Müasir İncəsənət Muzeyində xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb

 

Martın 16-da Müasir İncəsənət Mərkəzində xalq rəssamı Qəyyur Yunusun 70 illiyinə həsr edilmiş "Həqiqət yollarında” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə sənətkarın rəngkarlıq və qrafika janrında olan 100-dən çox əsəri nümayiş edilir.

Sərginin açılışından əvvəl Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq sədri Mladen İvaniç Müasir İncəsənət Muzeyi və sərgidə yer alan rəsm əsərləri ilə bağlı təəssüratlarını bölüşərək deyib: "Bu muzeydə ilk dəfədir oluram. Çox gözəl muzeydir. Rəssamlar öz əsərlərini burada təqdim edirlər. Sərgilənən əsərlər heyrətamizdir, gözəlliyi ilə seçilir. Nümayiş olunan əsərlərdəki qadın obrazları, onların həyat tərzi, sadəliyi xüsusilə diqqətimi çəkdi. Rəssama yaradıcılığında uğurlar arzulayıram”.

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov çıxış edərək rəssamın yaradıcılığından söz açıb. Bildirib ki, rəssamın yaradıcılığı konseptuallığı romantik meyillərlə birləşdirir. Sərgidə nümayiş olunan əsərlərin məziyyətlərindən söz açan X.Abdinov deyib ki, təqdim edilən əsərlər rəssamın həyat və yaradıcılığının müxtəlif dövrlərinə aiddir. O, həmçinin bildirib: "Əsərlər arasında müxtəlif mövzulu kompozisiya, portret və mənzərələr yer alıb. Rəssamın yaradıcılığında Şərq və Qərb incəsənətinin sintezi hiss edilir. Yaratdığı qadın portretləri sayəsində böyük uğurlar əldə etməsi ilə yanaşı, yaradıcılığında dini mövzuda olan əsərlər də üstünlük təşkil edir. Sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov vurğulayıb ki, əsərləri dünyanın bir sıra şəhərlərində sərgilənən rəssamın yaradıcılığı zəngindir. O qeyd edib ki, Qəyyur Yunus ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, İngiltərə, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Polşa, Suriya, Əlcəzair və İranda keçirilən sərgilərin iştirakçısıdır. O, bütün zamanlarda yaradıcılığını inkişaf etdirib, onun yaradıcılığı hər zaman maraqlı olub, sevilib. Q.Yunus özünəməxsus canlı reallığı yaradan ustad rəssamdır. F.Xəlilov fırça ustasına bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.

Sonda Qəyyur Yunus çıxış edərək sərginin iştirakçılarına və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirərək deyib: "Bugünkü gün məni çox fərəhləndirir. Yubiley sərgimin təşkilində göstərdiyi dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.

Sonra qonaqlar sərgiyə baxıblar.

Ekspozisiyada yer alan əsərlər insanı dərindən düşündürür. Rəssamın rəngkarlıq, qrafika əsərlərində və eskizlərində ayrı-ayrı təsvirlər İslam dininin rituallarını, ibadət edən insanların, zəvvarların və sufilərin obrazlarını əks etdirir. Belə obrazlar əsasən xarici görünüş baxımından da seçilən simalar - ay bənizli gözəllər, yaraşıqlı uşaqlar və nur üzlü yaşlılardır.

Qeyd edək ki, Qəyyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar "Humay” mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

 

Azərbaycan.- 2019.- 17 mart.- S.7.