“Sular Novruzu”
Xalqımızın ulu bayramlarından ən möhtəşəmi olan Novruz erkən dövr mifik düşüncə və təsəvvürləri, ayin-etiqadları, inancları, mərasimləri özündə yaşadıb bu günümüzə yetirən humanizm, həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən mənəvi dəyərlər sistemidir. Novruz insana həyat verən, ilk insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlığın adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel və Torpaqdır. Mərasim folklorumuzda törəniş təsəvvürlərini yaradan həmin müqəddəs varlıqlar İlaxır çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış və həyatvericilik funksiyasını formalaşdırmışdır.
Çərşənbə sözünün etimologiyası ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Birinci varianta əsasən, əski müsəlman təqvimində həftənin "cümə günü” bazar günü hesab olunduğuna görə həftənin V günü "çərşənbə”, yəni dörd şənbəyə düşür. Çərşənbə "çaharşənbə” ifadəsinin işlək variantı kimi dilimizə daxil olmuşdur. Mənbələr göstərir ki, "çərşənbə” günü yer üzündə həyatın yaranması gününün axşamı, ərəfəsi sayılmışdır. Hətta həmin gün digər günlərdən daha düşərli, yüngül olduğu üçün "mübarək gün” hesab edilmişdir. İslam aləmində çərşənbə axşamı günü Məhəmməd Peyğəmbərin zövcəsi Aişəyə məxsusdur. Başqa bir söyləmələrə görə, Şərq alimləri təqvim tərtib etməyə çalışıblar, həmin təqvimin hazırlanıb bitməsi çərşənbə axşamına təsadüf etmişdir. Digər təsəvvürə görə, bəzi xalqlarda çərşənbə həftənin ağır günü hesab olunduğu üçün həmin günün xətasız, rahat, sakit keçməsini təmin etmək məqsədilə onun axşamı hazırlıq işləri aparılardı.
Əski inanc və etiqadlara görə, dörd çərşənbənin hər birində bir həyat varlığı "dirilir”, oyanır, təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər, mərasimlər keçirilmişdir. Novruzun müjdəçisinə çevrilən İlaxır çərənbələrin hərəsi mifoloji mənbələrə istinad edir.
Dirilik çeşməsi
Boz ayın dörd çərşənbəsindən birincisi Su çərşənbəsidir, xalq arasında həm də "Əzəl çərşənbə”, "Sular Novruzu”, "Gözəl çərşənbə”, "Gül çərşənbə”, "Zəmzəm çərşənbə”, "Sel çərşənbə” və s. adlandırılır.
Məlumdur ki, həm təbiətdə, həm də insan həyatında suyun yeri və əhəmiyyəti müstəsnadır. Susuz həyatı təsəvvür etmək qeyri-mümkündür. Hətta İslamda su sədəqəsi ən üstün sədəqə sayılır. Su möcüzəvi tərkibə, yaradıcı qüvvəyə malikdir. Su həyat mənbəyidir və dünyanın yaranması, yəni ilkin xaos məhz su varlığı ilə bağlıdır. Suyun tərkibi kimyəvi təsir göstərən, həyat üçün vacib olan mütəhərrik ionlar qrupunun yaranması üçün əlverişli mühitdir. Su biokimyəvi proseslərin gedişini, orqanizmdə temperatur, qida və maddələr mübadiləsini tənzimləyir. Məlumdur ki, insan orqanizminin təqribən 70%-i, baş-beyin isə 90% sudan ibarətdir. Suyun ən əhəmiyyətli xassələrindən biri onun yaddaşıdır. Su verilən informasiya və ya kənar təsirlərin daşıyıcısıdır. Yaponiya alimi Masaru Emotonun apardığı təcrübələrə görə, su deyilən sözlərin mənasına uyğun olaraq reaksiyalar verir. Oxunan dualar, deyilən fikirlər suyun keyfiyyətinə müəyyən təsir göstərir.
Türk xalqlarının mifoloji düşüncəsində su müqəddəs hesab olunur və su kultu mühüm yer tutur. Xalq arasında Su tanrısı Abanın və Nahidin adı ilə bağlı folklor mətnləri yaranmış və bu günə qədər qorunub saxlanmışdır:
Aban abana gəldi,
Aban imana gəldi,
Abana yol verin,
Abana qol verin.
Al Aban haylı gəlib,
Al Aban paylı gəlib...
Suyun müqəddəsliyini,
paklığını tərənnüm edən Novruzun
başlıca rəmzlərindən olan Su çərşənbəsi
şifahi yaddaşda zəngin inanc və etiqadlar, mərasimlər
sistemində təzahür edir. Su çərşənbəsi
suya inam, suya tapınma ilə bağlıdır. Çox erkən
dövrlərdən insanlar hələ gün
doğmamış su üstünə gedər, pak, təmiz,
axar suda yuyunar və bununla da özlərini paklanmış
hesab edərdilər. Əski inanclara görə, Su çərşənbəsində
insanlar axar sudan gətirib evə, həyət-bacaya səpər,
bununla da müşküllükdən, çətinlikdən,
azar-bezardan azad olmalarına inam bəsləyirdilər. Suyun
müqəddəsliyi erkən folklor mənbələrində,
o cümlədən "Kitabi-Dədə Qorqud”da Qazan
xanın "Su həq didarın görmüşdür”
("Su Tanrının üzünü
görmüşdür”) müraciətində,
"Koroğlu”da Qoşabulağın timsalında,
Xızırın Dirilik çeşməsində içdiyi
suda əyan olmuşdur. Türk mifoloji qaynaqlarında "idi”
kimi sahib mənasını verən "su əyəsi”
obrazına rast gəlmək olar ki, o, bütün əyələrdən
güclü hesab olunur. Hətta bəzi mifoloji təsəvvürlərə
görə, "su əyəsi”, yaxud "su yiyəsi”
qadın obrazı kimi səciyyələndirilir. Digər mənbəyə
görə, "suyun altında su əyəsinin öz səltənəti,
öz sarayı var. Həmin su əyəsinin adı
İlyasdır”. İnanca görə, su üstünə gedərkən
mütləq su əyəsinə salam vermək
lazımdır.
Su aydınlıq
saçar
Əski türklər bulaqları
"qara su” yəni, ulu, ilahi, müqəddəs hesab etmiş
və bulağı yeraltı qaranlıq dünya ilə
yerüstü işıqlı dünya, eləcə də
olum və ölüm arasındakı bir yol kimi qəbul
etmişlər. Ona görə də həmin suyu "abi-həyat”,
"dirilik suyu” adlandırmışlar. Xalqımız onu
müxtəlif adlarla, "həyat suyu”, "Xızır
suyu”, "Zəmzəm suyu” və s. ilə ifadə
etmişdir. Folklorumuzda Dirilik suyu ilə bağlı əfsanə
və rəvayətlər mövcuddur. Həmin süjetlərə
görə, Xızır, yaxud Xıdır Dirilik suyunu
tapıb içir, əbədi həyat qazanır, ona görə
də "nəbi”lik - peyğəmbərlik statusunu
qazanır.
Xalq ənənəsində yuxunu axar
suya danışmaq və sanki bununla yuxunun mənfi təsirindən
qurtulmaq inamı da mövcuddur ki, bu da suyun
aydınlığı və arzuolunmaz enerjini yuyub aparması
inancına söykənir.
Erkən inanclara görə,
"Sular toyu” və ya "Axar sular Novruzu” adlandırılan
bu çərşənbə axşamında dan ulduzu
doğulan zaman yer üzündəki bütün axar sular bir
an donub dayanır, hətta bu zaman suya heç nə batmır.
Başqa bir inanca görə, Su
çərşənbəsi axşamında Xızır ilə
İlyasın görüşü baş tutur. Mifik təsəvvürlərə
görə, Xızırla İlyas görüşərkən
sular ətrafındakı bütün canlılar, xüsusən
bitkilər, ağaclar Xızırla İlyasa və yuxudan
oyanmağa başlayan suya səcdə edir, sonra isə onlar əvvəlki
vəziyyətlərinə qayıdırlar.
Əcdadlarımız "kimə bu möcüzəli məqamı
görmək nəsib olarsa, onun bütün arzuları həyata
keçər” deyiblər.
Əcdadlarımızın erkən təsəvvürlərində
bu görüşdən sonra donmuş sular oyanır, təzələnir,
paklanır, aşıb-daşmağa başlayır.
Qoy su aparsın səni...
Su sağlamlıq rəmzidir. Su
çərşənbəsində müəyyən ayinlər
icra edilərdi ki, bunların mahiyyəti, özəllikləri
diqqəti cəlb edir. Məsələn, Su çərşənbəsində
ərgən qızlar axar sudan "lal su” , yəni suyu evə
gətirərkən bir kimsə ilə danışmazdılar.
Suyu bir neçə qaba qoyub saxlayardılar. Qızlar bir yerə
yığışar, hərə öz üzüyünü
saçına sürtüb suya salardı. İnanca görə,
üzük suda neçə dəfə cingildəsə, demək,
həmin yaşda gəlin köçəcək.
Su çərşənbəsində
insanlar sübh tezdən axar suyun üstünə gedər,
"ağırlığım-uğurluğum suya,
azar-bezarım suya” deyib su üstündə dərdlərini
danışar və sanki öz çətinliklərini "təzə
su” üstündə qoyub gedərdilər. Beləliklə də
Su çərşənbəsi mərasimi icra olunardı.
Su çərşənbəsi ərəfəsində
günəş zodiak qurşağında Dolça
bürcündən Balıqlar bürcünə keçir və
Müştəri - Yupiter planetinin himayəsinə daxil olur.
Ona görə də Əzəl çərşənbə
süfrəsində ağzına qızıl
keçirilmiş balığın və dolçada suyun
olması mütləqdir.
Xalqımızın şifahi
yaddaşında milli həyatı, erkən
baxışları, mənəvi əxlaqi dəyərləri
tərənnüm edən və artıq milli təfəkkürdə
qətiləşən bədii mətnlər toplusunda suya inam
və tapınma ilə bağlı saysız nümunələrə
rast gəlmək olar. Onlar ibrətamizlik rəmzi olan atalar
sözü və məsəllərdə, bayatılarda,
inanclarda, türkəçarələrdə, tapmacalarda
bugünümüzlə səsləşməkdədir.
Su səni,
Su göyərtmiş süsəni,
Keçmə namərd
körpüsündən,
Qoy aparsın su səni...
Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış yaxşılıq elə,
Nə çıxar yamanlıqdan?
Erkən təsəvvürlərlə bağlı suya inamın tarixi köklərindən xəbər verən həm mifik, həm də xalq yaradıcılığı nümunələri çağdaş dövrümüzdə öz aktuallığını nəinki itirməmiş, onların milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından əhəmiyyəti daha da artmışdır.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət
Universitetinin professoru,
filologiya üzrə
elmlər doktoru
Azərbaycan.-
2019.- 5 mart.- S.10.