Azərbaycan ilə Türkiyə arasındakı
münasibətlər dünya üçün çox
gözəl nümunədir
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Mustafa Şentopu Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Baş nazir bu səfərin qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
“Bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Qardaş ölkələrimiz arasındakı münasibətlər dünya üçün çox gözəl nümunədir. Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etdirilərək həm ikitərəfli, həm də çoxtərəfli formatda böyük uğurlar əldə olunub. Bu əməkdaşlıq bizim ölkələrimizin, xalqlarımızın maraqlarına xidmət etməklə yanaşı, regionun inkişafına da mühüm töhfələr verir”, - deyə Novruz Məmmədov qeyd edib.
Baş nazir Azərbaycanın və Türkiyənin nəqliyyat və energetika sahələrində birgə reallaşdırdıqları layihələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verdiyini bildirib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop iki dövlət arasında yeni vəzifəyə başlayan rəsmilərin ilk səfərlərini qardaş ölkəyə etmələrinin artıq bir ənənəyə çevrildiyini bildirərək, Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Mustafa Şentop bildirib ki, ölkələrimiz tərəfindən həyata keçirilən qlobal əhəmiyyətli layihələr, o cümlədən “STAR” neft emalı zavodunun, Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə münasibətlərinin göstəricisidir.
Parlament sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu, qardaş dəstəyinin daim davam etdiriləcəyini vurğulayıb.
Söhbət zamanı
ölkələrimizin parlamentləri arasındakı əməkdaşlıqdan
məmnunluq ifadə olunub,
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 7 mart.- S.3.