“İlk səfər” ənənəsi dəyişmədi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə Mustafa Şentopu təbrik etdionun bu statusda ilk səfərini Azərbaycana etməsinin məmnunluq doğurduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında ilk yüksək səviyyəli səfərlərin qarşılıqlı şəkildə həyata keçirilməsi adət-ənənə xarakteri daşıyır və bu, iki ölkənin qardaşlığının və dostluğunun bariz nümunəsidir. Dövlətimizin başçısı bu baxımdan keçən il Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə birgə yürüşünü xatırlatdı. Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlığın bu gün yüksək səviyyədə olduğunuuğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin üçtərəfli və dördtərəfli regional formatlarda da əməkdaşlığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin birgə səylərlə həyata keçirdiyi önəmli regional təşəbbüsləri, o cümlədən artıq istismara verilmiş TANAP, "STAR” neft emalı zavodu kimi irimiqyaslı layihələri qeyd etdi. Prezident İlham Əliyev, həmçinin Azərbaycan və Türkiyənin bütün məsələlərdə bir-birini dəstəklədiyini, beynəlxalq təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində sıx əməkdaşlıq etdiyini nəzərə çatdırdı.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu vəzifəyə seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsindən şərəf duyduğunu bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki ölkənin olmadığını deyərək əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. O da öz növbəsində, TANAP, TAP və "STAR” neft emalı zavodu kimi irimiqyaslı layihələrin ölkələrimizi daha da yaxınlaşdırdığını vurğuladı. Mustafa Şentop Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin daim Azərbaycanın yanında olduğunu, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini dedi. O, bu il Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına ev sahibliyi edəcəyini bildirərək ölkələrimizin Türk Şurası, TürkPA, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və digər təsisatlarda uğurla əməkdaşlıq etdiyini vurğuladı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2019.- 7 mart.- S. 2.