Od yaradılışın dörd ünsüründən
biridir
İlaxır
çərşənbələr
Mifoloji-tarixi yaddaş kodunu qoruyub saxlayan Novruz bayramı ərəfəsində Boz aya daxil olan İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsi, yaxud "Üskü çərşənbə”, "Atəş çərşənbə”, "Xızır çərşənbə”, "Üskü gecəsi”, "Addı çərşənbə”dir. Odun, atəşin yaranma tarixi çox qədimdir. Hələ ibtidai dövrlərdə insanlar şimşək çaxanda, vulkan püskürəndə, yaxud üzvi maddələrin öz-özünə yanması nəticəsində əldə etdikləri oddan gündəlik həyatda istifadə etmiş, odu sönməkdən qorumuşlar.
Bu, ibtidai insanı digər canlılardan fərqləndirən əsas faktorlardan biri olmuş, daha sonralar nitq və danışıq mədəniyyəti formalaşmışdır. Tarixi qaynaqlara görə, "insanın təbiət üzərində ilk qələbəsi olan od onun şüurunda və həyatında böyük dəyişikliklər yaratmış, artıq Aşel mədəniyyəti dövründə süni odalma məişətə daxil olmuşdur”.
Türkdilli xalqların mifik təsəvvürlərində, Azərbaycan folklorunda Od, Atəş və Günəşin sakrallığını, insan həyatındakı əhəmiyyətini səciyyələndirən ayin, etiqad, mərasimlər sistemi yaranmışdır. Təsadüfi deyildir ki, əski çağlarda oda, günəşə inamla bağlı Ulgen tanrısına müraciətlər olunmuş və ona sitayiş edilmişdir.
Odu müqəddəs sayan əcdadlarımız sübh tezdən günəşi qarşılamağa gedər, hündür bir təpənin üstündə tonqallar qalayar, tonqaldan məşəl götürüb evindəki ocağa od salar, möhtəşəm şadlıq məclisləri təşkil edib "Qodu-Qodu” mərasimini icra edərdilər...
Əcdadlarımızın erkən təsəvvürlərində ilkin antropomorfik görüşləri ifadə edən nəğmələr də vardır ki, bunlar günəşə inamla bağlı motivləri qabarıq şəkildə səciyyələndirir. Məsələn, "Gün, çıx, Gün, çıx” nəğməsində keçəl qız yağışın, buludun, saçlı qız isə günəşin rəmzidir.
"Günəşə qurban kəsmək”
Od çərşənbəsində icra olunan erkən mərasimlərdən biri "günəşə qurban kəsmək” mərasimi”dir. Mərasimi icra edərkən insanlar sübh tezdən qırmızı kəhər atı günəşə qurban aparardılar. Hündür təpənin üstündə olan at gün doğanda günəşin şərəfinə qurban kəsilərdi. Erkən inanca görə, əgər kəhər at günəşə qurban kəsilərsə, günəş yer üzərində olan insanlara xoşbəxt həyat bəxş edər. "Günəşə qurban kəsmək” mərasimi zamanı məhz qırmızı kəhər atın kəsilməsi ilə bağlı Herodotun "Tarix” əsərində göstərilir ki, günəş səmada çox sürətlə hərəkət edir, qırmızı kəhər at isə yer üzərində heyvanlar arasında sürətli qaçanlardan biridir. Adıçəkilən mərasim Kəlbəcər qayaüstü rəsmlərində də öz əksini tapmışdır. Bu mərasimlərin keçirilməsi heç də təsadüfi olmamışdır. Mifik təsəvvürlərə görə, insanlar günəşi, odu, atəşi nə qədər çox əzizləsələr, onun müqəddəsliyinə inansalar, o zaman günəş al şəfəqlərini yer üzərinə tez göndərər, təbiəti, suyu, torpağı tez isidər və günəş onlara bolluq-bərəkət, xoşbəxtlik, firavanlıq bəxş edər.
İnanca görə, Od çərşənbəsində Xızır göydən yerə enib odla, atəşlə qovuşur və bununla da hər yeri qızdırır, bu dəfə ona "Xızır-Xızır”, yaxud "Xızır ha Xızır” deyirlər. Od çərşənbəsi axşamında çillədən, əziyyətdən qurtulub rahat, xoşbəxt həyata çatmaq arzusu ilə hər evdə "Xızır atəşi” yandırılardı ki, bu, od kimi paklanmaq, təzələnmək inamına bağlı idi.
Mənbələrdən məlum olur ki, Od çərşənbəsində əski çağlardan xəbər verən "Pülənbəri” mərasimi ("Yanar körpü”, yaxud "Nur körpüsü”) keçirilərdi. Mərasimdə axşamüstü hündür təpədə kötükdən, yaxud quru ağacdan körpü hazırlanar, ona od vurandan sonra kiçikdən böyüyə qədər hamını, hətta mal-qaranı da "yanar körpü”nün altından keçirərdilər. Orta əsrlərdə Azərbaycana gələn Avropa səyyahları Adam Oleari, Yan Streysin məlumatlarında Şamaxı ərazisində "Puli əmbəri” adlı daş körpünün mövcudluğu təsdiqlənmişdir.
Od çərşənbəsində "Təkə” mərasimi də keçirilərdi. Mərasimdə cavanlar iştirak edər, quru ağacdan təkə müqəvvası düzəldib onu bəzəyərdilər. Cavanlar taxtadan düzəlmiş təkə ilə birlikdə Çərşənbə tonqalının ətrafına yığışıb nəğmələr oxuyar, rəqs edərdilər. Sonra isə təkəni götürüb kəndi, məhəllələri gəzər və belə deyərdilər: "Qışda yeyib şaxta təkəm, olub biz-biz tükləri təkəm, təkəmə arxalıq verin, eviniz olsun abadan” və s. Bundan sonra təkəçilərə çərşənbə payı verilərdi. Təkə mərasiminin keçirilməsi heç də təsadüfi olmamışdır. Türk xalqlarının mifik təfəkküründə keçi kult olaraq mövcud olmuşdur ki, bu, tayfa və coğrafi adlarda da öz əksini tapmışdır, məsələn: Təkəli tayfası, Keçili kəndi və s.
"Ağırlığım-uğurluğum odda
qalsın”
Xalq arasında ayrı-ayrı adət-ənənələr icra edilərdi ki, onların bir qismi bu gün də öz əhəmiyyətini itirməmişdir. Od çərşənbəsində axşamüstü tonqallar qalanar, böyükdən-kiçiyə hamı "ağırlığım-uğurluğum odda qalsın” deyərək tonqalın üzərindən atlanırlar. Hətta inanca görə, körpə uşaqları da tonqalın üstündən keçirmək lazımdır ki, çillədə qalmasınlar. Tonqal üzərindən atlanmaq bəzi hallarda zərdüştilik görüşləri ilə əlaqələndirilir. Lakin bu, doğru deyildir. Əvvəla, zərdüştilik dövründə odu qoruyan kahinlər ağızlarını sarğı ilə bağlayırdılar ki, nəfəsləri oda, atəşə dəyməsin, çünki verilən nəfəs artıq ölü nəfəs hesab olunurdu. Elə bu səbəbdən də "ağırlığım-uğurluğum oda tökülsün, odda qalsın” ifadəsi zərdüştiliyə aid edilə bilməz.
Çərşənbədə tonqal qalayarkən buraya bar verən ağac parçalarını atmaq düzgün sayılmır. Tonqalda daha çox kol-kos, quru odun parçası və qaratikan yandırılır. Şər qüvvələr odu söndürməyə çalışır, ancaq qaratikandan qorxub yaxına gələ bilmirlər. Adətən tonqala üzərlik də atılır ki, onun tüstüsü bəd nəzərləri məhv etsin.
Tonqalın uzun müddət yanması xeyrə yozulur, tonqalı yarımçıq söndürmək qadağandır. Hətta tonqal sönüb külə döndükdən sonra onu dağıtmırdılar, ətrafına 3 dəfə cızıq çəkilərdi ki, bu da evdən, ailədən ruzi-bərəkətin əksik olmaması inancına söykənirdi.
Oda dərdini deyən xeyir tapar
Adətə görə, çərşənbə tonqalının külü axar suya tökülməlidir.
Zərdüştilik yaranandan sonra Günəşin, Od və Atəşin sakrallığı qorunub saxlanmış, atəşin bir neçə növü ilə bağlı mərasimlər keçirilmişdir. Zərdüştilər istiliyin ilk mənbəyini Ağacın gövdəsində olan istiliyi hesab edir, onun şərəfinə "Şəhrivər”, insan bədənində və təbiətdəki istiliyin şərəfinə "Səddə”, günəş istiliyilə bağlı "Azərcan”, ocaqlarda, atəşgahlarda olan istiliyin şərəfinə "Çırağan” mərasimlərini qeyd etmişlər.
Od çərşənbəsində süfrəyə paxlaplov və quru meyvələrdən ibarət çərşənbə xonçası qoyulur. Günəşin, atəşin rəmzi kimi şamlar, çilçıraqlar yandırılır. Qədim adətə görə, evin künclərinə də şamlar, çıraqlar, çıraqların yanına güzgülər qoyulardı ki, çırağın işığı daha da artsın, bayram əhvali-ruhiyyəsi hiss edilsin. Bu adət "üskübəzəmə” adlanır. Bu adəti çox zaman evin sonbeşiyi icra edərdi, çünki sonbeşik ocaqda qalıb nəsli, soyu davam etdirəndir.
Məlumdur ki, xalq arasında oda salavat verilmiş, insanın yaşadığı yerə də "ocaq” deyilmişdir. Erkən təsəvvürlərdə odla bağlı "Odu közərtmək” oyunu geniş yayılmışdır. Oyunun mahiyyətinə görə, yağışlı, soyuqlu, çovğunlu havalarda belə od qorunur və onun sönməsinə izin verilmir. Odun sakral mahiyyəti folklor mətnlərində də qorunub saxlanmışdır.
Təsadüfi deyildir ki,
erkən dövrlərdə milli məişətdəki
od-ocaq Qobustan qayaüstü rəsmlərində də
özünə yer almışdır. Bu isə türkdilli
xalqların mifik dünyagörüşündə Günəş-Od-Atəş
silsiləsinin əhəmiyyətini bir daha təsdiqləyir.
Azərbaycan.-
2019.- 5 mart.- S.10.