Bakıda
“İqtisadiyyatın şaxələndirilməsi - özəl
sektorun rolu üzrə yüksək səviyyəli Forum”
keçirilib
Martın 6-da Bakıda
“İqtisadiyyatın şaxələndirilməsi - özəl
sektorun rolu üzrə yüksək səviyyəli Forum”
keçirilib.
AZƏRTAC xəbər verir ki,
forumda çıxış edən Baş nazirin müavini
Əli Əhmədov Azərbaycanda aparılan iqtisadi islahatlar,
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
görülən işlərdən danışıb. Bildirib
ki, keçən il Azərbaycan iqtisadiyyatında 1,4 dəfə
artım qeydə alınıb. Qeyri-neft sektorunda 2 faizdən
çox, kənd təsərrüfatında isə 3 faizdən
artıq iqtisadi artım Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi,
aparılan islahatların nəticəsi kimi qiymətləndirilir.
Baş nazirin müavini qeyd edib ki,
hər il Azərbaycanın əmək bazarına 100 min
işçi qüvvəsi daxil olur. Bir neçə il sonra isə
120 minədək işçi qüvvəsi daxil olacaq. Bu,
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
kiçik və orta sahibkarlığın inkişafı nəticəsində
baş verəcək.
Ə.Əhmədov Dünya
Bankının “Doing Business” hesabatında Azərbaycanın
mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində
görülən işlərdən danışıb və
“Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək
190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını
və 10 ən islahatçı ölkə sırasına
daxil edildiyini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini
Sevinc Həsənova Azərbaycanın əməkdaşlıq
etdiyi beynəlxalq təşkilatlar sırasında Dünya
Bankının xüsusi yeri olduğunu deyib. Bildirib ki, indiyədək
Azərbaycanda həyata keçirilən layihələrə
Dünya Bankından 4 milyard dollardan çox vəsait cəlb
olunub. 1990-cı ildən bu vaxtadək Dünya Bankı ilə
50-dən çox layihə icra edilib.
Dünya Bankının Cənubi
Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda
aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən
dəstəkləndiyini, ölkə rəhbərliyinin
uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə
olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini
və Azərbaycanın digər ölkələr
üçün örnək olduğunu qeyd edib.
M.Tembon ölkəmizdə həssas
qrupların rifah halının
yaxşılaşdırılması sahəsində atılan
addımların təqdirəlayiq olduğunu deyib. O, Azərbaycanda
sosial sahədə həyata keçirilən köklü
islahatları yüksək qiymətləndirdiklərini,
ölkəmizdə əmək, məşğulluq, sosial
müdafiə sahəsində aparılan islahatların
mühüm əhəmiyyət kəsb etdiyini, bu islahatlar prosesində
Dünya Bankı ilə birgə işlərin gələcəkdə
də uğurla davam edəcəyinə əminliyini bildirib.
“Rəqəmsal ödənişlərin
artırılması və nağdsız cəmiyyətə
gedən yol” mövzusunda təqdimatla çıxış edən
Mərkəzi Bankın ödəniş sistemləri və
hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanovanın
sözlərinə görə, qarşıdakı 5 ildə
Azərbaycanda nağdsız ödənişlərin 52 milyard
manatadək artacağı nəzərdə tutulur. O qeyd edib
ki, eyni zamanda, nağd iqtisadiyyatın çəkisinin 34 faiz
azaldılması planlaşdırılır. Son 3 ildə Milli
ödəniş sistemi üzrə aparılan dövriyyə
79 faiz artaraq 274 milyard manat olub. Həmin dövrdə kart
ödənişlərində nağdsız dövriyyə isə
136 faiz artaraq 2,8 milyard manata çatıb.
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov
agentliyin fəaliyyəti, görülən işlər barədə
məlumatlandırıcı təqdimat edərək bildirib
ki, “KOB Dostu” şəbəkəsinin, sahibkarların dövlət
xidmətlərinə rahat çıxışının təmin
edilməsi, KOBİA-nın çoxsaylı dəstəklərinin,
biznesdən-biznesə xidmətlərin vahid məkanda təşkili
ilə bağlı KOB evlərinin təşkili istiqamətində
aktiv iş aparılır.
“Hazırda 12 “KOB Dostu” fəaliyyət
göstərir, bu il Bakıda ilk KOB evi fəaliyyətə
başlayacaq. Agentliyin fəaliyyətinin mühüm istiqamətlərindən
biri də müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi
və bu prosesdə KOBİA olaraq KOB maraqları
baxımından çıxış etməkdir. Agentliyin təklifləri
əsasında “Kiçik və orta sahibkarlığın
inkişafı haqqında” Qanun layihəsi hazırlanıb,
Vergi Məcəlləsinə KOB-lar üçün bir
sıra yeni güzəştləri nəzərdə tutan dəyişikliklər
edilib, KOB-ların müəyyənləşdirilməsi
üçün yeni meyarlar təsdiqlənib, kommunal xidmətlərə
qoşulma prosedurları sadələşdirilib, dövlət
satınalmaları haqqında qanunvericiliyə mütərəqqi
dəyişikliklər olunub”, - deyə O.Məmmədov
vurğulayıb.
Sonra Dünya Bankının
nümayəndələri, dünya iqtisadiyyatının bəzi
sahələri və bu sahələrdə Azərbaycanın
tutduğu mövqe barədə təqdimatlarla
çıxış edib.
Forum öz işini panel iclasla davam
etdirib. İclasda Azərbaycan Mərkəzi Bankının sədri
Elman Rüstəmov Dünya Bankı ilə uzun illər ərzində
həyata keçirilən səmərəli əməkdaşlıq
məsələlərini önə çəkərək
bildirib ki, bankı 25 ildən artıq müddətdə
ölkəmizdə iqtisadi islahatların uğurla
aparılmasına, xüsusilə infrastruktur quruculuğu, aqrar
inkişaf və inzibati idarəetmənin təkmilləşməsinə
mühüm töhfə verib.
E.Rüstəmov dayanıqlı
iqtisadi artıma nail olmaqda makroqitisadi sabitliyin rolu,
bütövlükdə makroiqtisadi siyasətdə son meyillər,
xüsusilə də pul siyasəti sahəsində islahatlara
toxunaraq qeyd edib ki, ötən dörddəbir əsrə
yaxın bir dövrdə Azərbaycanda dövlət və
iqtisadi quruculuq sahəsində görülmüş işlər,
yaradılmış milli potensial onu deməyə əsas verir
ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni
strateji dövrün çağırışlarına da
layiqli cavab veriləcək.
Əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev Azərbaycanda qeyri-formal məşğulluqla
mübarizənin müsbət nəticələri barədə
məlumat verib.
“Bu ilin yanvar-fevral aylarında əmək
müqavilələrinin sayı 53 min artıb. Qeyri-formal məşğulluqla
mübarizə tədbirləri və görülən
çoxşaxəli işlər nəticəsində ötən
il əmək müqavilələrinin sayı 90 mini
ötüb. Bu ilin ilk iki ayında isə əmək
müqavilələrinin sayı 53 min artıb. Bu müqavilələrin
13 mini dövlət, 40 mini isə özəl sektorun payına
düşür”, - deyə nazir vurğulayıb.
İqtisadiyyat nazirinin müavini
Niyazi Səfərov isə bildirib ki, Azərbaycanda iqtisadi
inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən
müəyyən edilib. Ölkə iqtisadiyyatının
davamlı və dayanıqlı inkişafı, rəqabətqabiliyyətliliyin
artırılması, dərin iqtisadi şaxələndirmə,
sənayeləşmənin genişləndirilməsi,
sahibkarlığın inkişafı, bunun üçün
institusional dəstək mexanizmlərinin təkmilləşdirilməsi
və genişləndirilməsi, Azərbaycan
iqtisadiyyatının ixrac potensialının
artırılması, sənaye sahəsində məşğulluğun
genişləndirilməsi barədə danışan nazir
müavini gələcəkdə görüləcək
işləri qeyd edib.
“Ölkə
başçısı tərəfindən qəbul edilən
strateji sənədlərin, strateji yol xəritələrinin,
dövlət proqramlarının, fərman və sərəncamların
icrası istiqamətində sistemli işlər həyata
keçirilib, kompleks tədbirlər görülüb, gələcəyə
inkişaf üçün baza yaradan nailiyyətlər əldə
olunub. Sahibkarlıq sahəsində dövlət tənzimlənməsinin,
dövlət nəzarət sisteminin təkmilləşdirilməsi
istiqamətində atılan addımlar bir daha nəzərdən
keçirilib”, - deyə N.Səfərov vurğulayıb.
Azərbaycanda yaradılan sənaye
məhəllələri və sənaye parkları barədə
məlumat verən N.Səfərov deyib ki, Azərbaycanda 5 sənaye
parkı, 4 sənaye məhəlləsi var. Təkcə
Sumqayıt Kimya Sənaye Parkında 3 milyard dollar həcmində
investisiya yatırılıb və burada yerləşən
müəssisələrdə 6 minədək insan
çalışır.
Forumda iqtisadiyyatın şaxələndirilməsi,
əsasən də özəl sektorun bu prosesdəki rolu barədə
müzakirələr aparılıb.
Azərbaycan.-
2019.- 7 mart.- S. 4.