Kristina Marti Lanq: Fəxr edirik ki, Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 5-də İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin dövlət katibinin müavini Kristina Marti Lanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İsveçrə münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirən Baş nazir ölkələrimiz arasında siyasi, iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Novruz Məmmədov əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan və İsveçrə prezidentlərinin görüşlərini xatırladan Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafına çox böyük önəm verir. Baş nazir Novruz Məmmədov Kristina Marti Lanqın ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan-İsveçrə diplomatik münasibətlərinin 25 ildən çox yaşı olduğunu söyləyən Kristina Marti Lanq ölkələrimizin 20 ildir ki, beynəlxalq səviyyədə uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. "Hesab edirəm ki, ötən müddət ərzində biz müxtəlif sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq əlaqələri qurmuşuq. Fəxr edirik ki, Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir”, - deyə Kristina Marti Lanq vurğulayıb.

Söhbət zamanı İsveçrənin AXPO şirkətinin Trans-Adriatik boru kəməri layihəsində iştirakı, həmçinin hökumətlərarası birgə komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib, siyasi, iqtisadi, parlamentlərarası əlaqələrin genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 6 mart.- S.2.