Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyində Prezidentin Fərmanının
icrasına həsr olunmuş
müşavirə keçirilib
Martın 14-də Fövqəladə
Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli
binaların istismarına icazə verilməsinin sadələşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19
fevral tarixli Fərmanının icrası ilə bağlı məsələlərin
müzakirəsinə həsr olunan müşavirə”
keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev iştirak ediblər.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının atdığı növbəti mütərəqqi addım olaraq, bəzi çoxmənzilli binaların istismara verilməsinin sürətləndirilməsinə imkan yaradacaq. Nazir artıq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətini tənzimləyən işçi qrupun yaradıldığını və Fərmandan irəli gələn məsələlərin operativ icrasına başlanıldığını qeyd edib. Bildirib ki, illərlə qaz, işıq, su, poçt xidməti kimi problemlərlə üzləşmiş vətəndaşlar Prezidentin Fərmanının icrası nəticəsində bu çətinliklərdən xilas olacaqlar. Bu baxımdan da bugünkü müşavirə adıçəkilən Fərmanın icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının qarşılıqlı səmərəli fəaliyyətinin daha da gücləndirilməsinə və keyfiyyətinin artırılmasına xidmət edəcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mühüm əhəmiyyət kəsb edən Fərmanın icrası zamanı on minlərlə sakinin probleminin öz həllini tapacağını deyib. Bildirib ki, işçi qrup artıq yoxlanılmış binaların istismara verilməsini daha da sürətləndirmək istiqamətində işlər aparır.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev Fərmandan irəli gələn məsələlərin əhəmiyyətindən danışaraq, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının əlaqəli işinin vacibliyini vurğulayıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Fərmanın əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynadığını diqqətə çatdıraraq bildirib ki, rəhbərlik etdiyi qurum işçi qrup çərçivəsində çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi üçün lazımi işlərin görülməsində yaxından iştirak edir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində mühüm işlər görüldüyünü və Fərmanın icrası istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin də aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
“Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev adıçəkilən Fərmana uyğun olaraq, bəzi çoxmənzilli binaların elektrik enerjisi, su və qaz ilə lazımi səviyyədə təminatı üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildiriblər.
Sonra mövzu ilə bağlı həlli vacib olan məsələlərin
geniş müzakirəsi aparılıb, Fərmanın
icrasının vaxtında və keyfiyyətlə həyata
keçirilməsi üçün aidiyyəti
üzrə tapşırıqlar verilib.
Azərbaycan.-
2019.- 15 mart.- S.10.