“Dədə
Qorqud”un üç tonqalı qələbə rəmzidir!
El-obamıza
Novruz gələndə dağların zirvəsində
qalanardı bu ocaqlar...
Mart ilin ən sevimli aylarından
biridir. İlk növbədə ona görə ki, məhz bu
ayda ana təbiət qış yuxusundan oyanır, torpaq cana gəlir,
ötən ilin payızından isti ölkələrə
uçub getmiş köçəri quşlar geri qayıdaraq
ağacların budağında quruyub qalan yuvalarını bərpa
edir.
Bununla da bir daha təsdiqlənir
ki, yaşıl donlu bahar ömrümüzə - həyatımıza
və həyətimizə ayaq başmaqdadır, ana təbiət
hərdən şıltaqlıq edib üz-gözünü
bozartsa da, lap elə qarı nənənin çəpişlərini
vədəsiz yağan qar, çovğun qorxutsa da...
Təbiətin "oyanış
ayı”nda çayların buzu əriyir, arxın kənarlarında
yerin yeddi qatına kök atmış yarpız, gicitkən
soyuq-sazaqdan qorxmayıb günəşə boylanır. Zirvəsi
bəyaz dağlar baharın gəlişini duyub ağ
çalmasını açmağa, yaşıl şala
bürünməyə hazırlaşır.
Hələ bir qaya dibinə
sığınmış novruzgülünə baxasız. Elə
bilir ki, ondan tez oyanan yoxdur. Amma baxıb görəndə ki,
danaqıran "onu yuxuya verib”, boynunu əyib kövrəlir,
kol dibində bəndə düşən bənövşəni
səsləyir, təbiət yenidən canlanır, qış
donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər
verir, başlayır o da nazlanmağa.
Novruz günlərinə qədər
dörd çərşənbə yol gələn yaz fəsli
Sudan keçib, Odda bişib, Yelin qanadlarında
özünü Torpağa yetirəndə görüb ki,
qarçiçəyi yerin bağrını yarıb. Novruzun
təbiətə gətirdiyi oyanış, deyirlər ki, aran
yerlərində daha çox hiss olunur. Lakin dağların
Novruz bayramını necə qarşılamasının
şahidi olanlar bu həqiqəti bəzən qəbul edə
bilmirlər, onun da səbəbləri var.
Novruz bayramı günlərində
(hətta çərşənbələr başlayandan) qəmli
notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir:
dəm dəmi gətirər, qəm də qəmi.
Ağrı-acılarımızı tonqalda
yandırırıq ki, yeni baharımız, yazımız
xoş əhvali-ruhiyyə gətirsin, şadlıq və
sevincli günlər qədəm bassın həyatımıza.
Belə günlərdə qəmlənmək olmaz, lakin nə
yazıqlar ki, bu da hələlik mümkün deyil.
Düşmən tapdağında qalan yurdlarımızda Novruz
tonqalları qalanmır. Dədə Qorqud boylarından boy verən
bu oyanış tapdaq altındakı yurdlarımızda illərdir
ki, gecikir. Çünki orada yağı torpağa
qayğı göstərmir, onu əkib-becərmir, əksinə,
onu yaralayır.
Tədqiqatçı-alim, professor
Dilqəm Quliyevin araşdırmalarına görə, Cəmşid
Araz çayı kənarında məskən salıb məclis
quraraq dünya hadisələrindən xəbərdar olub.
Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində
bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir
sıra şəhərlər gəzib, nəhayət, Azərbaycana
gələndə taxta çıxdı və camaat onu
çiyinlərində apardı. Günəş
şüaları həmin taxta düşdü. Camaat bu
şöləni görüb həmin günü bayram etdi.
Digər bir mənbədə isə deyilir ki, Cəmşid
dünyanı seyr edirdi. Azərbaycana çatdıqda o, həmin
gün taxta oturdu, camaat şadlıq etdi. Dedilər ki, bu
gün Novruzdur - yeni gündür”.
Novruz bayramının Azərbaycanla
bağlı olması barədə fikirlər əsrlər
boyu davam edərək dövrümüzə qədər gəlib
çatıb. Ümumiyyətlə, orta əsr mənbələrinə
xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin
dövrlərdə bütün bayramların
hökmdarların adı ilə bağlanmasına xeyli səy
göstərilib. Bu isə dövrün xüsusiyyətlərindən
irəli gəlirdi. Çünki orta əsrlərdə alim və
şairlərin, demək olar ki, əksəriyyəti müəyyən
hökmdarların tabeliyində və ya himayəsi altında
olub.
...Dünyagörmüş şəhid
anası Səmayə Mehdiyeva isə deyir ki, Novruz gecələrində
sübhə kimi yatmayan təkcə oğlanlar və ya orta
yaşlı kişilər deyil, qızlar da olurdu: "...Kənd
qızlarının bir evə yığılması və
orada mərasimlə bağlı müxtəlif oyunlar
keçirmələri oğlanların da marağını
çəkərdi. Həmin gecələrdə qız bəyənməyə
çıxanlar da az olmazdı. Qızlar şirniyyat bişirər,
nənələrindən qalma yadigarları yada salar - bəxtlərini
sınayar, qapıpusmaya çıxardılar. Daha bir
maraqlı oyun "Yelləncək” idi. Hündür yerlərdən
kəndirlə yelləncək asardılar. İkiqat
asılmış kəndirin bir tərəfində oğlan,
digərinkində isə qız oturardı. Üz-üzə
oturmuş bu cütlükləri bəzən
yarızarafat-yarıgerçək sevgililər də
adlandırardılar. Çünki qızlar yalnız bəyəndikləri
oğlanla birlikdə yelləncəyə minərdilər...”
Qonşuların və
qohumların, eləcə də küsülülərin
bir-birinin evinə ayaq açması milli birliyin göstəricisi
sayılırdı. Bayram günlərində
küsülülər barışmalı, kimsə
qanıqara olmamalıdır, xoş sözlər
danışmalıdır. Çünki qapının
arxasında "bəxtinə çıxan sözlər”i səbirsizliklə,
təlaş və həyəcanla gözləyənlər
olur. "Duzlu kömbə” yeyib yatanların yuxularının
çin olacağı inamının da tarixi çox qədimlərə
gedib çıxır...
Qalanan tonqalların
qığılcımları göyləri yandırmasa da,
düşmənin bağrını yarır, yarasaların
gözlərini qamaşdırır. Dədə Qorqud Oğuz
oğluna tapşırıb ki, dağların başında
üç tonqal qalasın. Qoy düşmən bilsin ki,
Oğuz yurdunun ocağı gur yanır... Bunun rəmzi mənası
var. Üç tonqal qələbə rəmzidir! Üç
tonqal qalamağa qadir olan xalqımızın Novruz
bayramının özəllikləri az deyil. Bu milli
bayramın əsrlər və minilliklər yola salması onun
digərlərindən fərqli cəhətləridir. Vaxtilə
dini don geydirilən və buna görə də sovetlər tərəfindən
keçirilməsi yasaq edilən Novruz, əslində, mahiyyətini
özü göstərir. O, təbiətin canlanması ilə
fəsillərin yerinin dəyişməsini bildirir. Demək,
il təzələnir. Milli-mənəvi sərvətlərimizdən
sayılan Novruz bayramı özəllikləri ilə fərqlənir.
Bəlkə də türk xalqlarının yeganə
bayramıdır ki, bu əziz günlərdə
böyüklü-kiçikli hər kəsin qəlbinə bir
bahar təravəti, yaz duyğuları - coşqunluq, yüksək
əhvali-ruhiyyə dolur.
Qədəmləri uğurlu, bərəkət
sovqatlı olsun Novruz bayramının. Hər diləkdən
bir mətləb hasil olur, deyirlər. Qoy builki Novruz yurd
nisgillilərə, sadəcə, təsəlli deyil, xoş
ovqat gətirsin, ümidləri cücərtsin...
Gəl, gəl, a yaz günləri,
ilin əziz günləri...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-
2019.- 20 mart.- S.7.