Birlik
bayramı
Təbiətin oyanışı, qaranquşların gəlməsi, bülbüllərin xoş avazı könlümüzün bahar sevgisini daha da artırır. Novruz bəşər övladları arasında hər cür fərqi aradan qaldıran möhtəşəm birlik bayramıdır.
Qədim Qubada keçirilən Novruz şənliklərində də bu birliyə rast gəlmək olur. Qubanın milli mənzərəsi bu fikrin tam təsdiqi ola bilər. Burada yaşayan 160 minə yaxın əhalinin tərkibində azsaylı xalqların, etnik qrupların nümayəndəsi çoxdur. Bu gün Qubada 20 minə yaxın tat və ləzgi, 2 mindən çox məhsəti türkü, 4 mindən çox xınalıqlı, 3 min 500 buduqlu, 2000 qırızlı, 1000 rus, tatar, gürcü, ukraynalı, belarus, 4 mindən çox yəhudi yaşayır. Bu azlıqlar Qubada bir ocaq başına yığışmış mehriban ailəni xatırladır.
Qubanın təbiəti insanda xoş ovqat yaradır. Bir yanda başı qarlı dağlar, göylərin yerlərə ərməğanı olan buludlar, bir tərəfdə də insanı valeh edən yer inciləri - bənövşə, nərgiz, yasəmən və digər çiçəklərin yaşıl boğçası. Canlıların şahı olan insan bu gözəlliyə bir rəng qatır. Öz adətinin, mətbəxinin, inanc və simasının bir nemətini - naxışını vurur. Qubalılar deyirlər ki, Novruz özünü yetirincə imkan tapıb yeddi dəfə çölün-düzün, bağın-bostanın yaşıl nemətinin göy qutabını yemədinsə... onda yazın başlamağının nə faydası. Yəni demək sənin bahardan xəbərin yoxdur. Səməni umacı, halvası çalıb, qapı-qonşuya, qohuma-yada paylamadınsa, bu nə Novruz qarşılamaq oldu?
Axır çərşənbədə sübhün gözü açılmamış qara sapla ağ sapın fərqi bilinənəcən insanlar çay kənarına gedər, axar su üstündən keçər, yuyunarlar. Evdəki bütün qab-qacağı çərşənbə suyu ilə doldurarlar. Həmin sudan çənlərə doldurar, sonra onu əkin vaxtı bağa-bostana çiləyərlər ki, il, məhsul bol ruzili olsun. Bərəkətin, ruzinin bolluğunu arzulayıb bir ağızdan nəğmə oxuyarlar.
Sonra evə qayıdar, kişilər ailə üzvlərinin adına heyva budağı kəsər, qırmızı parçadan kəsib ağaca, dirəyə bənd edərlər ki, qara yazı çöhrələrinə qonmasın (həm də sədaqət, etibar ailədən əksilməsin).
Bayram axşamı az qala hər məhəllədə çalıb-oynayan cavanlar, xoruz döyüşdürən uşaqlar, çim pəhləvanı, Keçəl-Kosa cütlüyü də adamların ovqatına bir ayrı cür rəng qatarlar. Nügədi kəndində cavanlar yaxındakı Bəhyə dağına qalxar, əvvəlcədən hazırladıqları iri bayram şamlarını ən yüksəkdə yandırmaqda bəhsə girərlər. Axşama doğru şölələn ocaqlar sanki işıqlı günlərə çağırış kimi səslənər. Hələ musiqi səslərini demirəm; Keçəlin bəzənməsi, Kosanın deyimləri, bayatılar, el mahnıları səmalara yayıldıqca üzlərdə sevgidə çoxalar, məhəbbət də artar.
Quba mətbəxinin ən ləziz yeməkləri, ən lətif şirniyyatı, qax-qoz, löyün-löyün çərəzlə dolu xonçalar düzülər süfrəyə... Axır çərşənbədə, Novruz axşamında papaqatdıya çıxacaq uşaqların payının tədarükü əvvəldən yerbəyer edilər. Qubanın adla deyilən paxlavası, bükməsi də öz yerində. Nügədi kəndində bişirilən paxlavanı gərək yeyəsən ki, ləzzətini biləsən! El arasında buna pitik paxlava, üçkünc paxlava da deyirlər. Gültəpə kəndində ocaq qalayar, hava işıqlanadək onun ətrafında oturub söhbət edərlər.
Buduqda bayram axşamında qovurmalı, yaxud cücə-plovdan başqa (baxır zövqə), mütləq əriştəli plov da bişirərlər. Adətdir ki, bu xörək elə gecəykən paylana. Düşünürlər ki, həm ruzidir, həm də, qoy, hər kəsin evində bərəkət olsun. Buduqlular Novruzda şorqoğalı bişirmirlər, süfrəyə yalnız şirin nemətlər düzürlər.
Xınalıqda adətlər bir qədər fərqlidir. Axır çərşənbədə oğlan evindən nişanlı qız evinə yeddi pay göndərərlər. Buna Xınalıq dilində "yig tikə” deyirlər. Sevgi, sağlamlıq, ruzi, bərəkət, mehribanlıq, sədaqət və övlad rəmzlərini xatırladan bu yeddilik gələcək ailəyə dilənən arzulardır. Oğlan evinin adamları öz payları ilə qız evinə gedər, gecə yarıdan keçənədək bir yerdə deyib-gülər, ocaq çatıb ətrafında əyləşərlər. Ətraf kəndlərdən çatılan ocaqların işığı isə ulduzu xatırladar.
Qırmızı qəsəbədə yaşayan yəhudilər də Novruz bayramını eyni coşqu ilə qarşılayarlar. Bayram günü əhalinin böyük hissəsi eşiyə çıxar, bir-birinin yeni gününü təbrik edərlər. Axşam alovlanan tonqallar bu yaraşıqlı qəsəbəni nura bürüyər. Tonqal başına yığışan adamlara şəkərbura, paxlava, qoğal paylanar. Bu tonqalın başında etiqadından asılı olmayaraq hamı yanaşı dayanar. Şənlik tədbirləri gecə yarıdan keçənədək davam edir.
Qubada Novruz şənliklərinin sonunda, bayramın 13-cü günündə səməniatma mərasimi də keçirilir. Bu adətin, deyilənə görə, təqribən yarım minillik yaşı var. Həmin gün əllərində səməni olan insanlar Qudyalçayın sahilinə gəlir, səmənini axar suya buraxır və niyyət edirlər. Niyyət edirlər ki, gələn Novruzadək arzusu çin olsun, gəlsin burada şirni paylasın.
Bayramda qocaların, kimsəsizlərin qapısını açmaq, könlünü xoş etmək, əzizlərinin ruhlarını yad etmək təkcə adət yox, həm də düşüncə tərzidir. Həmin gün hərə öz bişintisindən, asdığı qazandan qonşuya pay çəkərlər. Evin balacaları onları nəzərdə tutulan ünvanlara çatdırar. Bax bundan sonra özləri yeməyə oturarlar.
Qubada bir də, ortası qırmızı lentlə bağlanmış qara daşlar - şəhid məzarları mütləq ziyarət olunur. Əhali yığışıb şəhid qəbirlərini ziyarət edər, onların ailə üzvlərini hərə öz evinə dəvət edər. Çünki sevinc bölüşəndə çoxalar, qəm isə azalar deyiblər.
Qusar rayonunda da bu bayramın öz xüsusi ənənələri, əsrlərdən qoşalaşıb gələn adətləri var. Novruz günləri insanlar arasında hər cür fərqi - sosial, dini, irqi, etnik fərqləri aradan qaldıran birlik günüdür.
Şimal qapımız olan Qusarda bayrama boz ay başlayandan hazırlıq görülür. Böyüklü - kiçikli odun yığmağa başlayırlar. İki-üç evin adamları odunu bir yerə yığar, sonra onu hamının müəyyənləşdirdiyi bir aləmin həyətinə daşıyarlar. Hər məhəllədə yığdıqları odunları bir nəfərə tapşırdıqdan sonra öz aralarında Keçəli, Kosanı müəyyənləşdirirlər. Novruza ləzgi dilində "Yaransuvar” (Yeni gün) deyirlər.
Hələ fevralın əvvəllərində - çərşənbə axşamlarından qabaq mis qaba su töküb saxlayırlar. Həmin qabın ağzını örtməzlər. İnanca görə ilin ruzi-bərəkəti ora topalanar. Çərşənbə günlərində həmin su dolu qabı 7 evə aparırlar. Hər bir kəs o sudan istədiyi qədər içə bilər. İnanca görə əgər su 7 nəfərə çatarsa, arzularının qərarlaşacağına inanırlar. Həmin 7 nəfər bir yerə yığılar, bir-birini təbrik edər, deyib, gülər, şənlənərlər.
Bayram axşamı tonqallar qalanar, millətindən asılı olmayaraq, hamı ocaq başına yığışar. Məşhur ləzginkanın sədaları altında rəqs edər, bolluca lətifə danışarlar. Bayramda hər evdə mütləq plov bişirirlər. Həmin plovu qonşuluqda olanlarla paylaşarlar. Öncə kimsəsizlər, ailə başçısını itirənlər, övladı əsgərlikdə olanlar yad edilər. Onları təbrik etdikdən sonra hamı qalanan tonqalın başına yığışar, mahnı oxuyar, rəqs edərlər.
Qusarda icra edilən adətlərdən biri də Novruz axşamı yeni evə daxil olmaq, elçilik etmək kimi ənənələr diqqəti cəlb edir. Kimin elçiliyi qəbul edilsə, demək, tezliklə toy olacaq. Hətta elə tonqal başında toyun gününü də müəyyənləşdirərlər. Bayram axşamı doğulan uşaqlara Novruz və Bahar ismini verərlər.
Qusarlıların evləri həmin günlərdə qonaqlı-qaralı olar. Hətta işləmək üçün müxtəlif şəhərlərə gedən qusarlılar geri qayıdar, Novruzu evlərində keçirərlər. Öz aralarında belə deyərlər ki, evdə olaq, ruzumuz dalımızca gəlsin. Bu da bir toy-bayrama çevrilir. Qohumlar bir yerə yığışar və Novruz gecəsini birlikdə keçirərlər.
Həmin günü xoş keçirməklə insanlar sanki bütün dərd-sərlərinə qalib gəlirlər. Küsülü olanlar həmin günü barışır, bir-birilərindən üzr istəyirlər.
Bəli, bu Azərbaycanda milli azlıqların bir ocaq başına yığışaraq mehriban ailə kimi yaşamalarının bir təsdiqidir. İllərin sınağından keçib gələn halallıq, ləyaqət, qürurluq nümunəsi olan ocağımız isə hələ çox alovlanacaq.
Akif ƏLİYEV
Azərbaycan.-
2019.- 20 mart.- S.8.