Axıska türklərinin bayram ovqatı

 

Müqəddəs Novruz bayramı Orta Asiya ölkələrində, Çin səddindən Afrikaya, Hindistandan Əfqanıstana, Yakutiyadan Çuvaşıstana, Tatarıstana, Moldovaya, Macarıstan və Balkanlara qədər, bir sözlə, dünyanın harasında, hansı şəhərində, hansı kəndində yaşamasından asılı olmayaraq bütün türk ailələrində sevilərək qeyd olunur.

Türk milli mədəniyyəti və məişətindən qaynaqlanan Novruz bayramı xalqımızın adət və ənənələri ilə zənginləşən, minilliklərin tarixinə söykənən milli bayramdır. Bu bayram Azərbaycan xalqının zəngin maddi və mənəvi irsinin mühüm bir hissəsini özündə ehtiva edir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və genişdir. Folklorşünas tədqiqatçıların söyləmələrinə görə, bu bayramın uzunömürlüyü qədim mədəni köklərə və milli ənənəvi qaynaqlara bağlılığındadır. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunur. Bu bayramı ölkəmizdə yaşayan azsaylı xalqlar da təntənə ilə qeyd edirlər. Hələ uşaq yaşlarımda Şəmkir rayonunun Bitdili kəndinə köçürülmüş Axıska türklərinin timsalında da bunun canlı şahidi olmuşam. Stalinin əmri ilə 1944-cü il noyabr ayının 14-də öz tarixi torpaqlarından yük vaqonlarına doldurularaq Orta Asiyaya sürgün edilən Axıska türkləri, 1959-cu ildən etibarən Azərbaycana və digər sovet respublikalarına köç etmişlər. O vaxtlardan onların böyük bir qismi Şəmkir rayonun Aşağı Bitdili kəndinin yaxınlığında kompakt şəkildə məskunlaşıb. Özbəkistanın Fərqanə bölgəsində axıskalı türklərə qarşı həyata keçirilən basqı və dəhşətli hadisələrdən sonra 1989-cu ildə Axıska türkləri ikinci dəfə yaşadıqları yerdən sürgünə məruz qaldılar. O zaman Azərbaycana, o cümlədən Şəmkirə, lap elə Bitdili kəndinə gələnləri də az olmayıb. Hamımızın yaxşı tanıdığımız, 1993-cü il aprelin 18-də respublikamızın ərazi bütövlüyü uğrunda Gədəbəy rayonunun "Örükdaş” istiqamətində erməni quldurlarına qarşı gedən amansız döyüşlərdə igidliklə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun mənsub olduğu ailə də elə bu sıradandır.

Şəmkirdə yaşayan axıskalı türklərin qeyd etdikləri ən əsas bayramlar QurbanRamazan bayramı olsa da, Novruz bayramını da qapı-qonşu azərbaycanlılarla birlikdə yüksək səviyyədə qeyd edirlər. Azərbaycanda yaşayan digər toplumlar kimi, Axıska türkləri də Novruz çərşənbələrinə və bayrama təmtəraqlı tədarük hazırlıqları ilə başlayırlar. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, bayram tədarükü, bayram şirniyyatlarının hazırlanması və s. daxildir. Təmizlənməmiş həyət-baca qalmır, bayram öncəsi hamı, xüsusən də uşaqlar təzə paltar geyinir, küsülülər barışır, nişanlı qız və oğlan evinin hazırlıqları isə başqa təntənədə olur. Bir sözlə, azərbaycanlılarla bir yerdə yaşayan axıskalıların əhvali-ruhiyyəsi və bayram ovqatı ətrafdakılardan seçilmir, sosial harmoniya məmnunluq yaradır.

Azərbaycanlılarda olduğu kimi, axıskalılar arasında da yumurta döyüşdürülməsi qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdir. "Toxum cücərtmək” və ya "Səməni qoymaqda bu şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. "Qulaq falı” və ya "qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Burada Novruza aid olan bayram adətlərindən biri torba atmaqdır. Axıskalılar arasında bu günün "torba atmaqmədəniyyətində "dəsmal atmaq "papaq atmaqkimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Novruzun papaq atmaq kimi dillər əzbəri olan bu adətini yerinə yetirən uşaqlar yetərincə əylənirlər. Ənənəyə görə torbanı boş qaytarmaq olmaz.

Novruz bayramı Şəmkirdə -Axıska türklərinin toplum halında yaşadıqları Bitdili kəndində olduğu kimi, Saatlı, Sabirabad, Quba, Xaçmaz, Şabran, Beyləqan rayonlarında da yaşayan axıskalılar arasında geniş qeyd olunur. Bu şənliklər zamanı müxtəlif yarışlar keçirilir, Novruza aid şeirlər söylənilir, davul zurnada şən musiqilər səsləndirilir, müxtəlif kompozisiyalarda səhnəciklər təqdim edilir. "Özbək, tatar, qırğız: bunlar bir soydurmahnısı şənliyin ən yaddaqalan insanları coşduran məqamlarından birinə çevrilir. Qaşıqda yumurta daşıma, kisə (çuval) geyinərək qaçma, habelə bir-birini dalına alıb aparmaq kimi yarışlar məclisə geyimli, al çiçəkli Bahar qızının gəlişi Axıska türklərinin iştirakı ilə təşkil edilən bayram şənliklərinin ən gözəl çalarlarındandır.

Novruz mədəniyyətlərin, ölkəmizdə yaşayan azsaylı xalqların ortaq bir bayramıdır. Bu ortaq bayram dünyanın bu narahat vaxtında insanları barışığa, mehriban olmağa, həmrəyliyə, həyatı insanları sevməyə ruhlandırır. Bu ortaq bayram insanları birliyə, əkib-biçməyə, işləməyə, ən nəhayət, ölkəmizdə bolluq yaratmağa səsləyir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 20 mart.- S.10.