Son 5 ildə Azərbaycan və İran prezidentləri 12 dəfə görüşüblər

 

İki ölkə arasındakı ticarət dövriyyəsi 74 faiz artaraq 446 milyon dollara çatıb

 

Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub. İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşlərdə Prezident İlham Əliyev və İran Prezidenti Həsən Ruhani arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolu vurğulanıb.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-İran əlaqələrindən danışan nazir Şahin Mustafayev son illərdə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Təkcə son 5 ildə Azərbaycan və İranın dövlət başçıları arasında 12 görüş olub, nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfərləri həyata keçirilib, 24 biznes forumişgüzar görüş keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi”nin inkişafında hər iki ölkənin rolunu vurğulayıb, nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycan və İran arasında nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Səfər çərçivəsində Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycanın İranla əlaqələrin genişlənməsində maraqlı olduğunu, son illərdə əməkdaşlığın yüksək səviyyəyə çatdığını qeyd edib. Hər iki ölkənin dövlət başçısının İran-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiyini və dövlət komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə 74 faiz artaraq 446 milyon dollara çatıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı başlanılıb. Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməli qoyulub.

Şahin Mustafayev qarşılıqlı ticarət həcminin daha da artırılması və strukturunun diversifikasiyası üçün potensialı, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımalar sahələrində də əlaqələrin inkişafı imkanlarını qeyd edib.

İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd son illərdə əməkdaşlığın genişlənməsi üçün görülən işləri vurğulayıb, bu ilin martında Bakıda keçirilməsi planlaşdırılan dövlət komissiyasının 13-cü iclasının iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olacağını qeyd edib.

Görüşdə iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Dünən həmçinin nümayəndə heyəti İranın enerji naziri Reza Erdekanian ilə görüşüb. Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz arasında "Xudafərin/Qız Qalası” və "Ordubad/Marazad” hidroqovşaqlarına dair sazişlər imzalanıb. Bu layihələrin tikintisi və istismarı üzrə Birgə Texniki Komissiya yaradılıb. Bundan başqa, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti çəkilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb. 2018-ci ildə İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti "TAVANİR” ilə "Azərenerji” ASC arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığa töhfə verir.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının bu ilin martında Bakıda keçiriləcək 13-cü iclasında digər sahələrlə yanaşı, enerji sahəsində də əməkdaşlığın inkişafı məsələsi müzakirə olunacaq.

İranın enerji naziri Reza Erdekanian ölkəsinin digər sahələrdə olduğu kimi, energetika sahəsində də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, həyata keçirilən layihələrin həm İranın, həm də Azərbaycanın enerji sistemlərinin inkişafında əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan-İran arasında enerji əməkdaşlığının genişləndirilməsi, İran, Azərbaycan və Gürcüstan arasında "Cənub-Qərb” enerji dəhlizi üzrə şəbəkələrin birləşdirilməsi, Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi dəhlizinin yaradılması məsələləri müzakirə olunub.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-7 mart.- S.4.