"Dünya üçün Çinin inkişafı və imkanları"

 

Martın 15-də VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən altıncı panel iclasında “Dünya üçün Çinin inkişafı və imkanları” mövzusu ətrafında müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, panel iclasının moderatoru, Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonq Çinin dünya iqtisadiyyatında oynadığı rol, həyata keçirdiyi nəhəng layihələr barədə məlumat verib.

Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Rəşid Alimov bildirib ki, Çin investisiyaların cəlb edilməsi sahəsində dünya miqyasında lider ölkədir. Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinə toxunan R.Alimov vurğulayıb ki, bu, investisiya baxımından ən böyük layihələrdən biridir.

Laosun xarici işlər nazirinin müavini Khamphao Ernthavanh Bakıda yüksək səviyyədə təşkil edilən belə bir tədbirə görə Azərbaycan hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. O qeyd edib ki, Çin iqtisadiyyatının sürətli artımı dünyada sülhün və təhlükəsizliyin təmini baxımından əhəmiyyətə malikdir. Çünki Çinin həyata keçirdiyi layihələrdə demək olar ki, dünyanın hər iki ölkəsindən biri iştirak edir. Nazir müavini 2020-ci ildə Çin ilə Laos arasında dəmir yolunun açılacağını da diqqətə çatdırıb.

Macarıstanın sabiq Baş naziri Peter Meddyeşi deyib ki, Çin dünyada sabitləşdirici gücə malikdir. Hazırda bu ölkədə iqtisadiyyatın müxtəlif sahələrində sürətli inkişaf müşahidə olunur ki, bu da Çinin dünya iqtisadiyyatında böyük rol oynamasına imkan yaradır.

ABŞ dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel diqqəti "Bir kəmər, bir yol" layihəsinə yönəldərək qeyd edib ki, qədim İpək yolunun bərpası sayəsində İndoneziyadan Avropaya qədər yeni bir marşrut yaradılır və dünya əhalisinin dörddəüçü bu layihədən faydalanacaq. Bu layihə iqtisadiyyatın inkişafına, Azərbaycandan da keçməklə Avropaya yük daşımalarının daha qısa məsafə ilə və az müddətdə həyata keçirilməsinə imkan verəcək. O bildirib ki, Prezident İlham Əliyev Forumun açılışında söylədiyi nitqdə Şərq-Qərb dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu layihənin bir hissəsi olduğunu bildirib.

Rumıniyanın sabiq Prezidenti Petre Roman deyib ki, Çin infrastruktur sahəsində dünyada dominant mövqeyə malikdir. Son illərdə bu ölkə innovasiyalar sahəsində uğurlu nəticələr əldə edib.

Yeni Zelandiyanın sabiq Baş naziri Cennifer Şipli Çinin yoxsulluğun aradan qaldırılması ilə bağlı əldə etdiyi müsbət nəticələrə dünyanın hələ həsəd apardığını vurğulayıb. Pekinin nəhəng iqtisadiyyata malik olduğunu deyən sabiq Baş nazir bunun sayəsində Çinin öz təsirini getdikcə artırdığını diqqətə çatdırıb. O, digər ölkələrin Çinin bank sistemi sahəsindəki təcrübəsindən faydalana biləcəyini qeyd edib.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç Çinin hazırda regiona ən çox töhfə verən ölkə olduğunu vurğulayıb. O deyib ki, böhran dövründə bu ölkə 750 milyondan çox insanı yoxsulluq vəziyyətindən çıxarıb. Miqrant probleminə toxunan Serbiyanın sabiq dövlət başçısı bu məsələnin həll olunmasına Avropa ölkələri tərəfindən lazımi dəstək göstərilmədiyini bildirib.

Sloveniyanın sabiq Prezidenti Danilo Türk diqqətə çatdırıb ki, yeni texnologiyalar Çinin dünyaya verdiyi töhfələrdən biridir. O, bəzi Avropa ölkələrinin "ağıllı şəhər" yaratmaq üçün Çinin yüksək texnologiyalarından yararlanmaq niyyətində olduğunu söyləyib.

Çinin Renmin Universitetinin Çunyang Maliyyə Araşdırmaları İnstitutunun icraçı dekanı Vanq Ven hazırda ölkəsinin inkişaf potensialının daha yüksək olduğunu deyib. O, Çində yoxsulluğun azaldılması, korrupsiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

Sonda auditoriyanın sualları cavablandırılıb.

 

Azərbaycan.- 2019.-16 mart.- S.6.