VII Qlobal Bakı Forumu
işini panel
iclasları ilə davam etdirib
Birinci iclasda
“Qlobal siyasətin dəyişməsində böyük
güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa
İttifaqı” mövzusunda geniş müzakirələr
aparılıb
Azərbaycan paytaxtında
“Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən
VII Qlobal Bakı Forumu martın 14-də açılış
mərasimindən sonra işini panel iclasları ilə davam
etdirib.
AZƏRTAC xəbər verir ki, Forumun birinci panel iclası “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa İttifaqı” mövzusuna həsr olunub.
CNN-in aparıcısı, siyasi analitik Farid Zakariyanın moderatorluğu ilə keçən paneldə çıxış edən Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti Vu Hailonq Forumun təşkilinə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O deyib ki, Çinin iqtisadiyyatı son illər daha sürətlə inkişaf edir. Çinin Avropa İttifaqı ilə iqtisadi əlaqələri milyardlarla dollar dəyərindədir. ÇXR dünyaya sülh yayır və sabit iqtisadiyyatın inkişaf etdirilməsində maraqlıdır.
Yeddinci Qlobal Forumun açılışında iştirakına və dərin məzmunlu nitqinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdıran Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa keçmiş Sovet İttifaqının dağılmasından sonra digər dövlətlər kimi, Latviyanın da bir çox problemlərlə qarşılaşdığını deyib. Lakin Latviya xalqı bu çətinliklərə baxmayaraq, özünü toplamağı bacardı. Bu gün Latviya sabit iqtisadiyyata malik dövlətdir.
Norveçin keçmiş Baş naziri Kyel Maqne Bondevik müasir Avropa cəmiyyətinin təşəkkülündən və bu proses zamanı qarşılaşdığı problemlərdən danışıb. Qeyd edib ki, Avropa İttifaqı bu problemlərin həlli istiqamətində mühüm addımlar atsa da, hələ də bəzi məsələlər öz həllini gözləyir. Bunun üçün isə Avropa ölkələri birlikdə fəaliyyət göstərməlidirlər. Kyel Maqne Bondevik VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb, tədbir çərçivəsində səmərəli müzakirələrin aparılacağına əmin olduğunu bildirib.
Robert Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi ABŞ-ın dünyada sülhün təmin edilməsindəki rolu barədə fikirlərini paylaşıb. Qeyd edib ki, daha azad, daha çiçəklənən dünyanın qurulmasında Amerikanın xüsusi fəaliyyəti mövcuddur. Lakin bir dövlət bütün dünyada sülhü bərqərar edə bilməz. Buna görə də bu məsələdə bütün dövlətlərin səyi vacibdir. O, dünyada sülhün bərqərar olmasına Azərbaycan dövlətinin verdiyi töhfələrin ABŞ-da yüksək qiymətləndirildiyini qeyd edib.
Belə bir mühüm tədbirdə iştirakına görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edən Avstriyanın keçmiş Federal Kansleri Verner Faymann deyib ki, insanlar kimi, dövlətlərin də fərqli demokratiya anlayışları var. Bu gün Avropa bütün dünyada demokratiya məkanı kimi tanınır. Lakin bununla kifayətlənmək olmaz. Çünki demokratiya daim üzərində işləməli, təkmilləşdirilməsi lazım olan amildir.
İclas
müzakirələrlə davam edib.
Azərbaycan.-
2019.-15 mart.- S.6.