Milo Cukanoviç,
Monteneqro Prezidenti: "Preizdent İlham Əliyev ölkələrimiz
arasında münasibətlərin inkişafına
böyük dəstək verir"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin martın 14-də Monteneqro
Prezidenti Milo Cukanoviçlə görüşü olub.
AZƏRTAC xəbər verir ki,
Monteneqro Prezidenti Foruma dəvətə və tədbirin
yüksək səviyyədə təşkilinə görə
Prezident İlham Əliyevə təşəkkürünü
bildirdi. O qeyd etdi ki, bu tədbir beynəlxalq müstəvidə
duran məsələlərin müzakirəsi baxımından
mühüm platformalardan biridir. Azərbaycanla əlaqələri
yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə
həyata keçirən layihələrin ikitərəfli
münasibətlərin inkişafından xəbər verdiyini
dedi.
Prezident İlham Əliyev Azərbaycan
ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələrin
olduğunu və birgə uğurlu layihələrin həyata
keçirildiyini vurğuladı. Dövlətimizin
başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət
Şurasının iclasında Monteneqronun iştirakının
da təqdirəlayiq olduğunu, bu layihənin həyata
keçirilməsinin ölkələrimizi bir-birinə daha da
yaxınlaşdıracağını dedi. Prezident İlham
Əliyev, eyni zamanda, Azərbaycanda müxtəlif nəqliyyat
layihələrinin həyata keçirildiyini diqqətə
çatdırdı. Qeyd olundu ki, Azərbaycanın nəqliyyat
sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi
və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə
başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində
də əməkdaşlıq üçün geniş
imkanlar yaradır. Dövlətimizin başçısı
ölkələrimiz arasında turizm, qaz və nəqliyyat sahələrində
əməkdaşlığın inkişaf etdirilməsi
baxımından böyük imkanların və perspektivlərin
olduğunu da dedi.
Monteneqro Prezidenti qeyd etdi ki, Azərbaycanı
Monteneqroda dost ölkə hesab edirlər və Prezident
İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin
inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev Azərbaycanda
da Monteneqroya böyük hörmətlə
yanaşıldığını və Monteneqro ilə əlaqələrimizə
mühüm əhəmiyyət verildiyini bildirdi.
Görüşdə, həmçinin
ölkələrimiz arasında müqavilə-hüquq
bazasının gücləndirilməsinə və digər
sahələrin inkişafına dair geniş müzakirələr
aparıldı.
Azərbaycan.- 2019.-15 mart.- S.5.