Prezidentin fərmanının həm sosial, həm
də iqtisadi cəhətdən əhəmiyyəti
böyükdür
Redaksiyamız Prezidentin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına daha ətraflı şərh vermək üçün sənədin hazırlanmasında yaxından iştirakçı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir.
Palatadan verilən şərhdə bildirilir ki, dövlət başçısı İlham Əliyevin fərmanı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və maliyyə sektorunda problemli kreditlərin azaldılması çərçivəsində müstəqillik tariximizin ən əhəmiyyətli qərarlarından biridir. Fərman əhalinin izafi borc yükünün azaldılması, iqtisadiyyatın inkişaf sürətini əngəlləyən qeyri-işlək aktivlərin həcminin azaldılması istiqamətində misilsiz əhəmiyyəti olan bir addımdır. Qəbul edilmiş fərman, eyni zamanda, bank və müştəri münasibətlərini bərpa edərək, maliyyə vasitəçiliyinin bərpasına təkan verəcəkdir.
Ümumilikdə fərman iki hissədən: a) devalvasiya nəticəsində xarici valyutada öhdəliklərinin manat ekvivalentinin artması nəticəsində izafi borc yükü yaranmış fiziki şəxslərin maliyyə itkisinin kompensasiya edilməsi; b) vaxtı keçmiş borc yükü olan fiziki şəxslərin borclarının güzəştli şərtlərlə restrukturizasiyasından ibarətdir.
Fərmanın birinci hissəsi fiziki şəxslərin təyinatından və təminatından asılı olmayaraq banklara və ləğvetmə prosesində olan banklar, habelə bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) 2015-ci il fevralın 21-i və ya 2015-ci il dekabrın 21-nə qalıq borcu 10 min ABŞ dollarınadək xarici valyutada olan kreditlər üçün dövlət büdcəsi hesabına kompensasiyaları nəzərdə tutur. 2015-ci il fevralın 21-nə xarici valyutada qalıq borcunun hər dollarına görə 25 qəpik, 2015-ci il dekabrın 21-nə xarici valyutada qalıq borcunun hər dollarına görə 60 qəpik kompensasiya ödəniləcək. Hər iki devalvasiyadan əziyyət çəkən vətəndaş qalıq borcunun hər dollarına 85 qəpik kompensasiya alacaqdır. Kompensasiyalar mövcud borcu olan və artıq borc öhdəliyini icra etmiş hər bir vətəndaşa şamil ediləcəkdir. Məsələn, 2015-ci il fevralın 21-nə qalıq borcu 5000 ABŞ dolları olan vətəndaşın kredit ödənişlərini növbəti dövrlərdə icra edib-etməməsindən asılı olmayaraq baza olaraq 1250 manat, həmin borc vətəndaş tərəfindən ödənilmədikdə və 2015-ci il dekabrın 21-nə də eyni həcmdə olduğu təqdirdə isə əlavə 3000 manat kompensasiya hesablanmaqla həmin vətəndaşa ümumilikdə 4250 manat kompensasiya müəyyən ediləcəkdir.
Kompensasiya məbləği ilk növbədə fiziki şəxsin fəaliyyətdə olan və lisenziyası ləğv olunmuş bütün bank və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxsin sərəncamına verilir. Kompensasiyaların hesablanması üçün vətəndaşların istifadəsinə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kalkulyator hazırlanaraq təqdim edilmişdir. Həmin kalkulyator https://pk.fimsa.az/ ünvanında yerləşdirilmişdir.
Fərmanın ikinci hissəsi 2012-ci il yanvarın 1-dən verilən və fərman qüvvəyə minənədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş 10 min ABŞ dollarınadək və 17 min manatadək borcların restrukturizasiyasını nəzərdə tutur. Bu məqsədlə banklara 682 milyon manatlıq güzəştli kredit ayrılması nəzərdə tutulmuşdur. Bu vəsaitlə banklar tərəfindən fiziki şəxslərin qeyd edilən borcları 5 il müddətinə (1 il güzəşt müddəti daxil olmaqla) 1 faizlə verilən kreditlərlə restrukturizasiya olunacaqdır. Həmçinin banklar tərəfindən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, həmin kreditlərə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması fərmanda tövsiyə edilmişdir.
Bu sənəd məsələyə kompleks yanaşaraq görülən tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsi risklərinin qarşısının alınmasını da nəzərdə tutmuşdur. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankı tərəfindən 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etmək tövsiyə olunmuşdur.
Fərmanın icrası əhalinin borc yükünün azalması ilə onların sosial və mənəvi vəziyyətinin yaxşılaşması, həmçinin bankların problemli kreditlərinin əhəmiyyətli azalmasına və daha dayanıqlı kapital buferinin formalaşmasına şərait yaradacaqdır.
Rüstəm KAMAL
Azərbaycan.-
2019.- 6 mart.- S.1.