VII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclası “Davamlı inkişaf çağırışları” mövzusuna həsr olunub 

 

“Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumu çərçivəsində ikinci panel iclası “Davamlı inkişaf çağırışları” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, panel iclası Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru Ceffri Saksın moderatorluğu ilə keçib. O bildirib ki, dünya iqtisadiyyatı hazırda dayanıqlı inkişafı təmin etmir. İqtisadi artım birbaşa sosial ədalətə söykənmir. Dünyada gedən proseslər ətraf mühitə böyük təsir göstərir. Ətraf mühitdən nəzarətsiz qaydada istifadə olunurbu da iqlim dəyişikliyini nəzarətdə saxlamağa imkan vermir, biomüxtəlifliyə mənfi təsir göstərir. Okeanlarda suyun səviyyəsi artır, hava çirklənir, bu da qidaların keyfiyyətinə təsir göstərir. Bu baxımdan, dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidirlər.

2009-2017-ci illərdə BMT-nin İnkişaf Proqramının administratoru olmuş Helen Klark qeyd edib ki, beynəlxalq səviyyədə əməkdaşlıq çox vacibdir. Ölkələr bu haqda düşünməlidirlər. Burada bir çox amillər mövcuddur. Sağlamlıqla bağlı məsələlərə diqqət yetirilməlidir. Daha təmiz yanacaqlara keçmək məcburiyyətindəyik. Gəlir nöqteyi-nəzərindən də insanlar arasında qeyri-bərabərlik var. Bütün bu problemlərin, istər yoxsulluq, istər təhsil, istərsə də digər problemlərin həlli üçün əməkdaşlıq labüddür. Birlikdə çalışsaq, vətəndaşların sülh, əmin-amanlıq və rifah naminə arzularını reallaşdırmaq və planetimizi qorumaq şansı əldə edəcəyik.

Kanada Baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi, bu ölkənin Almaniyadakı səfiri Stefan Dion bildirib ki, yaxın gələcəkdə içməli su ilə əlaqədar ciddi problemlər yarana bilər. Dünya okeanlarına, dənizlərə atılan plastik tullantıların çəkisi artıb. Bu da sularda canlı orqanizmlərin məhv olmasına gətirib çıxarıb. Bu sahədə çox ciddi addımlar atılmalı, bununla bağlı investisiyalar yatırılmalıdır. Əks təqdirdə, bizim itirdiklərimiz çox olacaq. Gələcək nəsillərin taleyi iqlim dəyişikliyindən asılı olacaq. Ona görə də atmosferə zəhərli tullantıların atılmasının azaldılmasına çalışmalıyıq.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Miryana Eqqer qeyd edib ki, 2030-cu ilin gündəminə baxsaq, faktlar bizə göstərir ki, biz bütün sahələrdə inkişafa nail olmalıyıq. Yaxın 10 ildə əsas diqqəti iqlim dəyişikliklərinə, ətraf mühitin qorunmasına yönəltməliyik.

Sloveniyanın sabiq Prezidenti Danilo Türk təmsil etdiyi regionun inkişaf trendləri barədə danışıb, mövcud olan problemlərdən söhbət açıb.

Sonda çıxışçılar auditoriyanın suallarını cavablandırıblar.

 

Azərbaycan.- 2019.-15 mart.- S.6.