düşünürəm ki, Qlobal Bakı Forumunun
dünya xəritəsində nadir yeri var. Əminəm ki,
qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər
beynəlxalq münasibətlərin gələcəyi,
dünyanın gələcəyi ilə bağlı qərar
verənlərin diqqətini cəlb edəcək.
Azərbaycanın xarici siyasəti
barədə danışarkən, mən deyərdim ki, o,
çox dəyişməyib. Biz Azərbaycanın
yeni xarici siyasəti barədə danışa bilmərik.
Lakin sözsüz ki, regionda, dünyada vəziyyət
dəyişir və biz xarici siyasət təşəbbüslərimizi
dəyişən dünyaya uyğunlaşdırırıq.
Lakin bizim xarici siyasətimiz əsas etibarilə
sabit, proqnozlaşdırıla bilən və müstəqildir.
O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq,
qarşılıqlı faydalı əməkdaşlıq
vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik,
sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin
qurulması Azərbaycanın prioritetlərindən biridir.
Ona görə də Azərbaycan sonuncu Forumdan bəri
xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini
davam etdirib. Düşünürəm ki,
biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi
gücləndirməyə, yeni dostlar qazanmağa, yeni
körpülər tikməyə müvəffəq olmuşuq.
Əlbəttə ki, istənilən ölkə,
o cümlədən Azərbaycan üçün qonşularla
münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu Forumdan bəri bizim əlaqələrimiz
güclənib. Biz qonşularımızla
qarşılıqlı maraqlara, qarşılıqlı
hörmətə əsaslanan çox məhsuldar
işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət
və investisiya sahələrində daha çox körpü
qurmağa kömək edir. Bu səbəbdən,
bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz
regional təhlükəsizliyi təmin edir.
Regional təhlükəsizlikdən
söhbət açarkən, biz, əlbəttə ki, Ermənistanla
Azərbaycan arasındakı münaqişədən
danışmalıyıq. Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış ərazilərinin 20
faizinin Ermənistan tərəfindən işğalı davam
edir. Bu işğal nəticəsində Azərbaycanın
tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin
digər 7 rayonu işğal altındadır, bir milyondan
çox qaçqın və məcburi köçkün
işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz
qalıb. İşğal olunmuş ərazilərdəki
bütün tarixi abidələrimiz Ermənistan silahlı
qüvvələri tərəfindən
dağıdılıb və bu, işğal olunmuş ərazilərə
iki dəfə faktaraşdırıcı missiya göndərmiş
ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq
hüququn, əsas beynəlxalq təşkilatların
müvafiq qətnamələrinin və qərarlarının
kobud şəkildə pozulmasıdır. BMT
Təhlükəsizlik Şurası Ermənistan
qoşunlarının ərazilərimizdən dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb
edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən
yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT,
İslam Əməkdaşlıq Təşkilatı, Avropa
Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar
oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır
və münaqişənin sülh yolu ilə həlli
üçün hüquqi baza yaradır. Status-kvo
qəbuledilməzdir. Danışıqları
təşkil etmək üçün mandata sahib olan
ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə
bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz
bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir
və bunu etmək üçün Ermənistan öz
qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən
çıxarmağa başlamalı, qaçqın və məcburi
köçkünlərə öz evlərinə
qayıtmağa imkan yaratmalıdır.
Ermənistan hökuməti
danışıqların formatını dəyişmək
üçün cəhdlər edib və biz hələ də
bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz
və qeyri-effektivdir. Biz bunu
danışıqlar prosesini əngəlləmək cəhdi
hesab edirik. Bu cür düşünən
tək biz deyilik. Şadıq ki, beynəlxalq
təşkilatlar bu fikri paylaşır. Bir
qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri
bəyanat yaydılar və faktiki olaraq Ermənistana
açıq mesaj göndərdilər ki, onların
danışıqlar formatını dəyişdirmək cəhdləri
qəbuledilməzdir. Ondan bir neçə
gün əvvəl Avropa İttifaqının yüksək
rütbəli rəsmiləri eyni bəyanatla
çıxış etdilər. Danışıqlar
formatı uzun illər ərzində işlənib
hazırlanıb və onu dəyişmək üçün
birtərəfli qaydada edilən istənilən cəhd
danışıqlar prosesini əngəlləmək cəhdi
kimi qiymətləndirilir və bütün məsuliyyət
bunu etməyə çalışan tərəfin üzərinə
düşür. Bu səbəbdən,
birincisi, danışıqlar formatı dəyişdirilə
bilməz və ikincisi, danışıqlar nəticəyönümlü
olmalıdır, sadəcə, danışıqlar xatirinə
olmamalıdır. Azərbaycan bu prosesi
davam etdirməyə hazırdır və
danışıqların nəticəsi olaraq bizim ərazi
bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq
hüququn fundamental prinsipidir. Ərazi
bütövlüyü ilə öz müqəddəratını
təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində,
Helsinki Yekun Aktında çox aydın şəkildə izah
olunub. Öz müqəddəratını
təyinetmə ölkələrin ərazi
bütövlüyünü pozmamalıdır. Ona görə də, münaqişə beynəlxalq
hüququn normalarına, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə əsasən
və Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilməlidir.
Bizim xarici siyasət prioritetlərimiz,
həmçinin beynəlxalq təşkilatlarla əlaqələri
əhatə edir. Biz müxtəlif beynəlxalq təşkilatlar
arasında körpülər yaradan müxtəlif təşəbbüslərdə
fəal şəkildə iştirak edirik. İslam Əməkdaşlıq
Təşkilatının və Avropa Şurasının
üzvü olan az sayda ölkələrdən
biri olaraq biz bu iki təşkilat arasında daha çox tərəfdaşlıq
qurmaq üçün bu imkandan istifadə edirik. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında
İslam həmrəyliyinin gücləndirilməsi, bəzi
üzv ölkələr arasında gərginliyin
azaldılmasında mühüm rol oynayır. Biz səylərimizin
nümayişi olaraq iki il bundan əvvəl
IV İslam Həmrəyliyi Oyunlarını uğurla
keçirdik. Ondan iki il əvvəl Azərbaycan
birinci Avropa Oyunlarını keçirən ölkə oldu. Təsəvvür
edirsinizmi, biz iki il ərzində eyni şəhərdə
həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi
Oyunlarını keçirdik. Bu, əslində,
bizim beynəlxalq arenadakı rolumuzu, ölkələri və
sivilizasiyaları yaxınlaşdırmaq istiqamətində səylərimizi
əks etdirir. Biz Avropa
İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıqla
bağlı bəyannamələr və razılaşmalar
imzalamışıq və qəbul etmişik. Bu, üzv ölkələrin üçdəbiridir
və həmçinin bizim Avropa ölkələri ilə fəal
əməkdaşlığımızı nümayiş
etdirir. Biz ötən il Avropa
İttifaqı ilə əməkdaşlığımızın
bütün əsas sahələrini əhatə edən, tərəfdaşlıq
prioritetləri adlanan çox mühüm bir sənədi
parafladıq. Bu sənəddə, xüsusilə,
Ermənistanla Azərbaycan arasındakı münaqişənin
həlli ilə bağlı məqam aydın əksini
tapıb. Bu sənəddə Azərbaycanın
ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığına tam dəstək ifadə olunur. Ona görə də, Ermənistanla münaqişəyə
gəlincə, bir daha deməliyəm ki, bütün
aparıcı beynəlxalq təşkilatlar münaqişənin
həllini bu prinsiplər əsasında görür. Münaqişənin həllinin yeganə yolu Azərbaycanın
ərazi bütövlüyünün bərpasıdır.
Azərbaycan müxtəlif ölkələrlə
yaxın əməkdaşlıq imkanından istifadə edərək
Bakı prosesinə start verdi. Ötən il biz Bakı prosesinin 10-cu
ildönümünü qeyd etdik. Bu, bizim
İslam Əməkdaşlıq Təşkilatına və
Avropa Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərini birgə toplantıya dəvət etməyimizlə
başladı. Bu, çox uğurlu oldu və beləliklə,
növbəti il biz daha bir görüş
keçirdik və sonra, BMT tərəfindən dəstəklənən
bu format Bakı prosesi adlandırıldı. Bu,
100-dən çox ölkəni əhatə edən həmin
iki böyük beynəlxalq təşkilat arasında
qarşılıqlı əlaqə və müzakirələrin
yeganə formatıdır.
Multikulturalizm Azərbaycanın
dövlət siyasətidir. Azərbaycan dünyada
multikulturalizm mərkəzlərindən biri kimi
tanınır. Bunun tarixi kökləri var.
Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və
etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq
şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa
olunandan sonra bu meyil gücləndi. Biz bu
ideyaları qlobal arenada təbliğ etməyə
çalışırıq. Ona görə də biz
çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası
dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar
Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox
başqa beynəlxalq tədbirlər təşkil edərək,
xüsusilə fərqli fikirlər gördüyümüz
zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə
yönəldirik. Düşünürəm ki,
Azərbaycanın nümunəsi açıq şəkildə
nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf
etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı
və qarşılıqlı anlaşmanı gücləndirməyin
yeganə yoludur. Azərbaycan nisbətən
gənc müstəqil ölkədir. Lakin,
biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək
alırıq. Bunun sübutu olaraq, mən bir neçə
il əvvəl Azərbaycanın 155 ölkənin
dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsini
qeyd edərdim. Bu, onu göstərir ki, beynəlxalq
ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana
böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik
və mədəniyyətlərarası dialoqla əlaqədar
əhəmiyyətli məsələlərin həllində
çox mühüm rol oynadıq. Biz, həmçinin
qlobal təhlükəsizlik sahəsində rol
oynayırıq. Biz sülhməramlı əməliyyatlarda
iştirak edirik. Bu yaxınlarda biz
Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbçilərimizin
sayını artırdıq. Biz, həmçinin
koalisiya qüvvələrini çox mühüm nəqliyyat
və logistika dəstəyi ilə təmin edirik. Azərbaycanın üzvü olduğu Şimal
paylaşdırma şəbəkəsi çox etibarlı təchizat
marşrutudur. Bu, həm də müasir
infrastruktura, xüsusilə nəqliyyata investisiyaların
yatırılması sayəsində mümkün olub. Sonuncu Qlobal Forumdan sonra keçən dövrdə
biz Xəzər dənizinin Azərbaycan sahilində
böyük dəniz ticarət limanının
açılışını etdik. Bu dəniz
limanı böyük həcmdə - ilkin mərhələdə
15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək
qabiliyyətinə malikdir və ölkələri
yaxınlaşdırmaq baxımından çox mühüm
rol oynayır.
Xarici siyasətdən
danışarkən, əlbəttə ki, bizim bu siyasətin
mahiyyətinə ehtiyacımız var. Xarici siyasətimiz,
siyasi səylərimiz olmadan Azərbaycanın artıq sahib
olduğu güclü nəqliyyat əlaqələrini qurmaq
mümkün olmazdı. Bizim ölkəmizi regional nəqliyyat mərkəzinə
çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz
artıq öz nəticələrini verir. Azərbaycan
Şərq-Qərb nəqliyyat dəhlizinin fəal
iştirakçısıdır. 2017-ci ildə
biz Gürcüstandan keçməklə Azərbaycan və
Türkiyə arasında dəmir yolu xəttinin
açılışını etməklə, Avropa dəmir
yolu ilə Asiya dəmir yolunu birləşdirdik. Ötən
il dəniz limanının
açılışı bu nəqliyyat şəbəkəsinin
daha bir elementidir. Biz artıq Asiya ölkələrindən,
Mərkəzi Asiyadan yüklər qəbul edirik. Biz bu yaxınlarda artıq Əfqanıstanın təbliğ
etdiyi Lapis-Lazuli dəmir yolu və Şərq-Qərb dəhlizi
ilə fiziki əlaqə əldə etdik. Biz
artıq yeni mənbələrdən yüklər qəbul
edirik. Bu, təkcə iqtisadi mənfəət
deyil, həm də ölkələr arasında əlaqə,
qarşılıqlı bağlılıq və yaxın əməkdaşlıq
deməkdir. Beləliklə, nəqliyyat sahəsi
beynəlxalq əlaqələrin mühüm sektorudur və o,
çox yaxşı tərəfdaşlıq ruhu yaradır.
Qlobal təhlükəsizlik
üçün mühüm əhəmiyyət kəsb edən
daha bir sahə enerji sektorudur. Azərbaycan enerji təhlükəsizliyinə
çox investisiya yatırır. Aparıcı enerji
şirkətləri ilə bizim birgə layihələrimiz həm
xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda,
qonşu ölkələrdə on minlərlə iş yeri
yaradır və onlar beynəlxalq tərəfdaşlığa
gətirib çıxarır. Azərbaycan neft kəməri
ilə Qara dənizi və Xəzər dənizini, dünyada
ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi
ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan
böyük layihə üzərində işləyirik.
O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan,
Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəmər
sistemi vasitəsilə əlaqələndirir. Kəmərin
uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir.
Ötən ilin mayında biz Cənub Qaz Dəhlizinin
rəsmi açılışını etdik. Ötən ilin iyununda isə onun mühüm hissələrindən
biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin
açılışı oldu. Azərbaycan qazı
artıq bu kəmər vasitəsilə nəql olunur və
ümidvaram ki, gələn il layihə tam
yekunlaşacaq. Bu, regionda ən böyük
infrastruktur layihələrindən biridir. Qaz
istehsalı və nəqlinə yatırılmış
investisiyaların ümumi həcmi 40 milyard dollara
yaxındır. Beynəlxalq maliyyə
institutları bizə güclü dəstək verir və əlbəttə
ki, korporativ vəsaitdən də istifadə olunur. Bu, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı
və ölkələr arasında əməkdaşlıq
layihəsidir. Bizim planlarımız bugünkü
formatın hüdudlarından kənara çıxır.
Biz artıq Bosniya və Herseqovina, Xorvatiya,
Monteneqro kimi Balkan ölkələri ilə Anlaşma
Memorandumu imzalamışıq. Ümidvaram
ki, növbəti mərhələdə biz bu ölkələrlə
həm də fəal əməkdaşlığa
başlayacağıq. Cənub Qaz Dəhlizi
layihəsinə bu və ya digər yolla qoşulmağı
planlaşdıran ölkələrin coğrafiyası
genişlənir. Bu, enerji və nəqliyyat
təşəbbüslərinin geniş beynəlxalq əməkdaşlığa
yol açdığını əyani şəkildə
göstərir. Düşünürəm
ki, biz enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa
ölkələrini və Avropa İttifaqına üzv ölkələri
əhatə edən beynəlxalq əməkdaşlığın
yeni geniş formatını yaratmışıq. Bu, həqiqətən də qiymətli töhfədir
və biz hələ bu prosesin
başlanğıcındayıq. Çünki
biz hələ icra mərhələsindəyik.
Bütün bu layihələr həyata keçiriləndən
sonra iqtisadi stimul, iqtisadi fayda olacaq, bu ölkələrdə
on minlərlə iş yeri açılacaq və bu, ölkələri
yaxınlaşdıracaq.
Çıxışımın
əvvəlində qeyd etdim ki, Azərbaycanın xarici siyasəti
müstəqildir və milli maraqlara əsaslanır. Bunun əsasında
təkcə bizim siyasi iradəmiz deyil, həm də iqtisadi
inkişafımız dayanır. Son 15 ildə
iqtisadiyyatımız 3,2 dəfə
artıb. Biz Azərbaycanın əsas
infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətimizi
əhəmiyyətli dərəcədə
yaxşılaşdırmağa müvəffəq olduq. Xarici borcumuzun səviyyəsi çox
aşağıdır, ümumi daxili məhsulun təxminən
19 faizinə bərabərdir və ehtiyatlarımız
borcumuzdan 4-5 dəfə çoxdur. Beləliklə,
Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı
ölkəmiz üçün imkanlar yaratmaqla yanaşı,
qonşu ölkələrə investisiya yatırmağa və
daha çox körpü qurmağa imkan verir.
Düşünürəm
ki, Forumun gündəliyi çox məharətlə
seçilib. Siz bu gün narahatlığa səbəb olan ən
mühüm və aktual məsələlərə
toxunacaqsınız. Mən tam əminəm
ki, məhsuldar müzakirələriniz və tövsiyələriniz
tərəfdaşlığın güclənməsinə və
gərginliklərin azalmasına yol açacaq. Foruma uğurlar arzulayıram. Təşəkkür
edirəm.
***
Əfqanıstan İslam
Respublikasının PrezidentiMəhəmməd Əşrəf
Qanibu mötəbər Foruma dəvət olunduğuna görə
Azərbaycan dövlətinin başçısı İlham
Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu
gün dünyada mühüm dəyişikliklər baş
verməkdədir, təhlükəsizlik, ətraf mühit və
digər problemlər öz həllini tapmalıdır,
dünyada yeni xarici siyasət müəyyənləşdirilməlidir,
dövlətlər və xalqlar arasında əməkdaşlıq
genişləndirilməlidir.
Prezident Məhəmməd Əşrəf
Qani dedi:
-Müəyyən tədbirlər
görməliyik, yeni dünya quruluşu yaratmalıyıq. Eyni zamanda, bizim əsas ölkələrin
baxışları yeni dünyanın əsasını təşkil
etməlidir. Bilavasitə mənim
qarşımda duran vəzifələrdən biri məhz budur.
Biz Əl-Qaidənin və sovetlərin
Əfqanıstana hücumundan sonra bu cür dekonstruktiv güclərin
qarşısının alınması istiqamətində yeni
bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə transmilli
terrorçu qruplara qarşı müəyyən mühafizə
tədbirləri görürük. Beləliklə,
biz Əfqanıstanı məhz bu yolla dünyanın ən əmin-aman
ölkəsinə çevirmək istəyirik. Biz bu sahədə bütün dünya ölkələri
ilə əməkdaşlıq etməyə hazırıq.
Beləliklə, biz dünya iqtisadiyyatına
müstəqil şəkildə töhfə vermək istərdik.
Düşünürük ki, biz xüsusilə
yeni yanaşma yolu ilə qarşımızda duran əsas vəzifələrin
azı 70 faizini yerinə yetirəcəyik. Beləliklə də bu müharibə və
yoxsulluğun qarşısının alınması istiqamətində
səylərimizi əsirgəməyəcəyik. Düşünürəm ki, bu Forum dünya siyasətinə
yeni elementlər gətirəcək və beynəlxalq əməkdaşlığı
gücləndirəcək. Əlamətdar
haldır ki, bu Qlobal Forumun mövzusu mücərrəd deyil,
bu, dünyanın gələcəyinin konturlarını
cızacaq.
Mən bu kürsüdən
möhtərəm cənab Prezident İlham Əliyevə
öz dərin minnətdarlığımı bildirmək istərdim. Həmçinin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə,
yüksək qonaqpərvərliyə görə Azərbaycan
xalqına və hökumətinə dərin minnətdarlığımı
bildirirəm. Çox sağ olun. Təşəkkür edirəm.
***
Albaniya Prezidentiİlir
MetaForumun yüksək səviyyədə təşkilinə
və qonaqpərvərliyə görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirdi. Diqqətə çatdırdı ki, dünya
çox mühüm dəyişikliklərlə üzləşib.
Xüsusilə Avropada təhlükəsizlik
baxımından yaşanan çətinliklərə toxunan
Albaniya Prezidenti həmin çətinliklərin ölkələrin
birgə səyləri nəticəsində aradan
qaldırılmasının mümkünlüyünü
vurğuladı. İlir Meta Azərbaycan ilə əməkdaşlığın
ölkəsi üçün faydalarından da
danışaraq dedi:
- Biz bilirik ki, dünyada, eyni zamanda,
enerji sahəsində də bir çox dəyişikliklər
vardır. Albaniya strateji və tranzit bir ölkə
rolunu oynamaqdadır. Misal üçün
Albaniya Azərbaycanın "Şahdəniz” yatağından
Trans-Adriatik boru kəməri ilə gələn qazı digər
Avropa ölkələrinə ötürməkdə çox
böyük rola malikdir. Ümumiyyətlə,
Albaniyanın Avropadakı rolu stratejidir. Digər
qaz xətləri də ölkəmizdən keçməkdədir.
Bu xətlər Monteneqro, Bosniya və Herseqovina və
digər ölkələri birləşdirir. Bir sıra ölkələrin siyasi kursu İkinci
Dünya müharibəsindən sonra 180 dərəcə dəyişmişdir.
Albaniyanın məqsədi milli
maraqlarını, regionumuzda stabilliyi təmin etməkdir.
Demokratiyaya gəldikdə deməliyəm
ki, ölkəmiz sosial cəmiyyətin çiçəklənməsi
istiqamətində səylər göstərməkdədir. Azərbaycan
ilə qurulan tərəfdaşlığımız bu istiqamətdə
göstərdiyimiz səylərə mühüm töhfə
verməkdədir.
***
Sonra Bosniya və Herseqovina Rəyasət
Heyətinin üzvüŞefik
Caferoviççıxış etdi. Qonaq dünyada baş verən
qlobal dəyişikliklərlə bağlı yaranmış
çətinliklərin aradan qaldırılması
yollarının müzakirəsi baxımından Qlobal Bakı
Forumunun əhəmiyyətini vurğulayaraq dedi:
-Mən Nizami Gəncəvi
Beynəlxalq Mərkəzini təbrik edirəm ki, belə bir Forum
keçirir. Bu Forum bir çox ölkədən
iştirakçıları bir araya gətirmişdir. Sizinlə birlikdə burada olmaq, hamımızı
narahat edən məsələləri müzakirə etmək
mənim üçün çox xoşdur.
Həqiqətən də
çox böyük dəyişikliklərin baş verdiyi bir
dövrdə yaşayırıq. Qarşımızda
bir çox mürəkkəb məsələ vardır.
Bu məsələlərdən biri də
qeyri-müəyyənlikləri aradan qaldırmaqdır. Dünyada qlobal və regional təhlükələr
mövcuddur, bunların öhdəsindən gəlmək tələb
olunur. İndiki çətinliklər, sadəcə,
yarandıqları yerlərlə bağlı deyil, fundamental dəyişikliklər
tələb edir. Ümumiyyətlə,
dünya nizamındakı dəyişikliklər vacib məsələlərdən
biridir.
Heç bir ölkə bu
çətinliklərin və problemlərin öhdəsindən
təkbaşına gələ bilməz. Ona görə
inteqrasiyanın vacibliyi göz qabağındadır və
siyasətlər məhz buna görə
hazırlanmalıdır. Hər bir ölkə
üçün əsas məsələlərdən biri
öz təhlükəsizliyinin təmin edilməsidir. Bunu ancaq qonşu ölkələrlə birlikdə və
qlobal platformada təmin etmək mümkündür. Məhz buna görə də bizim ortaq qərarlara
ehtiyacımız vardır.
Bu problemlərin öhdəsindən
ancaq öz qüvvələrimizi və
potensiallarımızı birləşərək gələ
bilərik. Bunu nəzərə alaraq demək lazımdır ki,
müasir təhdidlərə və təhlükələrə
qarşı ortaq həll yollarının tapılması tələb
olunur. Bunun əsası əlbəttə
ki, ölkələrin suverenliyinin təmin edilməsi şərti
ilə qarşılıqlı birgə fəaliyyətlərin
hazırlanması və həyata keçirilməsidir.
***
Moldova Prezidenti İqor Dodon
çıxışında bildirdi ki, dünyada yeni
çağırışlar, yeni risklər artmaqdadır. İstər qlobal, istərsə
də regional səviyyələrdə təhlükəsizliyi
təmin etmək üçün ölkələrin birgə
səylərinə və əməkdaşlığına
ehtiyacın olduğunu vurğulayan Prezident İqor Dodon dedi:
-Mən, ilk növbədə,
möhtərəm Prezident İlham Əliyevə VII Qlobal
Bakı Forumuna dəvətə görə təşəkkürümü
bildirmək istərdim.
Xüsusilə vurğulamaq
istəyirəm ötən illərdə istər qlobal, istərsə
də regional səviyyələrdə təhlükəsizlik
tam təmin olunmayıb. Ümumiyyətlə, biz bu gərginliyin
azalmasını müşahidə edə bilmirik. Yeni çağırışlar, yeni risklər
artmaqdadır. Moldova Respublikası istəyir
ki, müxtəlif ölkələr arasındakı gərginlik
aradan qalxsın. Biz bu gün və sabah
burada yeni xarici siyasət məsələləri haqqında
danışacağıq. Əminəm, bu
zaldakı liderlərin əksəriyyəti də
düşünür ki, hər şeyin başında milli
maraqlar dayanmalıdır. Əlbəttə
ki, heç də asan dövrdə yaşamırıq və
Moldovanın olduğu regionda da problemlər çoxdur. Bunların öhdəsindən necə gəlmək,
onları necə həll etmək olar? Bilirsiniz ki, Moldova
artıq sovetlər dağıldıqdan sonra MDB-nin
üzvü olmuşdur, daha sonra Avropa İttifaqı ilə
assosiativ müqavilə bağladıq və vizasız
gediş-gəliş imkanı əldə etdik .
Daha sonra biz Avropa İqtisadi Birliyinin üzvü
olduq. Bunlar Moldovaya nə verir - Avropa
İttifaqı ilə, eyni zamanda, MDB ölkələri ilə
rahat ticarət aparmaq imkanı. Amma digər
məsələ təhlükəsizliklə əlaqədardır.
Biz özümüzü hər hansı bir hərbi
təşkilatın üzvü kimi görürükmü?
İstər Qərbdə olsun, istər Şərqdə.
Milli təhlükəsizliyin təmin edilməsi
baxımından biz öz statusumuzu, neytral mövqeyimizi qoruyub
saxlayacağıq və biz bunun sayəsində öz məqsədlərimizə
nail olmaq istəyirik. Bu məqsədlər
isə, ilk növbədə, sərhədlərimizin
toxunulmazlığını və sosial-iqtisadi inkişafı
təmin etməkdir. Bu neytral mövqeyimizin
dünyada da qəbul olunmasını istəyirik.
***
Sonra söz Monteneqro Prezidenti
Milo Cukanoviçə verildi. Prezident Milo
Cukanoviç dedi:
-Zati-aliləri.
Xanımlar və cənablar.
Mən bu nüfuzlu Forumda
birinci dəfə iştirak edirəm. Monteneqronu Forumda bizim əvvəlki
prezident təmsil etmişdir ki, o da hazırda Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin İdarə Heyətinin
üzvüdür.
Azərbaycan xüsusilə
son illər ərzində çox vacib beynəlxalq forumlar təşkil
edir və bununla əlbəttə ki, qlobal və regional
sabitliyə öz töhfəsini verir. Əlbəttə
ki, bu, gözəl ölkənin və xalqın töhfəsi
deməkdir. Monteneqro da Azərbaycanın dost ölkəsidir.
Düşünürük ki, biz burada çox
vacib məsələni müzakirə edirik.
Monteneqro Prezidenti ölkələrin
siyasətinin multikultural olmasının əhəmiyyətinə
nəzər saldı, hər bir ölkədə sabitliyin və
əmin-amanlığın təmin edilməsinin vacibliyini
vurğulayaraq dedi:
-Dünya siyasətinin böyük məqsədlərinə
ancaq o halda çata bilərik ki, biz öz vətəndaşlarımız
üçün sabitliyi və sülhü təmin edək. Bu, əlbəttə ki, dünyanın yeni siyasətinin
başlıca məqsədi olmalıdır. İstər Monteneqroda, istərsə də hər
hansı bir digər ölkədə olsun. Biz belə qəbul edirik ki, xarici siyasətimiz həssas
olmalıdır və bütün dəyişikliklərə
reaksiya verməlidir, öz mexanizmlərini təkmilləşdirə
bilməlidir.
***
Bolqarıstanın Baş
naziri Boyko Borisov dünyada hökm sürən münaqişələrdən
danışdı və diqqətə çatdırdı ki,
münaqişə edən ölkələrin əldə
olunan razılaşmalara, imzalanan sənədlərə riayət
etmələri vacibdir. Ölkəsinin qonşularla dostluq münasibətlərindən
danışan Boyko Borisov Azərbaycan ilə əməkdaşlığa
xüsusi önəm verdiklərini bildirərək dedi:
-Bolqarıstan qonşuları olan
ölkələrlə və ya Avropa İttifaqı ilə
münaqişə yaşamamışdır. Bu
gün biz çox təhlükəsiz şəraitdə
yaşayırıq. Bütün
qonşularımızla gözəl münasibətlər
yaradılıb. Biz çox gözəl
bir qonşuluq şəraitində, qarşılıqlı
hörmət zəminində bütün etnik qruplara sülh
içində yaşamaq imkanı yaratmışıq.
Mən də Azərbaycanla
çox gözəl münasibətlərimizin olduğunu
bildirmək istərdim. Bu gözəl münasibətlərin əsasını
qoyan möhtərəm Prezident İlham Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Birinci xanıma da xüsusi minnətdarlıq
düşür. Çünki
Bolqarıstanda tarixi kilsə və abidələrin bərpasına
birinci xanımın bilavasitə töhfəsi olmuşdur.
Biz bu töhfəni yüksək qiymətləndiririk.
Biz də artıq qaz dəhlizinə
qoşulmaq barədə düşünürük. Bu dəhlizlə
nəql olunan qazın bir hissəsinin məhz Bolqarıstanda
qalmasında çox maraqlıyıq. Düşünürük
ki, Azərbaycan qazı Bolqarıstanın
iqtisadiyyatının çiçəklənməsinə
töhfə verəcək. Bolqarıstan-Türkiyə-Bosniya
və Herseqovina-Monteneqro arasında münasibətləri
xüsusi qeyd etmək istərdim. Biz bunu
"Balkan qovşağı” adlandırırıq. Beləliklə, bizim kifayət qədər
müştərək planlarımız mövcuddur. İstəməzdim uzun-uzadı danışım.
Azərbaycan Respublikasının
Prezidentinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə
minnətdarlığımı bildirmək istərdim ki, belə
bir gözəl tədbiri ərsəyə gətiriblər. Düşünürəm ki, gələcəkdə
də biz belə bir forumda bərabər şəkildə
iştirak edəcəyik. Hörmətli həmkarlarım,
dostlarım, dəvətinizə görə təşəkkür
etmək istərdim.
***
Daha sonra İtaliyanın Azərbaycandakı
səfiri Auqusto Massari
Prezident Sercio Mattarellanın müraciətini Forum
iştirakçılarına çatdıraraq dedi:
-Zati-aliləri Azərbaycan
Respublikasının Prezidenti.
Hörmətli Forum
iştirakçıları, hörmətli dostlar.
İtaliya
Respublikasının Prezidenti Sercio Mattarellanın müraciətini
oxumaq mənim üçün çox böyük şərəfdir. Bu, VII Qlobal
Bakı Forumu üçün xüsusi hazırlanmış
müraciətdir.
İtaliya Prezidenti cənab Sercio
Mattarellanın müraciətində deyilir: "Hörmətli
həmsədrlər və Forum iştirakçıları. Məni bu Foruma dəvət etdiyinizə görə təşəkkürümü
bildirmək istəyirəm. Təəssüflər
olsun ki, mən Forumda iştirak edə bilmədim. Amma buna baxmayaraq mən sizin hamınızı
çox düzgün seçim etdiyinizə görə və
düzgün deviz seçdiyinizə görə təşəkkürümü
bildirmək istəyirəm. Biz görürük ki, hər
il bu Forumda mədəniyyətlərin
dialoqu mövzusu və onun ətrafında müzakirələr
aparılır. Hər dəfə bu Forumda
qarşılıqlı anlaşmanın vacibliyi
vurğulanır. Biz bilirik ki, həm milli
kimliyin, həm də digər ölkələr və
ümumiyyətlə, xalqlar arasında münasibətlərin
güclənməsi ən vacib məsələlərdən
biridir.
Bu möhtəşəm Forum məhz Bakıda, çox gözəl şəhərdə təşkil olunub. Cənab Prezident İlham Əliyev öz nitqi ilə bu Forumu daha da şərəfləndirir, Forumda müxtəlif məsələlərdən - həm uğurlardan, həm də dünyanın qarşılaşdığı problemlərin həlli yollarından söhbət açılır. Eyni zamanda, müzakirələrdə dünyanın cavabdehliyi haqqında danışılır. Ən əsası da odur ki, bu məsələlərin həllində həm hökumətlərin, həm də ictimaiyyətin iştirakının vacibliyi vurğulanır. Bu fürsətdən istifadə edərək mən Forumun işinə uğurlar arzu edirəm. Sizi ən xoş arzularımla salamlayıram. Sağ olun”.
***
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Birləşmiş Krallığın Baş naziri Tereza Meyin müraciətini oxuyaraq dedi:
- Zati-aliləri cənab Prezident.
- Xanımlar və cənablar.
Burada olmaq, bu Forumda iştirak etmək, həmçinin Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin müraciətini sizin üçün oxumaq mənim üçün böyük şərəfdir.
Baş nazir Tereza Meyin müraciətində deyilir: "Mən VII Qlobal Bakı Forumunun iştirakçılarını salamlayıram. Xüsusilə cənab Prezident İlham Əliyevə ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu Forumda dünyanı maraqlandıran müxtəlif məsələlər müzakirə olunur. Böyük Britaniya ilə Azərbaycan çox güclü əlaqələr qurmuşdur. Hələ 1992-ci ildə diplomatik əlaqələr yaradılmışdır. Mən cənab Prezidentlə müzakirələrdə iştirak etmişəm. Eyni zamanda, strateji enerji əməkdaşlığına dair məsələləri müzakirə etmişik. Bunların məqsədi qarşılıqlı təhlükəsizliyi təmin etməkdir. Sadəcə, indiki dövr üçün deyil, gələcək 10 illiklər boyunca bunun edilməsi məqsədimizdir. Bir çox sahələrdə əməkdaşlığımız davam edir. Biz bu əməkdaşlığı daha da möhkəmləndirməyə davam edirik. Ən vacibi də odur ki, onun təməli çox möhkəmdir. Bu bünövrə məhz qarşılıqlı hörmətə əsaslanır. Bu Forum dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqinə yönəlmişdir. Mən bu istiqamətdəki bütün fəaliyyətləri dəstəkləyirəm. Forumun işinə uğurlar arzulayıram”.
***
BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer BMT-nin Baş katibi Antonio Quterreşin Foruma müraciətini oxuyaraq dedi:
-Cənab Prezident.
Xanımlar və cənablar.
Hörmətli
iştirakçılar.
Sizin qarşınızda
çıxış etmək və Baş katib Antonio
Quterreşin bu Foruma müraciətini çatdırmaq mənim
üçün çox böyük şərəfdir.
İlk növbədə, VII
Bakı Qlobal Forumunun yüksək səviyyədə təşkilinə
görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü
bildirirəm.
Cənab Antonio Quterreşin məktubunda
deyilir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə
VII Qlobal Bakı Forumunun təşkili üçün təşəkkür
edirəm.
Dünyamız bir paradoksla
qarşılaşır: çətinliklər bir-biri ilə əlaqəli
olduğu halda onların həllinə yönəlmiş səylər
əlaqəsizdir. Ekoloji təhlükə və
silahlı münaqişələrdən tutmuş artan bərabərsizlik
və dözümsüzlüyə qarşı çoxtərəfli
əməkdaşlığa hər zamankından daha çox
ehtiyac var. Lakin, sadə dildə desək, bu, kifayət deyil.
Biz insanların qorxu və narahatlıqlarına
cavab verən həll yollarını səfərbər
etdiyimizi və hamıya yararlı olan ədalətli
qloballaşmanı yaratdığımızı göstərməliyik.
Birləşmiş Millətlər Təşkilatı
hər gün sülhməramlı fəaliyyət, humanitar
yardım, insan hüquqlarının qorunması,
dayanıqlı inkişafın təşviqi məsələləri
ilə məşğul olur.
Gördüyümüz
bütün yaxşı işləri məhv edə biləcək
bir potensial təhlükə mövcuddur - iqlimin korlanması. İqlim
sürətlə dəyişir. Onu
yavaşıtmaq üçün göstərdiyimiz səylər
yetərli deyil. Bu qlobal problemin həlli məqsədilə
səyləri artırmaq üçün sentyabr ayında
Nyu-Yorkda iqlim hərəkatı ilə bağlı sammit təşkil
edəcəyəm. Həyəcan təbilini
çalmaq və iqlim hərəkatı imkanlarını
vurğulamaq işində sizin dəstəyinizə güvənirəm.
Digər qurumlar, regional təşkilatlar,
vətəndaş cəmiyyəti, özəl sektor və
başqa tərəfdaşlarla çoxtərəfli əməkdaşlıq
çox zəruridir. Bu tərəfdaşlıq ruhunda dialoqa
sadiqliyinizi alqışlayır və məhsuldar müzakirələr
keçirməyinizi arzu edirəm”.
***
Sonra Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri Vayra
Vike–Freyberqa çıxış edərək dedi:
-Zati-aliləri, cənab Azərbaycan
Respublikasının Prezidenti.
Hörmətli dövlət
və hökumət başçıları, diplomatlar və
qonaqlar.
Mən bilirəm ki, sizin
müxtəlif titullarınız vardır. Hamınızı
salamlayıram. İlk növbədə, cənab Prezidentə
ev sahibliyi və himayədarlıq etdiyinə
görə Beynəlxalq Şura adından təşəkkürlərimi
bildirmək istəyirəm. İlbəil
görürük ki, bu Forumun çox böyük nəticələri
vardır. Çox sağ olun, cənab
Prezident, həqiqətən də Sizin dəstəyinizin rolu
çox böyük olub. Buna görə Sizə
minnətdarlığımızı bildiririk. Eyni zamanda, buraya gələnlərin hamısına təşəkkürlərimizi
bildirmək istəyirəm. Onlar da Azərbaycanın
nailiyyətlərini burada müşahidə edə bilərlər.
Azərbaycan bir çox beynəlxalq
tədbirlərə ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən gələn
qonaqları qəbul edir. Bu Forum yeni xarici
siyasət mövzusuna həsr olunmuşdur. Burada biz müxtəlif məsələləri
müzakirə edirik, çox aktual məsələlərə
toxunuruq, dünyanın indiki vəziyyətini nəzərdən
keçiririk. Fransızca bir deyim var: "Bir çox
şeyin dəyişməsinə baxmayaraq, yenə də bir
çox şey eyni qalmaqdadır”. Təəssüflə
qeyd etmək lazımdır ki, dünya siyasətində də
belə bir hal baş verməkdədir. Bəzən
biz görürük ki, köhnə həllər yenə də
dəyişməz olaraq qalır. Biz Forumun
əvvəlində bir çox problemlər haqqında
eşitdik. Azərbaycan Prezidenti bu problemlər
haqqında danışdı. Azərbaycanın
bir sıra əraziləri işğal olunmuşdur. Biz
bu səhər xarici siyasətin yeni balansa çatması və
buna nail olunmağın vacibliyi haqqında
eşitdik. Yeni siyasətin milli maraqlara uyğun
olması tələbini də eşitdik. Vacib
olan odur ki, biz dini və ya ideoloji fərqlərə əsaslanaraq
Tövratda da qeyd edildiyi kimi, ayrılmayaq. Yəni,
biz görürük ki, dünyada bir çox münaqişələr
mövcuddur. Ölkələrin iqtisadi vəziyyətinə
nəzər yetiririk, iqlimin necə dəyişdiyini
müşahidə edirik. Biz
görürük ki, bu, sadəcə, bir ölkəyə təsir
göstərmir, bu, bir çox ölkəyə və regiona təsir
edir.
Xanımlar və cənablar,
çıxış edən dövlət başçıları
da bunu qeyd etdilər ki, bütün yeni aspektlər və yeni
mühit bizdən çox böyük iş, eyni zamanda,
çox böyük intellekt tələb edir. Yeni
və köhnə problemlər yenə də mövcuddur.
Onları həll etmək üçün bir
çox beynəlxalq qurumlar da işləyir. Bizim məqsədimiz bunları həll etməkdir.
Düşünürük ki, gələcəkdə
biz bunları həll edə biləcəyik. Buna görə də Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi həm qurumlara, həm də şəxslərə
yeni mükafat təsis edib və onu təqdim edir. Bu il iki nəfər bu mükafata layiq
görülüb.
***
Tədbirdə Nizami Gəncəvi
Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi
keçirildi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri Vayra Vike–Freyberqa dedi:
-Mən istərdim İsmail Serageldini
dəvət edim ki, o da təqdimat mərasimində iştirak
etsin. İlk mükafat Əfqanıstan İslam
Respublikasının Prezidenti Məhəmməd Əşrəf
Qaniyə verilir. O, beynəlxalq sülhə verdiyi
töhfəyə görə mükafatlandırılır.
Mükafat Prezident Əşrəf
Qaniyə təqdim olundu.
Prezident Məhəmməd
Əşrəf Qani dedi: Mən uşaq ikən Nizami Gəncəvinin
şeirlərini əzbər bilirdim. Demək istəyirəm
ki, mən bundan böyük mükafat gözləmirdim.
Vayra Vike-Freyberqa: İkinci namizədimiz Robert
F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedidir. Bu mükafat Kerri Kennediyə onun rəhbərlik
etdiyi Fondun insan hüquqlarına, gənc liderlərin təhsilinə,
həssas uşaqlara hörmətlə yanaşmasına
görə verilir.
Mükafat Kerri Kennediyə təqdim
olundu.
Kerri Kennedi dedi: Təşəkkür
edirəm. Sizin qarşınızda
çıxış etmək mənim üçün
böyük şərəfdir. Mən
Bakıya dünən gecə gəlmişəm. Nizami Gəncəvinin adını daşıyan bu
mükafatı almaqdan çox məmnunam. Nizami
deyirdi ki, hər bir yeni ölkəyə gedəndə o
ölkənin mədəniyyətini öyrənin. Bu, elə bir yanaşmadır ki, insanı nəticə
etibarilə müdrikliyə gətirib çıxarır.
Digər mədəniyyətlərlə tanış
olmaq insanın müdrikliyinin rəmzidir. Burada
müxtəlif ölkələrin, müxtəlif mədəniyyətlərin
nümayəndələri iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi bir
təşkilat bizi bir araya gətirib. Bu təşkilat
daha yaxşı gələcəyin qurulması
üçün öz səylərini əsirgəmir. Bu fürsətdən faydalanaraq özümü
çox qürurlu hesab edirəm.
***
Forum işini panel
iclasları ilə davam etdirib.
Azərbaycan.- 2019.-15 mart.- S.1-3.