Xalq Prezidenti ilə Novruz
bayramını keçirdi
Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Novruz xalqın milli təfəkkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir. Ona görə də Novruzun timsalında ölkəmizdə malik olduğumuz milli mədəniyyət nümunələrinin qorunub saxlanmasının özü belə, bir mədəniyyət və bəşər əhəmiyyətli hadisədir. Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.
Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəldilər.
Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət etdilər.
Prezident İlham Əliyev: Salam. Bayramınız mübarək!
Sakinlər: Çox sağ olun. Mehriban xanım, təbrik edirik. Bayramınız mübarək.
Birinci xanım Mehriban Əliyeva: Bayramınız mübarək olsun.
Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası ilə tanış oldular.
Sakinlər: Cənab Prezident, Mehriban xanım, bayramınız mübarək. Var olsun Prezidentimiz. Cənab Prezident, Sizin gördüyünüz işləri xatırlatmağa ehtiyac yoxdur. Hamısı göz qabağındadır. Məhz buna görə Mehriban xanımı da, Sizi də hamı sevir. Allah Sizi qorusun. Sizə və ailənizə cansağlığı diləyirik. Bayramınızı bir daha təbrik edirik.
Prezident İlham Əliyev: Çox sağ olun, sizin də bayramınız mübarək olsun.
Dövlətimizin başçısı və birinci xanım gənc rəssamların əsərlərinin sərgisinə baxdılar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları aşıqların ifasını dinlədilər.
Aşıq Samirə: Cənab Prezident, saza, sözə diqqətə görə çox sağ olun. Bütün Azərbaycan aşıqları adından təşəkkür edirik. Bayramınız mübarək.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sonra Prezident İlham Əliyev Novruz şənliyində iştirak edən xarici ölkələrin vətəndaşları ilə görüşüb söhbət etdi.
Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış oldular.
İçərişəhərin qala divarları üstündə qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verdi, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayaraq dedi:
-Xoş gəlmisiniz, gəlişiniz bərəkətdir, ruzidir. Elimizdən, obamızdan heç vaxt ruzi-bərəkət əskik olmasın. Uca dağlarımız yıxılmasın, kölgəli ağaclarımız kəsilməsin, gur-gur axan təmiz sularımız qurumasın, çapa-çapda ağ-boz atlarımız büdrəməsin, çarpışanda qılıncımız kütləşməsin, evimizdə çırağımız daim yansın. Qoy, üçrəngli bayrağımız zirvələrdə dalğalansın, düşmənlərimiz xar, dostlarımız var olsun. Heç kəs düşmənə möhtac olmasın. Bayramınız mübarək olsun.
Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.
Bahar qızı dövlətimizin başçısına bayram xonçası təqdim etdi.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər.
Kosa: Cənab Prezident, Mehriban xanım xoş gəlmisiniz. Cənab Prezidentin təkcə bu il qurub-yaratdıqlarını danışsan gələn Novruza qədər bitməz. Bax, indi təkcə birini deyəcəyəm. Cənab Prezident, min illərdir mən xurcunumu, xonçalarımı doldura bilmirəm ki, bu Keçəlin toyunu edim. Sizin bayramqabağı verdiyiniz sərəncamlardan sonra xurcunlarımız da doldu, xonçalarımız da. Odur ki, bu Keçəlin toyunu rahat edə bilərəm.
Keçəl: Cənab Prezident, təşəkkür edirəm, gəlin, adət-ənənələrimizə uyğun olaraq bu il də yumurta döyüşdürək ki, elimiz-obamız daha da bərəkətli olsun. Qoy bu il də Azərbaycanımızın sorağı eldən-elə, dildən-dilə dolaşaraq hey ucalsın. Bayramınız mübarək olsun.
Prezident İlham Əliyev: Təbrik edirəm, bayramınız mübarək olsun.
Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində İçərişəhərdə təşkil edilən yarmarka ilə tanış oldular.
Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova Prezident İlham Əliyevə miniatür kitablar hədiyyə etdi.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür edərək dedilər: Çox hörmətli cənab Prezident, əziz Mehriban xanım, səməni ətirli, torpaq təravətli, bahar sevincli bu gözəl bayramda Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ölkəmizin ərazi bütövlüyü, inkişafı naminə gördüyünüz böyük və məsuliyyətli işlərdə uğurlar arzu edirik. Cənab Prezident, gələn il bizim teatrın 110 ili tamam olur. Xoşbəxtik ki, bu yubileyi Sizin imzaladığınız Sərəncamla, akademik teatr statusu ilə qeyd edəcəyik. Biz bilirik ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrına Sizin səmimi münasibətiniz illər öncədən başlayır. Bizim əzizlərimiz, Tanrı sizi qorusun. Bayramınız mübarək olsun!
Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.
Dövlətimizin başçısı və xanımı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ilə xatirə şəkli çəkdirdilər.
Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müasir Azərbaycan rəssamlarının rəsmlərinə baxdılar.
Sonda dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənətkarlarla söhbət etdilər.
Prezident İlham Əliyev: Sizə uğurlar, cansağlığı arzu edirəm. Bayramınız mübarək olsun.
İranlı turistlər: Bayramınız mübarək. Biz İrandan gəlmişik.
Prezident İlham Əliyev: Çox sağ olun, sizin də bayramınız mübarək.
Paytaxt sakini: Salam, bayramınız
mübarək. Mehriban xanım,
bayramınız mübarək.
Birinci xanım
Mehriban Əliyeva :
Bayramınız mübarək.
Paytaxt sakini: Oğlum,
get, babaya şeir de.
Uşaq: El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam doğma Vətənimsən,
Ayrılarmı könül
candan,
Azərbaycan, Azərbaycan.
Birinci xanım
Mehriban Əliyeva: Afərin.
Prezident İlham
Əliyev: Nə gözəl, nə yaxşı uşaqdır.
Paytaxt sakini: Çox
sağ olun,
minnətdaram. Bayramınız bir daha mübarək.
Allah Sizi qorusun.
Mehriban xanım, Sizin də bayramınızı
təbrik edirik, cansağlığı arzulayırıq.
Neçə belə illərə
çıxasınız.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə
sakinlərlə çay
süfrəsi arxasında
söhbət etdilər.
İçərişəhərə göstərilən daimi diqqət və qayğı Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni
irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin
tərkib hissəsidir. Həmçinin
Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun da ölkəmizin mədəni dəyərlərinin,
o cümlədən zəngin
tarixi memarlıq irsinin qorunması və dünyada təşviqində böyük
rolu var. İçərişəhər
sakinləri göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq etdilər.
Prezident İlham
Əliyev: İçərişəhər
bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə
ildir ki, İçərişəhərin xüsusi statusu var, burada xüsusi
idarəetmə yaradılıbdır.
Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər
öz gözəl simasını saxlayır.
Dünyada belə böyük
şəhərlər o qədər
də çox deyil. Bir neçə ölkədə
belə qədim yaşayış yerləri
bizdəki kimi dövlət tərəfindən
qorunur. O cümlədən
Avropa və Asiya ölkələrində
bu cür şəhərlər var. Amma
İçərişəhərin xüsusi aurası, xüsusi cəlbedici gücü var. Adam buraya gələndə getmək
istəmir. Çox şadam ki,
son illər ərzində
burada abadlıq işləri aparılır.
Amma əsas odur ki, bu tarixi
sima qorunur. Demək olar ki, indi
buraya hər gün turistlər gəlir.
Sakin: Mən yetmiş ildir ki, burada yaşayıram.
Biz İçərişəhərin
necə pis gündə olduğunu görmüşük. Küçələr daşlı idi, gəzmək olmurdu. İndi qısa müddətdə
Sizin köməyinizlə
İçərişəhər çox gözəl, çox rahat olub.
Prezident İlham
Əliyev: Burada həm yaşamaq üçün şərait
yaradılıb, həm
də ki, ictimai yerlər. Bu gözəl şərait
turistləri cəlb edir. İçərişəhərdə tarixi binalar
təmir olundu. Onların bir çoxu köhnəlmişdi, sıradan
çıxmışdı. İçərişəhər dünya miqyasında
nadir bir yerdir.
Sakin: Bir vaxt deyirdilər ki, İçərişəhərdən
camaatın hamısını
köçürsünlər. Amma Siz qoymadınız.
Prezident İlham
Əliyev: Düzdür, belə təkliflər var idi. Bu barədə mənə deyəndə qətiyyən
bunun əleyhinə oldum. Çünki İçərişəhəri
yaşadan burada yaşayan insanlardır.
Yəni,
bu, muzey deyil, bu, yaşayış
yeridir. İçərişəhərlilər, onlara xas olan həyat tərzi, mədəniyyət
– bunlar bizim böyük sərvətimizdir.
İçərişəhərin üstünlüyü ondadır ki, qədim dövrlərdən
burada insanlar yaşayır, nəsillər
gəlir, gedir. Eyni zamanda, bu, açıq
səma altında bir muzeydir. Bəzi ölkələrdə belə
qədim yerlər, sadəcə olaraq, görüntü naminə
saxlanılır, turistlər
gəlirlər, gəzirlər,
çay, qəhvə
içib gedirlər.
Amma İçərişəhərdə insanlar yaşayır.
Əlbəttə ki, burada yaşayan insanlar üçün yaxşı
şərait yaradılıb.
Sakinlər: Hara getsək bu yer bizi
cəlb edir, hara getsək, birinci bura yadımıza
düşür. Cənab
Prezident, bizim muzeylərimiz də inkişaf edir. Keçən ilin dekabr ayında Nazirlər Kabinetinin qərarı ilə bir neçə
muzey – Qız Qalası, Şirvanşahlar
Sarayı, “Qala” Dövlət Etnoqrafik Qoruğu muzey birləşməsi oldu.
İçərişəhər muzeylər mərkəzidir.
Bildiyiniz
kimi, Şirvanşahlar
muzeyi ən aparıcı muzeylərdən
biridir. Bizə qədim Şirvanşahlar
dövlətindən qalan
yeganə belə bir saraydır ki, çox böyük marağa səbəb olur. Buraya çoxlu turistlər gəlirlər. Bu, çox yüksək göstəricidir.
Prezident İlham
Əliyev: Turistlər daha da çoxalacaq.
2016-cı ildən başlayaraq
turistlərin sayı hər il artır.
Əsas artım
2016-cı ildə başladı.
Həmin il 22 faiz artım oldu. Ondan sonra daha 20 faiz artdı. Keçən il
isə artım təqribən 5 faiz olub.
Sonra “Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlətimizin
başçısı və
xanımı ansamblın
üzvləri ilə xatirə şəkli çəkdirdilər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı
meydanda Novruz tonqalını alovlandırdı.
Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu,
böyük bir arealda yaşayan 200 milyondan çox insanın
milli-mənəvi yaddaşına dünyanın ən mötəbər
qurumu səviyyəsində verilən dəyərin
təzahürüdür. Qədim tarixə malik
Novruz həm də əcdadlarımızın
bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən
milli düşüncə tərzinin və
məfkurəsinin formalaşmasında, insanların yüksək
əxlaqi dəyər və normalar çərçivəsində
yaşamasında böyük rol oynayan Novruz
bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən
canlanmasını müjdələyən Novruz
əsrlər boyu həm də
insanlarımızı işıqlı sabaha,
xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar
arasında birlik və
mehribanlığın möhkəmləndirilməsi,
onların bir-birinə mərhəmət və diqqət
göstərməsi kimi sağlam
təməllər yaradıb.
Azərbaycan.-
2019.- 20 mart.- S.1-3.