Azərbaycan alimləri Fransada
keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər
Fransanın Nitsa şəhərində
AMEA-nın Fəlsəfə İnstitutunun və Nice Sophia
Antipolis Universitetinin birgə təşkilatçılığı
ilə "Bərabərlik: fəlsəfədən
hüquqa” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Bir
neçə dövlətin filosoflarının və
hüquqşünas alimlərinin təmsil olunduğu konfransda
ölkəmizi AMEA-nın Fəlsəfə İnstitutunun
direktoru, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru, professor
İlham Məmmədzadə, Azərbaycan Respublikasının
Prezidenti yanında İdarəçilik Akademiyasının
professoru, hüquq üzrə elmlər doktoru, Nice Sophia
Antipolis Universitetinin fəxri doktoru İsaxan Vəliyev, Nice
Sophia Antipolis Universitetinin fəxri doktoru, Fəlsəfə
İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə
doktoru Zöhrə Əliyeva və həmin institutun elmi katibi,
fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova
təmsil ediblər.
Tədbirdə "Hüquq fəlsəfəsində
əxlaq, ədalət və mədəniyyət problemləri”
mövzusunda çıxış edən professor İlham Məmmədzadə
əxlaqın, ədalətin və davranış mədəniyyətinin
fəlsəfi mahiyyətindən söhbət açıb, cəmiyyətin
inkişafının hazırkı mərhələsində
bu kateqoriyaların insanlar arasında bərabərliyin təmin
edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini
vurğulayıb. O, daha sonra beynəlxalq münasibətlərdə
bərabərlik problemlərinə toxunaraq Xocalı
soyqırımının mahiyyətindən
danışıb, ermənilərin Xocalı şəhərində
törətdiyi kütləvi qırğını və bu
qırğına münasibətdə ikili standartların
mövcudluğunu bərabərlik hüququnun
pozulmasının xarakterik nümunəsi kimi qiymətləndirib.
"Yaşamaq hüququ: fəlsəfi
mahiyyət və hüquqi problemlər” mövzusunda
çıxış edən professor İsaxan Vəliyev
bütün digər insan hüquqlarının yaşamaq
hüququndan törədiyini nəzəri cəhətdən əsaslandıraraq,
bu hüququn hər cür pozulmasına görə məsuliyyət
məsələlərinə toxunub. O qeyd edib ki, müasir
dünyada baş verən proseslər, bir sıra güc
dövlətlərinin dünyanın yenidən
bölüşdürülməsi iddiasına düşməsi,
zəif inkişaf etmiş dövlətlərin təbii sərvətlərinin
ələ keçirilməsi uğrunda silahlı
münaqişələrdə insanların bərabərlik və
yaşamaq hüququna əhəmiyyət verilməməsi
siyasi müstəvidə adi hala çevrilib və bu vəziyyət
bir sıra hüquqi məsələlərin ənənəvi
həllinə yeni münasibət tələb etməkdədir.
Əks təqdirdə, yaşamaq şansının
reallaşmasına imkan verən vasitələrdən istifadə
etməklə həyatda qalmaq istəyi gündəlik həyatımızda
daha çox müşahidə edilən hala çevriləcəkdir.
Konfransda Zöhrə
Əliyevanın "Sosial-fəlsəfi doktrinalarda ədalət
problemi ətrafında düşüncələr”, Sevinc Həsənovanın
"Makiavellinin əsərlərində əxlaqın və
siyasətin nisbəti” mövzularında
çıxışları yüksək maraqla qarşılanıb.
Diskussiya şəraitində keçən tədbirdə Nice Sophia Antipolis Universitetinin Fəlsəfə, iqtisadiyyat və hüquq fakültəsinin dekanı, professor Kristian Vallar, həmin fakültənin professorları Lea Raso, Philippe Vecrel, Elodie Auda və digərləri bərabərlik məfhumunu müxtəlif elmi müstəvilərdə təhlil edərək mövcud beynəlxalq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış ediblər.
Sonda professor İsaxan Vəliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun müəllifi olduğu "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” (Azərbaycan, türk, rus, ingilis, fransız, ərəb və Çin dillərində) və "Azerbaydjan v sisteme qeopolitiçeskix otnoşeniy na Öjnom Kavkaze i v Kaspiysko-Çernomorskom basseyne” kitablarının bir neçə nüsxəsi Nice Sophia Antipolis Universitetinin kitabxanasına hədiyyə edilib.
Azərbaycan.- 2019.- 5 mart.- S.11.