Cocuq Mərcanlının əbədi baharı

 

Gəlişi gözəl Novruz

 

Elimizin, obamızın qəribə adətləri var. Yazın gəlişini yüz illərdi ki, bayram edirik. Qış yuxusundan tumurcuq-tumurcuq oyanan təbiət yavaş-yavaş cana gəlir, yenilənir. Yazın ilıq nəfəsiylə dağların qarı əriyir, çaylar aşıb-daşır.

Kol dibindən boylanan bənövşənin bənzərsiz ətri, həsrətdən saralan nərgizin rayihəsi sanki nəğməkar quşların dilini açır. Gürşad suların şırıltısı, güldən-gülə qonan bülbüllərin cəh-cəhi ecazkar bahar simfoniyası kimi könülləri riqqətə gətirir.

Baharın gəlişi hər yerdə gözəldir. Yazı qürur yerimiz olan Cocuq Mərcanlıda qarşılamağın, bu cənnətməkan diyarın qəhrəman övladları ilə çərşənbə tonqalının başında bir olmağın zövqü, səfası isə tamam başqadır. Sevimli şairimiz Mikayıl Müşfiqin məşhur misraları burada necə də yerində səslənir: "Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur”.

Cocuq Mərcanlı uzun illər həsrət qalıb Novruz tonqallarının istisinə. Nankor və amansız düşmənlərimiz olan Ermənistanın silahlı birləşmələri bu yerləri işğal edib, odlara qalamış, viran qoymuşdular. Ordumuzun 2016-cı ilin Aprel döyüşlərində qazandığı zəfər hesabına xeyli ərazi işğaldan azad edildi. Lələtəpə yüksəkliyini ələ keçirən ordumuz böyük bir əraziyə nəzarət imkanı qazandı. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük qayğısı ilə kiçik Cocuq Mərcanlı əbədi bahara qovuşdu. Sakinləri min bir həvəslə geri dönüb doğma yurdun hər qarış torpağının, daşının, qayasının, həsrətdən qurumuş kolunun, ağacının başına pərvanə kimi dolandılar. Dövlətin yetərli qayğısından güc alıb yağı düşmənin viran qoyduğu Cocuq Mərcanlının xarabalıqları üzərində yenimüasir bir kənd qurdular. Şanlı ordumuzun 2016-cı ilin aprel ayında keçirdiyi uğurlu əks-hücum nəticəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində geniş ərazini nəzarətdə saxlayan Lələtəpə yüksəkliyi erməni hərbi birləşmələrindən azad edildikdən sonra dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün əlverişli şərait yaratmaq məqsədilə qısa müddət ərzində dövlət səviyyəsində bərpa və əsaslı yenidənqurma işləri görülmüş, həyat əvvəlki axarına düşmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa Böyük qayıdışın başlanğıcını qoyduğu, "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar və 15 iyun 2017-ci il tarixli sərəncamlarına əsasən kənddə 27 hektar ərazidə geniş tikinti-bərpa, quruculuq işləri aparılmış, 150 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi, poçt, inzibati bina elektrik yarımstansiyası, hidrometeoroloji stansiya, "Azəravtoyol” ASC-nin 13 saylı xüsusi təyinatlı yol istismar müəssisəsi, "Azərsu” ASC-nin Cocuq Mərcanlı sahəsi və digər müvafiq infrastruktur sahələri yaradılmışdır. İstidoğma münasibəti, gerçək övladlıq məhəbbəti ilə Cocuq Mərcanlını əbədi bahara qovuşduran Prezident İlham Əliyev 14 iyun 2017-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonrakı açılışında iştirak etmiş, birinci mərhələdə 50 Cocuq Mərcanlı ailəsinin öz doğma kəndinə qayıtmasına xeyir-dua vermişdir.

Cocuq Mərcanlı kəndinə köçürülmüş əhalinin təhlükəsizliyi və əməkqabiliyyətli sakinlərin məşğulluğu istiqamətində mühüm tədbirlər həyata keçirilir. Kənddə yaşayış bərpa olunduqdan sonra cəbhə bölgəsində düşmənlə üzbəüz mövqedə dayanan əsgər və zabitlərimiz arxalarında dinc mülki əhalinin yaşamasından ruhlanaraq səngərlərdə daha ayıq-sayıq dayanır, sakinlərin təhlükəsizliyi üçün vəzifə borclarını layiqincə yerinə yetirirlər. Kənd sakinləri isə rəşadətli Azərbaycan Ordusunun gücünə güvənərək doğma yurdlarında özlərini əmin-arxayın, rahat hiss edir, təsərrüfat işlərilə məşğul olurlar.

Cocuq Mərcanlı kəndinin gələcək inkişafı, burada yaşayan əhalinin məşğulluq məsələləri Prezident İlham Əliyevi hər zaman düşündürür. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq aidiyyəti dövlət strukturları, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklər və adamları vaxtaşırı Cocuq Mərcanlıya səfərlər edir, ərazi üçün xarakterik olan layihələrin reallaşmasına təşəbbüs göstərirlər. İqtisadiyyat Nazirliyinin xətti ilə burada həyata keçirilən ilk layihə yem emalı müəssisəsidir. İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə burada istixana və arıçılıq təsərrüfatı yaradılmışdır. Daha bir maraqlı layihənin, suvenir istehsalı müəssisəsinin tikintisinə başlanmışdır. Layihənin müəllifləri Azərbaycan hökuməti və türkiyəli adamları ictimai birliyidir. Burada istehsal olunacaq məhsullar "Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacaqdır.

Qayğı Cocuq Mərcanlını müasir yaşayış məntəqəsinə çevirmişdir. Keçən ilin sonlarında kənddə 14 min kvadratmetr ərazini əhatə edən mədəniyyət və istirahət parkı istifadəyə verilmişdir. Parka futbol meydançası, uşaq əyləncə sahəsi, yay teatrı, kafe, 3 ədəd söhbətgah və s. daxildir.

Üzümüzə gələn yazı Cocuq Mərcanlıda ümidlər baharı kimi gözləyirlər. Çərşənbə torpaqlarının başında səslənən söhbətlərin əsas mövzusu HÜCUM, ZƏFƏR, QƏLƏBƏDİR. Xan Arazın sahilində baharın özü kimi yeniləşən Cocuq Mərcanlının sakinləri böyük qələbənin tezliklə qazanılacağına birmənalı şəkildə inanırlar. Məktəb direktoru Zamiq Həziyevin ocaq başındakı söhbəti də məhz bu inamdan qaynaqlanır.

Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, ordumuzun yenilməz qüdrəti sayəsində Qarabağımızın tezliklə işğaldan azad olunacağı zamanın hökmünə çevrilməkdədir. Bu gün Cocuq Mərcanlıda şölələnən çərşənbə tonqalları, inşallah, gələn Novruz bütün Qarabağda alovlanacaq.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 5 mart.- S.10.