Yeni Azərbaycan Partiyasının rəhbərliyi Novruz bayramı münasibətilə müharibə
və əmək əlilləri üçün
pansionatda olub
Martın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Novruz bayramı münasibətilə Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda olub.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov pansionatın sakinlərini Novruz bayramı münasibətilə təbrik edib. O bildirib ki, bu gün Azərbaycanda uğurlu sosial siyasət aparılır. Bu siyasətin nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir. Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur. Əli Əhmədov yaşlı nəslə, ahıllara diqqət və qayğı göstərilməsi işlərində YAP-ın da fəal iştirak etdiyini, partiyanın nümayəndələrinin tez-tez bu müəssisədə görüşlər keçirdiyini və burada yaşayanlara öz dəstəyini göstərdiyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti bütün həssas qruplar kimi, tənha ahıl vətəndaşların da rifah halının yaxşılaşdırılması tədbirlərinin güclənməsinə səbəb olub. Dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına imkan verdiyini vurğulayan nazir bildirib ki, eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən bu mühüm sosial müdafiə tədbirləri vətəndaşlarımızın Novruz bayramını daha nikbin duyğularla qarşılamasına səbəb olub.
Müəssisənin sakinləri onlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan ahıl insanlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
YAP icra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov görüşdə iştirak ediblər.
Tədbir bədii hissə
ilə davam edib.
Azərbaycan.-
2019.- 20 mart.- S.3.