Dayanıqlı
inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycan
islahatların növbəti mərhələsinə qədəm
qoyur
Novruz bayramı münasibətilə
Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə
ürəkdən təbrik edir, bu əziz bayram günlərində
hamınıza bahar əhval-ruhiyyəsi,
cansağlığı və səadət arzulayıram.
Qədim dövrlərdən bəri
mənəvi həyatımızın ən dərin qatlarına
nüfuz etmiş və milli-mədəni dəyərlərimizin
təşəkkülündə müstəsna yer tutmuş
Novruz bayramı əcdadımızın indiki nəsillərə
misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə
dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində
xalqımızın dolğun həyat fəlsəfəsi və
zəngin düşüncə dünyası parlaq təcəssümünü
tapmışdır.
Azərbaycan torpağında Novruz
bayramı daim yad təsirlərdən uzaq tutulmuş və
heç bir qüvvəyə onu insanlarımızın qəlbindən
çıxarmaq imkanı verilməmişdir. Biz onun
böyük mənəvi gücü sayəsində
keçmişimizin mürəkkəb dövrlərində belə
nikbinliyimizi və gələcəyə inamımızı
qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının
bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması
dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.
Baharın yurdumuza hər gəlişi
əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə
uyğun, yüksək təntənə ilə qeyd olunur.
Qloballaşma dalğasının geniş vüsət
aldığı və ənənəvi dəyərlərin
sürəkli dəyişikliklərə məruz
qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni
irsə bağlılığımızın ifadəsinə
çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri
cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən
ümumbəşəri irsin şah əsərləri
sırasına daxil edilməsi hər birimiz üçün
iftixar mənbəyidir.
Dayanıqlı inkişaf yolunda
ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların
növbəti mərhələsinə qədəm qoyması
yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng
səsləşərək qurub-yaratmaq əzmimizi
artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki
davamlı müasirləşmə meyilləri ilə vahid
axarda gerçəkləşdirilən müxtəlif layihələr
ölkə vətəndaşlarının rifahının
daha da yaxşılaşdırılmasına yönəlmişdir.
Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər
ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.
Novruz bayramınız mübarək
olsun!
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 mart 2019-cu il.
Azərbaycan. - 2019.- 19 mart.- S. 1.