Nazir: Azərbaycan “Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun inkişafına töhfə verməyə hazırdır

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin "Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə xüsusi yığıncağında iştirak edib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Yığıncaqda çıxış edən nazir Elmar Məmmədyarov bu görüşün əhəmiyyətindən danışaraq onun nəticələrinin nəqliyyat, tranzitlogistika sahələrində iştirakçı ölkələr və digər maraqlı tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Qeyd edib ki, Rumıniya və Türkmənistan tərəfindən irəli sürülən CSBS ideyası ötən il Aşqabadda mütəxəssislər tərəfindən ilkin olaraq müzakirə olunub. "Ölkələrimizin əhatə etdiyi region müstəsna geostrateji əhəmiyyətə malikdir. O, təbii şəkildə AvropaAsiya arasında körpü təşkil edərək, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşən mühüm nəqliyyat qovşağıdır. Bu gün ölkələrimiz arasında yeni bir əməkdaşlıq istiqaməti yaratmaq niyyətimizi dəstəkləmək üçün burada toplandıq. Əməkdaşlığımızın təməlində ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin pozulmazlığına qarşılıqlı dəstək prinsipi durur. Əlbəttə ki, nəqliyyat infrastrukturunun inkişafı həmişə ticarət həcmlərinin artmasında böyük rol oynayıb və bu da öz növbəsində, ümumi ikitərəfli və çoxtərəfli münasibətlərin təşviqinə sürətləndirici təsir göstərir. Bunu nəzərə alaraq, Azərbaycan həmişə regionda qarşılıqlı əlaqələrin yaradılmasına güclü dəstək göstərib və Şərq-Qərb, Şimal-Cənub, eləcə də Cənub-Qərb nəqliyyat dəhlizlərini təbliğ etməklə regionun tranzit potensialını artırmaq üçün səylərini əsirgəməyib. Bu baxımdan, 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu yalnız iştirakçı ölkələri deyil, həm də qitələri birləşdirəcək. Bununla yanaşı, Azərbaycanın Ələt şəhərində yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun Beynəlxalq Logistik Mərkəzinin tikintisi, eləcə də Azad İqtisadi Zonanın yaradılması beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini və regionun ticarət və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Rumıniya bizim üçün Aİ bazarına coğrafi darvazalardan biridir, ancaq CSBS marşrutunun reallaşdırılması ilə bu darvazanın fəal işlək vəziyyətə gətiriləcəyinə inanıram. Bilavasitə qonşularımıza gəldikdə, Türkmənistan bizə Mərkəzi Asiyaya, daha sonra isə Uzaq Şərqə çıxışı təmin edir, Gürcüstan da bizim üçün Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizlərinə vacib bağlantıdır, habelə Qara dənizə giriş nöqtəsidir”,- deyə nazir vurğulayıb.

Bildirib ki, sözügedən ümidverici perspektivlər və bu təşəbbüsün verə biləcəyi geoiqtisadi faydaya istinad edərək, mən yenə də geniş bölgədə daha bir rəqabətli bağlantı olmasına yönəldilmiş "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun dördtərəfli əməkdaşlıq şəklində inkişafına Azərbaycanın dəstək verdiyini təsdiqləmək və bu prosesə fəal töhfə verməyə hazır olduğumuzu bildirmək istərdim. Şübhə etmirik ki, dördtərəfli işçi qrupunun yaradılması və ekspertlərimiz tərəfindən yol xəritəsinin hazırlanması nəticədə bizi CSBS-nin sürətlə həyata keçirilməsi və tədricən onun səmərəli istismarını təmin etmək istiqamətində çoxtərəfli razılaşmaya gətirib çıxaracaq.

 

Azərbaycan.- 2019.- 5 mart.- S.9.