Suma Çakrabarti: “Azərbaycanda
həyata keçirilən islahatlar nəticəsində şəffaflıq
və səmərəlilik artıb”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər çox uğurlu əməkdaşlığın davam etdiyini bildirərək, ümumi dəyəri 3,5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsini Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana yaxşı tərəfdaş kimi münasibətinin nümayişi kimi dəyərləndirdi və bütün bunlara görə Suma Çakrabartiyə təşəkkürünü ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Suma Çakrabarti dünyada neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycana səfər etdiyini xatırlayaraq, ölkə iqtisadiyyatının bərpa olunaraq inkişafa qədəm qoyması münasibətilə təbriklərini çatdırdı. O, son illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən sərhəd və gömrük xidmətlərində şəffaflığın və səmərəliliyin artırıldığını, vergi sistemində dəyişikliklərin edildiyini, "ASAN xidmət” sisteminin əhatə dairəsinin genişləndirildiyini və digər istiqamətlərdə böyük uğurlar qazanıldığını qeyd etdi. Suma Çakrabarti Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsinin önəmini vurğulayaraq bunu əldə edilən böyük uğur kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin maliyyələşdirilməsinin ölkəmizdə müasir infrastrukturun yaradılması işinə böyük kömək göstərdiyini qeyd etdi və bildirdi ki, özəl sektorun bu maliyyə vəsaitindən yararlanması və müsbət istiqamətdə inkişafı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi strategiyanın uğurlu olduğunu göstərir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu islahatların və eləcə də idarəçilikdə yeni yanaşma nəticəsində biznesin daha da inkişafı üçün əlverişli şərait yarandığını və büdcə gəlirlərinin artdığını dedi, ötən il, eləcə də bu ilin yanvar-fevral aylarında gəlirlərin plandan artıq daxil olduğunu bildirdi. Dövlətimizin başçısı hazırda Azərbaycanda gömrük və vergi sistemlərinin birgə sıx fəaliyyət göstərdiklərini və bunun nəticəsində bu orqanlarda maksimum şəffaflığın təmin edilməsi istiqamətində səmərəli nəticələrin əldə edildiyini bildirdi və qeyd etdi ki, bütün bu islahatlar və şəffaflığın təmin edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın düşünülmüş və düzgün inkişaf yolu ilə irəlilədiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin bu sahələrdə islahatların birinci hissəsinin başlanğıcında olduğunu, bu il və qarşıdakı illərdə də bütün bunların uğurlu nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Görüşdə
Avropa Yenidənqurma və İnkişaf
Bankının Azərbaycanla yeni sahələrdə
əməkdaşlıqda maraqlı olduğu
qeyd edildi və qeyri-neft sektorunun
inkişafı, şəhərdaxili nəqliyyat, bərpaolunan
enerji və digər sahələrdə əməkdaşlıq
məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2019.- 6 mart.- S.1.