Azərbaycan
münaqişənin tezliklə ədalətli həllində ən
maraqlı tərəfdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 6-da Avropa
İttifaqının Cənubi Qafqaz və Gürcüstan
böhranı üzrə xüsusi nümayəndəsi Toivo
Klaarın rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, Toivo
Klaar Avropa İttifaqının Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinə müsbət töhfə verməkdə
çox maraqlı olduğunu ifadə etdi.
Prezident İlham Əliyev Avropa
İttifaqı Komissiyasının rəhbərliyi və bir
sıra komissarlarının Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq əsasında həll edilməsi, mövcud
status-kvonun qeyri-dayanıqlı olması,
danışıqların mövcud format əsasında davam
etdirilməsi və danışıqlara qeyd-şərt
qoyulmasının qəbuledilməzliyi barədə ictimai
açıqlamalarının məmnunluq doğurduğunu və
Azərbaycanın bunu dəstəklədiyini bildirdi. Dövlətimizin
başçısı qeyd etdi ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir və danışıqların formatı dəyişdirilə
bilməz. Azərbaycanın münaqişənin tezliklə ədalətli
həllində ən maraqlı tərəf olduğunu deyən
Prezident İlham Əliyev işğal olunmuş ərazilərin
azad edilməsinin danışıqlar prosesinin həmişə
vacib komponenti olduğunu vurğuladı. Dövlətimizin
başçısı Ermənistan tərəfindən verilən
ziddiyyətli rəsmi açıqlamaların qəbuledilməz
olduğunu və danışıqlar prosesinə əngəl
yaratdığını qeyd edərək beynəlxalq ictimaiyyətin
bunu ciddi şəkildə nəzərə almasının və
Ermənistana ünvanlı bəyanatların
çatdırılmasının vacibliyini qeyd etdi.
Görüşdə, həmçinin
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın
müxtəlif sahələrdə inkişafı və ölkəmizin
Şərq Tərəfdaşlığı Proqramında
iştirakına dair geniş fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2019.- 7 mart.- S. 2.