Xalq oyunları
Folklor nümunələri olan meydan tamaşaları min
illərdir ki, qorunub
saxlanmaqdadır
Novruz bayramı milli adət-ənənələrimizi özündə qoruyub saxlaması ilə də sevilir. Əslində, bu bayram həyat və məişətimizin elə sahəsi yoxdur ki, oradan özündə pay saxlamasın. Xalqımızın zənginliyi həm də onun milli etniklərin adət-ənənələrinə hörmətlə yanaşması ilə ölçülür. Hər bir azsaylı xalqın milli adət-ənənəsinin Novruzda təqdim edilməsi ölkəmizdə multikulturalizmin nümunəsi də hesab edilir.
Bu gün onun qorunub saxlanması dövlətimizin mədəniyyət siyasətinin tərkib hissəsinə çevrilib. Respublikamızda yaşayan bütün azsaylı xalqların folklorunun tərkibini zənginləşdirən "Motal-motal”, "Qurd basdı”, "Çövkən”, "Cızıq turnası”, "Gizlənpaç” (gizlən, qaç), "Oğru-oğru”, "Şuma qədər”, "Aşıq-aşıq”, "Qoz-qoz”, "Pul-pula”, "Zorxana”, "Sino”, "Mil”, "Qəpik-qəpik”, "Fincan-fincan”, "Bənövşə”, "Dirədöymə”, "Çalabaşı”, "Yelləncək”, "Maraloyunu”, "Kilimarası” və s. oyunlarda həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərlər.
Novruz bayramından söhbət açan bəzi müəlliflər "Kosa-kosa”, "Kəndirbaz”, "Sim pəhləvan”, "Masqara”, "Gözübağlayıcı”, "Cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq və s. kimi kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyini göstərirlər. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb.
Novruz bayramında həmçinin, güləş yarışları təşkil edilir, meydanlarda yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur, aşıqlar deyişirlər...
Bütün bunlar xalqımızın Novruzla bağlı düşüncə və yaddaşlarında yaşayanlardandır. Yadellilər xalqımızın nəinki təbii, onun milli-mənəvi sərvətlərinə də qənim kəsilməyi unutmayıb. Zaman-zaman bu yerlər təbii sərvətinin bolluğuna görə təcavüzkarların, işğalçı və qəsbkarların hücumlarına, talanlarına məruz qalıb. Ötən əsrin 90-cı illərində bu ağrı-acılar yenidən yaşandı. Qarabağın aranlı-dağlı Oğuz ellərinə erməni qəsbkarları, qəddar və amansız vandalları qəfil hücum etdi. O zamanlardan Novruz bayramı gələndə diləklər də dəyişib, arzular da. Təki ümidlər cücərsin, - deyiblər...
Novruz tonqalı illərdir ki, Qarabağdakı dağlarımızın zirvəsində qalanmır. Çünki Dəlidağ, Şuşa qalası, İsa bulağı, Kirs, Qırxqız, Gəlin qayası, Ceyran bulağı, Laçın yaylaqlarında oyanış, dirçəliş yoxdur. Erməni vandalları o yerlərin təkcə təbiətinə deyil, tarixinə, ədəbiyyatına, folkloruna, xalqın adət-ənənəsində yaşayan qədim mərasim oyunlarına da qənim kəsilib.1993-cü ilin mart ayı kəlbəcərlilər üçün bayram kimi deyil, faciə, müsibətli günlərlə yaddaşlarına yazılıb. Onlar hər yeni gələn Novruzdan dilək diləyir ki, növbəti bayramı dağlarda qarşılasınlar. Uzun illər "Maraloyunu” və "Kilimarası” folklor ansamblının ifaçısı olmuş, Birinci və İkinci Beynəlxalq Folklor festivallarının laureatı olmuş Süleyman Süleymanov söyləyir ki, vaxtilə "Bahar bayramı - yaz bayramı” kimi keçirilən respublika miqyaslı tədbirlərin iştirakçısı olub: "İçəri şəhərin Novruz şənliklərində diqqətçəkən konsert proqramlarından biri də "Maraloyunu” və "Kilimarası” folklor oyunlarıdır. Hər il ümumrespublika Novruz şənliyinə qatılan bu folklor ansamblının çıxışları əcnəbi qonaqların da marağını çəkir. Milli teatrın əsasını təşkil edən bu kimi meydan tamaşaları özündə xalqımızın qədim mədəniyyətə və incəsənətə malik olduğunu əks etdirir. Demək, Novruz bayramı həm də milli-mənəvi dəyərlərimizə xalq məhəbbətinin tərənnümüdür”.
"Maraloyunu” ilə "Kilimarası” folklor oyunlarının ifası günümüzədək gəlib çıxması, Kəlbəcərdə dünyaya göz açmış Mehralı babanın adı ilə bağlı olub. Şübhəsiz ki, el ağsaqqalından da öncə bu xalq oyunlarının mahir ifaçıları var imiş. "Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən hər iki xalq oyununun nəsil-şəcərə davamçıları olub. Süleyman Süleymanov və qardaşı Şəfaqət Süleymanov, eləcə də onların övladları da bu oyunları sevə-sevə yaşatmaqdadırlar. Bu qədim xalq oyunlarını sonralar Rövşən Vəlioğlu da öz məharət və qabiliyyəti ilə nəinki respublika miqyaslı, həmçinin beynəlxalq və dünya əhəmiyyətli festivallarda nümayiş etdirib, yüksək mükafatlara və diplomlara layiq görülüb. "Maraloyunu”nun əfsanə əsasında yaranması barədə Rövşən Vəlioğlu fikirlərini belə ifadə edir: "Zurnaçılar dəstəsi qara zurnada elə ifa edirlər ki, maral ayaq saxlayıb bu həzin musiqini dinləməkdən doymur. Boylana-boylana qalan maralın hərəkətləri onun oynadığını göstərir. Maral yerə yataraq başını o yan-bu yana əyməklə nazlanır və musiqinin ritmi ilə səsin haradan gəlməsini axtarır. Bu oyunu nümayiş etdirmək üçün maral dərisi geyinmiş oyunçudan məharət tələb olunur. O, dizləri üstə iməkləməli, əlləri ilə maralın baş-boyun hissəsini oynatmalıdır. Bu, o qədər də asan deyil, adamın nəfəsi kəsilir. Çünki nəfəs almaq üçün açıq yer olmur”.
"Kilimarası” isə bundan bir qədər fərqli oyundur”, - deyə Süleyman Süleymanov fikirlərini bir qədər də ətraflı şərh edir: "Oyun kollektiv şəklində ifa edilir. Bu, zurnaçılar dəstəsinin ifası altında bir aktyorun gəlincik oyununun nümayişidir. İki nəfərin diz üstə oturaraq tutduğu kilimin arxasında aktyorun yerə uzanaraq məzhəkə çıxarmasıdır. Gəlinciklərdən biri kişi, o birisi isə qadındır. Xalq havalarının birinə oynayan gəlinciklər milli rəqsləri məharətlə ifa etməlidirlər ki, bu da kilimin arxasındakı aktyorun ayaq və əl barmaqlarını necə oynatmaq ustalığından asılıdır. Burada milli kolorit əsas götürülür. Bütün bunlar bayramın milliliyinin təsdiqidir. Meydan tamaşalarının yadigarı olan bu xalq oyunları "Kosa-kosa” kimi komediya janrına aid olmasa da, dramatik də deyil. Bu oyunlar milli teatrımızın tarixinin qədimliyini, mədəniyyətinin zənginliyini qoruyub saxlayır”.
Kəlbəcərdə Novruz bayramının necə keçirilməsinə gəlincə, ömrünün 80-ci "Novruz”unu dağlarsız keçirən, 50 ilə yaxın rayon rabitə qovşağında "telefonçu qız” kimi tanınmış, bu gün isə naxışlı corab toxuyan nənə Kəklik Əliyeva deyir ki, Novriz bayramına yalnız aşıq və folklorçularımız deyil, hər bir kəlbəcərli hazırlaşırdı. Evlərdə və həyətlərdə aparılan səliqə-sahman, abadlıq insanlarda yüksək əhvali-ruhiyyə yaradırdı. Çərşənbə axşamlarında kəndin orta yaşlı və cavanlarından ibarət dəstələr düzülər, əvvəlcə ötən il yas mərasimi düşmüş həyətlərə gedər, dualar oxuyardılar. Sonra evin yiyəsindən ocağın üstünü boş qoymamaq xahiş olunar, hətta özləri bayram qazanı asardılar. Bu mərasimi başa vurub uşaqlar folklor oyunlarından istifadə edərdilər. Məsələn, onlar "Kosa-kosa” oyunu ilə məzhəkə göstərər, Keçəlin torbasını doldurmaq üçün min bir hoqqa çıxarardılar. "Novruz torbası” tikilərdi. Kosa ilə Keçəl bacadan şal, ya da torba sallayardılar. Fındıqla "Çalayaatma” oyunu nə qədər maraq doğuran idisə, "Dirədöymə” daha çox gənci bir araya toplayardı”.
Maraqlıdır ki, Novruz bayramı günlərində bişirilən xörəklərin və şirniyyatın dadı tamamilə özgə cür olur. O günlərin ən əziz və dadlı şirniyyatından biri əyirdək adlanır. Əyirdək digər şirniyyatlardan hazırlanmasına görə fərqlənərdi. Süddə və yağda yoğrulmuş xəmir kiçik-kiçik doğranaraq yun darağının dəmir dişləri ilə bəzək vurulduqdan sonra yağda qızardılardı. Deyirlər ki, əyirdək Novruz şirniyyatlarının ən dadlı-tamlısıdır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2019.- 20 mart.- S.8.