Dünyanın
hər yerindən görünən mənəviyyat zirvəsi
Bu gün müstəqil Azərbaycan
Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, həm
də regionun dini mərkəzi kimi qəbul olunur. Niyə?
Çünki Qafqaz xalqları arasında
sülhün qorunub saxlanılmasında ruhani rəhbər kimi
Şeyxülislam fenomeni əsas amillərdən biridir.
Şeyxülislamlıq titulu-vəzifəsinin əsas məramı,
ilk növbədə, öz zamanəsinin mərhəmət
elçisi olmaqdır!
Bu vəzifənin
yükünü qırx ilə yaxındır çiyinlərində
daşıyan Hacı Allahşükür Paşazadə
öz yorulmaz fəaliyyəti sayəsində onu
dünyanın hər bir guşəsindən görünən
bir zirvəyə qaldırmışdır. Uca Allahın Azərbaycan
xalqına bəxş etdiyi, görkəmli din xadimi olmaqla
yanaşı, tanınmış ictimai xadim kimi fəaliyyət
göstərən Hacı Allahşükür Paşazadənin
çağdaş dünyamızın ən nüfuzlu
dövlət və din xadimləri tərəfindən ehtiramla
qarşılanan dəyərli şəxsiyyətlərdən
biri olduğunu bu gün heç kimi dana bilməz!
Uzağa getməyək, bu
ilin fevralın ortalarında Moskvada baş verən həyəcanlı
bir hadisə - azərbaycanlılarla çeçenlər
arasında "Neolit” kafesindəki münaqişə bir
anlığa bizim rahatlığımızı əlimizdən
almışdı. Gərginliyi aradan qaldırmaq məqsədi
ilə müxtəlif səviyyələrdə münasibət
bildirildi. Rusiyanın paytaxtında
yaşayan çeçen və azərbaycanlı
ağsaqqalların görüşü keçirildi.
Nəhayət, Bütün
Qafqazın Şeyxi Hacı Allahşükür Paşazədə
də məlum hadisəyə öz müraciətilə son
nöqtə qoydu və bu təxribatı Ermənistanın
ölkəmizə qarşı apardığı mənfur
siyasətin tərkib hissəsi adlandırdı.
Möhtərəm
şeyximiz çox səmimi şəkildə qeyd etdi ki,
"Çeçenistan lideri Ramzan Kadırov öz əmisinin
yanında məni qucaqlayıb "əmi” deyir. Əgər mən
əmiyəmsə, hər iki dövlətin, xalqın
nümayəndələrinə müraciət etməyə
haqqım var. Müraciət edirəm ki, bütün Qafqaz
xalqı qardaş kimi olmalıdır. Bizi birləşdirən
səbəblər daha çoxdur...”
Hadisə zamanı səfərdə
olsalar belə, Çeçenistan Respublikasının
Prezidenti Ramzan Kadırovun və ölkənin müftisi Salax
Mejiyevin Şeyxülislamın telefon zənginə və
müraciətinə həssas yanaşmaları, hətta
çeçen dini rəhbərin öz səfərini
yarımçıq qoyub dərhal Qroznıya qayıtması
Hacı Allahşükür Paşazədənin bu gün
Qafqaz xalqları, eləcə də onun din xadimləri
arasında böyük nüfuzundan soraq verir.
Fevralın sonunda Rusiya
Federasiyasının Qaraçay-Çərkəz
Respublikasına səfərində Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə də bu məsələyə Qafqaz Xalqları
Ali Dini Şurasının yüksək tribunasından bir daha
aydınlıq gətirdi. Bildirdi ki, Qafqaz
xalqları arasında bu cür təxribatlar yolverilməzdir,
biz hamımız din qardaşlarıyıq.
***
Onu qeyd edim ki, Çerkessk
şəhərinin hava limanında nümayəndə heyətimizə
başçılıq edən Şeyxülislam
Allahşükür Paşazadə duz-çörəklə
qarşılandı. Bu səfərdə mənimlə birgə
deputat həmkarlarım Cavanşır Paşazadə və
Hikmət Məmmədov da iştirak etdirdilər.
Həmin gün
Allahşükür Paşazadə Qaraçay-Çərkəz
Respublikasının başçısı Rəşid
Temrezov tərəfindən qəbul edildi. Qaraçay-Çərkəz
Respublikasının rəhbəri öz iqamətgahında
Şeyxülislamı səmimi salamlayaraq Azərbaycana bu
yaxınlarda etdiyi səfərin xoş təəssüratlarından
söz açdı. Hacı Allahşükür
Paşazadə öz növbəsində Azərbaycan Prezidenti
İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz
Respublikasının başçısı Rəşid
Temrezova çatdırdı və xalqlarımız arasında
qarşılıqlı görüş və səfərlərin
böyük önəm daşıdığını,
ölkələrimiz arasında dostluq, qardaşlığın
dərinləşməsinə, həyatın bütün sahələrində
- iqtisadi və mədəni-mənəvi müstəvilərdə
əlaqələrin inkişafına xidmət etdiyini
vurğuladı.
Söhbət zamanı bir
gün əvvəl - fevralın 26-da Azərbaycanda Xocalı
soyqırımının 27-ci ildönümünün
geniş şəkildə qeyd olunduğu barədə
danışan Allahşükür Paşazadə XX əsrdə
erməni ekstremistləri tərəfindən xalqımıza
qarşı törədilmiş soyqırımı cinayətinin
dünyada tanıdılmasının vacibliyinə də diqqəti
çəkdi.
Sonra Qaraçay-Çərkəz
Respublikasının başçısı Rəşid
Temrezov Qafqaz Müsəlmanları İdarəsinin sədri
Allahşükür Paşazadəni Şimali Qafqaz və Azərbaycan
xalqları arasında sülhün möhkəmləndirilməsi,
dinlərarası münasibətlərin inkişafı və
dostluğun dərinləşdirilməsi işinə verdiyi
şəxsi töhfələrinə görə
"Qaraçay-Çərkəz Respublikası qarşısında
xidmətlərinə görə” ordeni ilə təltif etdi.
Şeyxülislam Allahşükür
Paşazadə Çerkessk şəhərində sədri
olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ)
növbəti toplantısının keçirilməsi barədə
respublika rəhbərinə məlumat verdi və bildirdi ki, bu
dəfəki toplantı Şimali Qafqaz müsəlmanları
Əlaqələndirmə Mərkəzinin sədri,
Qaraçay-Çərkəz Müftisi İsmayıl
Berdiyevin anadan olmasının 65 illik yubileyinə həsr
olunub. Şimali Qafqaz müsəlmanları əlaqələndirmə
mərkəzinin sədri İsmayıl Berdiyev də həmin
görüşdə iştirak etdi.
***
Daha sonra Çerkessk şəhərində
Qafqaz Xalqları Ali Dini Şurasının növbəti
iclası keçirildi. İclasda QMİ sədri A.Paşazadə Şimali
Qafqaz müsəlmanları əlaqələndirmə mərkəzinin
sədri, Qaraçay-Çərkəz müftisi
İsmayıl Berdiyevi anadan olmasının 65 illik yubileyi
münasibətilə səmimi qəlbdən təbrik etdi,
bütün Qafqaz müsəlmanları, bölgə
dindarları adından ona cansağlığı, uzun
ömür və dəyərli fəaliyyətində yeni
uğurlar arzuladı. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yubilyara təbrik
məktubunu oxuyan Şeyxülislam A.Paşazadə Prezidentin təbriknaməsini
və hədiyyəsini müftiyə təqdim etdi.
Şimali Qafqaz müftiləri
adından Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov,
habelə Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr
çıxış edərək müfti İsmayıl
Berdiyevin dini lider və əlaqələndirmə mərkəzinin
sədri qismində fəaliyyətini qiymətləndirərək,
xidmətlərini sadalayaraq ona gələcək işlərində
uğurlar dilədilər.
Tədbirdə mən də
çıxış etdim. Qeyd etdim ki, qlobal mənada
din əxlaq deməkdir. Bəşəriyyətin
tərəqqisində din xadimlərinin müstəsna xidmətləri
var. Müfti İsmayıl Berdiyevin Azərbaycanla
Qaraçay-Çərkəz xalqları arasında dostluq və
qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi
işinə verdiyi töhfələri hər iki xalqın
yüksək dəyərləndirdiyini bildirdim və yubilyara
ümumqafqaz əhəmiyyətli fəaliyyətində yeni
nailiyyətlər dilədim.
İclasda QXADŞ-nin bu ilin
yanvarında Vladiqafqazda keçirilən toplantısından
sonrakı dövrün hesabat məruzəsi ilə
şuranın sədri Şeyxülislam Allahşükür
Paşazadə çıxış etdi. Şuranın
iclasında həmçinin, cari məsələlər, Qafqaz
xalqlarının qarşılıqlı dostluq,
qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi
istiqamətində atılan addımlar müzakirə edildi.
***
Vladiqafqazda 1996-cı ildə
terrorçular tərəfindən törədilən
partlayış zamanı xeyli zərər görmüş
Muxtarov məscidinin Azərbaycan Prezidentinin şəxsi
yardımı sayəsində bərpa edilməsi bölgə
dindarlarının, dini icma və konfessiya rəhbərlərinin
böyük sevincinə səbəb olmuşdu. 110 illik tarixə
malik Vladiqafqaz məscidi təkcə Şimali Osetiya-Alaniya
Respublikasının deyil, bütün Qafqazda İslam mədəni
irsinin əsas simvollarından biri hesab edilir.
Bəli, çox fərəhli
haldır ki, yeni həyat qazanmış Muxtarov məscidi
Vladiqafqaz şəhərinin gözəl rəmzi, Şərq
memarlığının nadir incisi, mənəvi vəhdət
rəmzi, xalqlar arasında dostluq abidəsi, Şimali Osetiya
müsəlmanlarının əsas ibadətgah yeri olmaqla
yanaşı, həm də Azərbaycan Prezidenti İlham
Əliyevin böyük humanistliyinin,
mesenatlığının bariz nümunəsidir.
Öz çıxışında Azərbaycan
Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin
Qafqazda millətlərarası dostluq və dinlərarası
anlaşmanın təmini işində Şimali Qafqaz
müftilərinin rolunu xüsusi qeyd edən Şeyxülislam
Allahşükür Paşazadə bildirdi ki, sədri
olduğu Qafqaz Xalqları Ali Dini Şurası bu yöndə bundan
sonra da səy göstərəcək.
Dünya iqtisadi böhran, siyasi gərginlik,
mənəvi səciyyəli problemlər
yaşadığı bir dövrdə Azərbaycan Prezidenti
bütün bunların fövqündə dayanmaq qüdrəti
nümayiş etdirir, beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası
dialoq forumları keçirərək Azərbaycandan
bütün dünyaya multikulturalizm ideyalarını təbliğ
edir, millətlər, dinlərarası dialoqu təşviq edir,
ədalətə və beynəlxalq hüquqa söykənən
dünya düzəninə
çağırışlarını bəyan edir.
Qafqaz Xalqları Ali Dini
Şurasının üzvlərinin - başda məhz
Şeyxülislam Allahşükür Paşazadə olmaqla,
Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə
Şurasının sədri, Qaraçay-Çərkəz
Respublikasının müftisi İsmayıl Berdiyev,
Çeçenistan Respublikasının müftisi Salax Mejiyev,
Dağıstan Respublikasının müftisi Əhməd
Abdullayev, Kabardino-Balkar Respublikasının müftisi Həzrətəli
Dzasejev, Şimali Osetiya (Alaniya) Respublikasının müftisi
Hacımurat Qatsalov, Kalmıkiya Respublikasının müftisi
Soltanəhməd Karolayev, Adıgey və Krasnodar
Respublikasının müftisi Askarbiy Kardanov və Stavropol
diyarının müftisi Muhammad Raximovun imzası ilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə
ünvanlanan təşəkkür məktubunun məzmunu da bu
gün Qafqazda, eləcə də MDB məkanında Azərbaycanın
nə qədər böyük nufuza malik dövlət
olduğunu göstərir.
***
Hamımıza yaxşı məlumdur
ki, Qafqazda, eləcə də Azərbaycanda şeyxülislam
titulunun və şeyxülislamlıq vəzifəsinin
böyük tarixçəsi var. Şeyxülislamlıq
institutunun yaranma tarixinin kökləri çox qədimlərə
gedir və təqribən min illik bir dövrü əhatə
edir. Şeyxülislam - İslam rəhbəri və ya
ağsaqqalı mənasını özündə ehtiva edir.
Orta əsrlərdə Azərbaycanda
da şeyxülislamlıq institutu mühüm rol
oynamışdı. Təbriz, Dərbənd və s. şəhərlərin
şeyxülislamları mötəbər, hörmətli din
xadimləri sayılır, molla, qazı və haciblərə
göstərişlər verirdilər. XIV-XV
əsrlərdə - Səfəvilər hakimiyyəti
dövründə şeyxülislam müstəqil fikir
yürüdür, yalnız Quran və şəriət
hökmlərindən çıxış edərək, qərəz
güdmədən ümumi işin, əmin-amanlığın
və ictimai sabitliyin xeyrinə hökm
çıxarırdı. XVI əsrdə
Osmanlı sultanlarının hakimiyyəti dövründə
şeyxülislamlar dövlət idarəçiliyi və
qanunların tənzimlənməsində daha böyük rol
oynamağa başladılar.
Qafqazda
şeyxülislamlıq təsisatı 1823-cü ildən
yaranıb və o vaxtdan etibarən Qafqazın bütün
şeyxülislamları Azərbaycandandır. 1917-ci ildə
Bakı ruhanilərinin təşəbbüsü ilə
"İsmailiyyə” binasında Qafqazın müsəlman
ruhanilərinin I qurultayı keçirildi. Üç
gün davam edən qurultayda Qafqazın müsəlmanlar
yaşayan əksər bölgələrinin nümayəndələrinin
iştirakı ilə mühüm məsələlər
müzakirə edildi. Sonuncu gün Təzəpir
məscidində şeyxülislam və müftinin
iştirakı ilə camaat namazı qılındı.
1918-ci il mayın
28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu və ölkə
siyasi müstəqilliklə yanaşı, din sahəsində də
müstəqillik əldə etdi. Həmin ilin
avqustunda Şeyxülislam Məhəmməd Pişnamazzadə
(1913-1918) və müfti Mustafa Əfəndi Əfəndizadə
Gəncəyə gəldilər. 1918-ci il
sentyabrın 1-də onlar könüllü olaraq "Məşixə”
deyilən vahid orqanda birləşmək qərarına gəldilər.
Bununla da müsəlmanların dini işlərinin
idarə edilməsində ikili ruhani rəhbərliyi aradan
qaldırıldı, Qafqaz müsəlmanlarının vahid
idarəsi yarandı. Şeyxülislam idarənin
rəhbəri, Qafqaz müsəlmanlarının ruhani
başçısı, müfti isə onun müavini oldu.
O zamandan etibarən Qafqaz Müsəlmanları İdarəsi
Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət
göstərir. 1918-ci il dekabrın 11-də
Qafqazın Şeyxülislamı Məhəmməd
Pişnamazzadə istefa verdi və onun səlahiyyətlərini
axund Ağa Əlizadə (1918-1920) öz üzərinə
götürdü.
1920-ci ildə hakimiyyətə
gələn bolşeviklər mayın 15-də
Şeyxülislamlıq təsisatını ləğv etdilər. 1941-ci ildən
başlayaraq Hitler rejiminə qarşı mübarizədə
dindarların, o cümlədən müsəlmanların rəğbətini
qazanmağa ehtiyac duyan sovet hökuməti 1944-cü ildə
Qafqaz müsəlmanlarının Ruhani İdarəsinin bərpa
edilməsi haqqında qərar qəbul etdi. Mayın 25-28-də keçirilən qurultayda axund
Ağa Əlizadə (1944-1954) yenidən Qafqazın
Şeyxülislamı seçildi, müfti İbrahim Əfəndi
Əfəndizadə isə onun müavini oldu. Bununla şeyxülislamın seçilməsi ənənəsinin
əsası qoyuldu. Sonralar bütün
şeyxülislamlar-axund Mir Möhsin Həkimzadə (1955-1966),
axund Əliağa Süleymanzadə (1968-1976), axund Mir Qəzənfər
İbrahimov (1977-1979) müsəlmanların qurultaylarında
seçiliblər.
1918-1920-ci illərdə
yaradılan Azərbaycan Xalq Cümhuriyyətində
İslamiyyə İdarəsinin başçısı
"şeyxülislam” adlanırdı. Həmçinin,
şeyxülislam 1921-ci ildən 1991-ci ilə qədər
keçmiş SSRİ-də Zaqafqaziya Müsəlmanları
Ruhani İdarəsinin, 1991-ci ildən bu günə qədər
Azərbaycan Respublikasında Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) başçısına verilən
addır.
Şeyxülislamı digər
din adamlarından fərqləndirən əsas xüsusiyyət
onun öz biliyini bir məscidin, bir şəhərin, bir
icmanın maraqları baxımından deyil,
bütövlükdə Allaha, Vətənə və xalqa xidmət
naminə tətbiq etməsi idi.
***
1823-cü ildən bu günə
kimi Qafqazda 12 şeyxülislam olmuşdur. 1980-ci ildən
Qafqazın Şeyxülislamı Allahşükür
Paşazadə həzrətləridir. Şeyxülislam
Hacı Allahşükür Paşazadə bu vəzifəyə
Qafqaz müsəlmanlarının qurultayında seçilib və
indiyədək dini rəhbər kimi fəaliyyət göstərir.
Bu gün Qafqaz Müsəlmanları İdarəsi öz səlahiyyətləri
çərçivəsində Azərbaycanda islam
dini icmalarına rəhbərlik edir, şəriət
qayda-qanunlarının düzgün yerinə yetirilməsinə
nəzarət edir.
Şeyxülislam başda
olmaqla Qafqazın din xadimləri, Azərbaycan dövlət
başçısının xüsusi önəm verdiyi və
şəxsən dəstəklədiyi dinlərarası dialoq,
multikulturalizm kimi bəşəri əhəmiyyətli
ideyaları dünyada təbliğ etməkdən böyük
qürur duyur.
Din-dövlət münasibətlərinin
düzgün məcraya yönəldilməsi, vətəndaş
birliyinin təmin olunması, cəmiyyətdə dini-mənəvi
sabitliyin qorunub saxlanılması işində fəal mövqe
tutur.
Hacı Allahşükür
Paşazadə həm sovet dövrünün, həm də
müstəqillik tarixinin şeyxülislamıdır. Bir
Şeyxülislam kimi onun müasir Azərbaycan tarixində
milli şüurun inkişafı və Azərbaycan dövlətçiliyinin
qorunması yolunda danılmaz xidmətləri var.
Şeyxülislam
Allahşükür Paşazadə 1989-cu ildə SSRİ Ali
Sovetinə xalq deputatı seçilən ilk müsəlman din
xadimi oldu. Həmçinin 1990-1995-ci illərdə Azərbaycan
parlamentinə Naxçıvan seçki dairəsindən millət
vəkili seçilmişdi. Onun həm sovet, həm də
müstəqillik dönəmində ali
qanunverici orqanlarda millət vəkili kimi təmsil olunması
xalqın öz din rəhbərinə olan yüksək
etimadının göstəricisi kimi dəyərləndirilmişdir.
1991-ci ilin dekabrında
Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə
təşəbbüsü və təkidi sayəsində Azərbaycan
SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq
İKT - İslam Konfransı Təşkilatının (indiki
adı ilə İƏT - İslam Əməkdaşlıq Təşkilatı)
üzvlüyünə qəbul edildi.
1990-cı ilin Qanlı Yanvar
hadisələri Şeyxülislam Allahşükür
Paşazadənin tərcümeyi-halında kulminasiya nöqtəsi
sayılmalıdır. Azğınlaşmış sovet ordusu
silahsız xalqımıza divan tutanda bu qanlı faciə ilə
əlaqədar ilk etiraz səsini qaldıranlardan biri məhz
şeyx həzrətləri oldu. Hacı
Allahşükür Paşazadənin əli
xalqımızın günahsız qanına batmış
Qorbaçova göndərdiyi məşhur müraciəti o
zaman bir bomba kimi partlayıb bütün dünyada əks-səda
verdi. Şeyxin "Azərbaycan
xalqı ilə silah gücünə danışmaq olmaz!” kəlamı
da az sonra özünü doğrultdu.
Eləcə də möhtərəm
şeyx tərəfindən BMT-nin Baş katibi Peres de Kuelyara,
bütün dövlətlərin və dinlərin
başçılarına göndərilən müraciətlər
Azərbaycanın müstəqillik tarixində imperiya siyasətini
lənətləyən ilk manifest sayılmalıdır. Faktiki olaraq, Moskvadan
Bakıda törədilən dövlət cinayətinə
öz hiddət və etirazını bildirən, dünya
ictimaiyyəti qarşısında SSRİ rəhbərliyini
ifşa edən ümummilli lider Heydər Əliyev, Azərbaycandan
isə M.Qorbaçova - azərbaycanlıların qatilinə
nifrət və qəzəblə dolu açıq müraciət
ünvanlayan Şeyxülislam Hacı Allahşükür
Paşazadə oldu.
O, həmin günlərdə
Şeyxülislam kimi dünya ictimaiyyətinin gözü
qarşısında özünü əsl dini rəhbər
kimi təsdiq etdi. Onun cəllad Qorbaçova
ünvanladığı məktubda deyilirdi: "Siz özlərini
işğalçı kimi aparan bu cəza qoşununu
Bakıya yeritməklə sovet hökumətini rüsvay etdiniz
və bu əməlinizlə təsdiq etdiniz ki, müstəqillik
və xalqların müqəddəratı kimi
anlayışlar idarəçiliyinizə tamamilə
yaddır. Siz bu faciənin törədilməsinə
rəvac verməklə özünüzü bir siyasi xadim və
bacarıqsız bir dövlət başçısı kimi
ifşa etdiniz. Bir əli ilə xarici
dövlətlərlə sülh sazişi, o biri əli ilə
öz vətəndaşlarına qarşı amansız cəza
tədbirlərinin həyata keçirilməsinə göstəriş
verən adamı "Sülh uğrunda mübariz”
adlandırmaq ən azı ləyaqətsizlikdir”.
Allahşükür Paşazadə
sovet imperiyasının rəhbəri M. Qorbaçova göndərdiyi
məktubda xalqın qəzəbini ifadə edərək
yazırdı: "Mən bütün Azərbaycan
xalqının iradəsini ifadə edərək
qoşunların Bakıdan dərhal
çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan
xalqı ilə silahla danışmaq olmaz. Bu müdaxilə
10 gün və ya Əfqanıstandakı kimi 10 il
davam edə bilər, lakin haqq-ədalət əvvəl -
axır qələbə çalacaqdır. Dərin
inam və iman hissi ilə üzümü Allah-Taalaya tutur və
onun ulu dərgahından şəhid olan balalarımıza rəhmət
diləyirəm. Qoy Allah-Taala mənim xalqımın
başına bu fəlakəti gətirənləri, bu işə
rəvac verənləri zəlil etsin! Ya Rəbb, Vətənimin
bu ağır günündə özün bizlərə
kömək ol! Amin!”
***
SSRİ dağıldıqdan
sonra sovet məkanında mövcud olan bütün müsəlman
dini təşkilatlar parçalanmış, ancaq Zaqafqaziya
Müsəlmanları Ruhani İdarəsinin fəaliyyəti
daha da genişlənmişdir. XX əsrin əvvəllərindən
isə Şeyxülislam Cənubi Qafqazın bütün
müsəlmanlarına rəhbərlik edən dini lider kimi fəaliyyət
göstərməyə başladı.
Ulu öndər Heydər Əliyevin
Şeyxülislamın şəxsiyyəti barədə
söylədiyi fikirləri onu bariz şəkildə səciyyələndirir:
"Müqəddəs dinimiz olan islamın gözəl ənənələrinin
ölkəmizdə, eləcə də bütün Qafqaz
bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində
Şeyxülislam Allahşükür Paşazadənin
xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları
İdarəsinə rəhbərlik etdiyi illər ərzində
bu dini qurum islam dəyərlərinin
geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi
birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin
həyatında fəallığının
artırılması işində böyük rol oynayan
mühüm mərkəzlərdən birinə
çevrilmişdir. Paşazadənin Azərbaycan
xalqının azadlıq uğrunda mübarizəsində
tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə
cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri
obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində
dini amilin gücündən düzgün istifadə etmək
bacarığını nümayış etdirdi”.
Bu gün QMİ bütün
dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən
tanınır, fəaliyyətinə yüksək qiymət
verilir. Qafqaz müsəlmanlarının səsi ən
mötəbər beynəlxalq məclislərdən,
nüfuzlu təşkilatlardan gəlir. Bunların
sırasında BMT, UNESCO, İKT, "Vicdana
çağırış” fondu, Ümumdünya Xalq İslam
Rəhbərliyi və s. nüfuzlu təşkilatların
adlarını çəkmək olar.
QMİ-nin dinlərarası
sülhün və həmrəyliyin möhkəmlənməsinə
sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin
I dərəcəli "Şöhrət” və "Şərəf”
ordeni, "Müqəddəs Apostol Varfolomey” qızıl
medalı ilə təltif edilməsi ölkəmizdə
sağlam dini dəyərlərin mövcudluğunu göstərir.
QMİ-yə 40 ilə yaxındır
ki, başçılıq edən Şeyxülislam Allahşükür
Paşazadə nüfuzlu beynəlxalq təşkilatlarda rəhbər
vəzifələrə, o cümlədən Müstəqil
Dövlətlər Birliyi Dinlərarası Şurasının
həmsədri, Müstəqil Dövlətlər Birliyi
müsəlman dini liderlərinin Məşvərət
Şurasının və Qafqaz Xalqları Ali Dini
Şurasının sədri, Ümumdünya İslam
Konqresinin, Ümumdünya Sülh Şurasının, habelə
Avrasiya İslam Şurasının rəyasət heyətinin
üzvü vəzifələrinə seçilmişdir.
***
Mən möhtərəm
şeyx həzrətləri ilə Azərbaycanda və ölkəmizdən
kənarda çox yerlərdə dəfələrlə səfərdə
olmuşam. Çox vaxrt şeyxin xarici ölkələrdə
necə böyük ehtiramla, səmimi, nüfuzlu din xadimi
olaraq qarşılanması məni səfər təəssüratlarımı
yazmağa vadar edib. Görüb, duyub dərk
etmişəm ki, o, dünyanın hər bir guşəsindən
görünən çox böyük din xadimidir. Mən
Özbəkistanda onun əlini öpən dövlət məmuru
da görmüşəm, Gürcüstanın 80 yaşlı
patriarxı İkinci İlyanın Tbilisi hava limanında onu
necə qarşılamasına, "qardaş” deyib
bağrına basmasına, haqqında necə xoş sözlər
dediyinə, eləcə də Gürcüstan baş nazirinin
şeyxin Tbilisidə Qafqaz Müsəlmanları İdarəsinə
məxsus arxivin Azərbaycana verilməsi barədə
xahişinin canla-başla əməl olunacağına göstəriş
verməsinə şahid olmuşam. Ərəb
ölkələrində şeyximizə bütün
Qafqazın dini lideri kimi ehtiram olunur, dövlət nazirləri
belə onunla məsləhətləşmələr
aparırlar.
Gürcüstan Respublikasının
sabiq Prezidenti mərhum Eduard Şevardnadze Şeyxülislam
Allahşükür Paşazadə ilə bağlı
yazırdı: "Harada Şeyxülislam Allahşükür
Paşazadə var, orada sülh var, ədalət var. Onun Azərbaycan
dövlətinin və Qafqazın dini icmalarının
qarşısında duran problemlərə münasibətdə
müdrik, uzaqgörən siyasəti regionumuzun xalqları
arasında sülhün möhkəmləndirilməsi işinə
olduqca dəyərli töhfədir”.
Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin Şeyxülislam Allahşükür Paşazadə
haqqında söylədiyi fikirlərdən sətirlər:
"Siz Qafqaza dair məsələlərdə dini
konfessiyaların ruhani lideri kimi mühüm rol
oynayırsınız. Sizin münaqişəli
vəziyyətləri nizama salmaq sahəsində sülhməramlı,
yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi
iqlimin sağlamlaşdırılması naminə səyləriniz
ən yüksək qiymətə və hərtərəfli dəstəyə
layiqdir”.
Azərbaycan Prezidenti İlham
Əliyev Şeyxülislam A.Paşazadənin çoxşaxəli
fəaliyyətini yüksək qiymətləndirərək
demişdir: "Şeyx həzrətlərinin Azərbaycanda
dini tolerantlığın inkişafında çox
böyük əməyi, çox böyük xidmətləri
var. Bunu biz bilirik, başqa dinlərin başçıları
və nümayəndələri də bilir. Bütün
dünyada şeyx həzrətlərinə çox
böyük hörmət, çox böyük inam var.
Başqa dinlərin başçılarının, Qafqaz
xalqlarının dini nümayəndələrinin Azərbaycana
səfərləri zamanı və beynəlxalq tədbirlərdə
mən şəxsən bunun şahidi olmuşam. Əlbəttə ki, bu, bütövlükdə Azərbaycana
olan hörmətin böyük nümunəsidir”.
Möhtərəm dövlət
başçımız çıxışlarının
birində bu fikri də xüsusilə vurğulayır ki:
"Bu gün mənimlə hörmətli şeyx həzrətləri
arasında münasibətlər çox səmimidir, dostluq
münasibətidir. Biz bu dostluqdan çox məmnunuq.
Bu dostluq həm bizim üçün, həm də
ölkəmiz üçün lazımdır”.
Mən iştirak etdiyim
görüşlərdə Gürcüstan Patriarxı II
İlya Qafqaz xalqları arasında dostluğun yaranmasında və
inkişafında Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadənin xidmətlərinin
böyük olduğunu xüsusi
vurğuladığının, Moskvanın və bütün
Rusiyanın Patriarxı Kirilin Şeyxülislam
Allahşükür Paşazadəyə "mənim
qardaşım " deyə mütaciət etdiyinə şahid
olmuşam. Etiraf edim ki, şeyxə bu dərin hörmət və
səmimi müraciətlər, eləcə də onun Rus
Pravoslav kilsəsi ilə münasibətlərin
inkişafında və dünyada, eləcə də Azərbaycanda
dinlərarası sülhün dəstəklənməsində
rolundan bəhs olunması içimi heyrətamiz bir iftixar hissi
ilə doldurub .
Vaxtilə müsəlman din
xadimləri içərisində ilk dəfə
Şeyxülislam Allahşükür Paşazadəni Vatikana dəvət
edərək, fəaliyyətini "Müqəddəs Qreqori”
ordeni ilə yüksək qiymətləndirən Roma papası
II İohan Pavel yazırdı: "Müxtəlif dinlərin
nümayəndələri tərəfindən Sizə bəslənən
xoş münasibətlərlə fəxr etməyə
haqqınız var”.
***
Şeyx həm də fəal
xeyriyyəçi, comərd insandır. Onun bir əli,
necə deyərlər, həmişə kasıb-kusubun, yeni
ailə quranların, qaçqın və köçkünlərin,
yurd-yuvasından didərgin düşmüş insanların
üstündədir. Hacı
Allahşükür Paşazadə ölkədə gedən
proseslərdə fəal vətəndaş mövqeyi ilə
seçilir.
Hacı Allahşükür
Paşazadə eyni zamanda etibarlı dost, mehriban ata, nəvazişli
baba, qayğıkeş ailə başçısıdır. Onun çox gözəl, dəyərli bir müsəlman
ailəsi var.
Qafqaz bölgəsinin ən
nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini
Şurasının sədri seçilən
Allahşükür Paşazadə Çeçenistan və
İnquşetiyada dini təfriqə salan radikal təmayüllü
qüvvələrin xalqa zidd əməllərinin
qarşısının alınmasında əməli tədbirlər
görmüş, "Qafqaz evi” çərçivəsində
bölgədə barış mühitinin formalaşması
istiqamətində gərgin fəaliyyət göstərmişdir. O, Qafqaz müsəlmanlarının
ali dini rəhbəri kimi iştirak etdiyi
bütün qurum və təşkilatlarda bu bölgənin
xalqlarının maraqlarını ən yüksək səviyyədə
qoruyur və onların haqq işini müdafiə edir.
1999-cu ildə Rusiya
Federasiyasının Prezidenti Boris Yeltsinə çeçen
xalqının məhvinə yönəldilən siyasətini
tənqid edən etiraz müraciəti göndərərək,
islam ekstremizmi və terrorizmi ilə
mübarizə şüarından sui-istifadə edərək,
bütöv xalqın terrorçu, ekstremist, cinayətkar
adlandırılmasını qətiyyətlə pisləmişdir.
Bakıda Beynəlxalq
Tolerantlıq Gününə həsr edilmiş konfransda Qafqaz
Müsəlmanları İdarəsinin sədri A.Paşazadə
Qarabağ probleminin din amili ilə bağlı olmasını
söyləyən ermənilərin məkrli hərəkətlərinə
cavab vermişdir. "Qarabağ münaqişəsinin dinlərarası
konflikt kimi təqdim olunması cəhdləri qəti yolverilməzdir
və bunu edənlər Yaradan qarşısında ən
ağır günah işlətmiş olurlar”.
Bəşəriyyətə
Tanrının sözü ilə xidmət edən
Şeyxülislam Allahşükür Paşazadə istər
Azərbaycan dövlətinin, istərsə də bir çox
xarici ölkələrin çox yüksək orden və
medallarına layiq görülmüşdür ki, bu da onun təkcə
islam dünyasında deyil, beynəlxalq aləmdə
böyük nüfuz sahibi olduğunu nümayiş etdirir.
Onlardan sadəcə bir neçəsinin adını
xatırlamaq istərdim: SSRİ-nin "Xalqlar dostluğu”, Azərbaycanın
"Şöhrət”, "İstiqlal” və "Şərəf”,
Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs
Vladimir” və I dərəcəli "Sergi Radonejski”,
İordaniya Krallığının I dərəcəli
"Kral Hüseyn”, Çeçenistan Respublikasının
"Millət qəhrəmanı” və "Çeçen qəhrəmanı”
və sair orden və medalları ilə təltif olunmuşdur.
Bizim şeyx həzrətlərinin
xahişi ilə 2010-cu ildə Moskvanın və Bütün
Rusiyanın Patriarxı Kirill Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun erməni
işğalçılarında qalmış nəşinin
doğmalarına qaytarılmasında vasitəçi
olmuşdur.
Allahşükür Paşazadə həmin ərəfədə
Patriarx Kirillə görüşəndə demişdir:
"Siz bizim xalqın, bizim müsəlmanların böyük
dostu kimi qalacaqsınız və bu, gələcəkdə
qarşılaşa biləcəyimiz problemlərin həlli
üçün çox vacibdir”.
Möhtərəm İlham Əliyev
tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan
olunması XXI əsrdə bəşəriyyətin mənəvi
ehtiyac duyduğu və zamanın tələblərinə cavab
verən qlobal çağırış kimi, həm də
mühüm tarixi əhəmiyyət daşımaqla bərabər,
zamanın böyük probleminə çevrilmiş islam
ölkələri arasında ziddiyyətlərin aradan
qaldırılmasına, həmrəyliyin
formalaşdırılmasına yönələn səmimi təşəbbüs
kimi tarixə düşdü.
Bu gün cənab İlham
Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın dəstəyi sayəsində dünyanın ən
müxtəlif məkanlarında tikilən, bərpa edilən
mədəni-mənəvi məbədlər ümumbəşəri
irsə dəyərli töhfələrdir.
Dini-ictimai xadim kimi, beynəlxalq aləmdə
malik olduğu böyük nüfuzdan istifadə edərək
Hacı Allahşükür Paşazadə Azərbaycan həqiqətlərini,
Qarabağ probleminin mahiyyətini tanınmış din və
dövlət liderləri ilə yüksək səviyyəli
görüşlərində, ən yüksək xitabət kürsülərindən
etdiyi çıxış və məruzələrdə
dünya ictimaiyyətinin diqqətinə çatdırır,
Qafqaz regionunda, eləcə də Şərq aləmində
sülhün və əmin-amanlığın möhkəmləndirilməsi
ilə bağlı geniş təbliğat aparır.
Çox təəssüf
ki, sosial şəbəkələrdə, eləcə də bəzi
media orqanlarında öz şəxsi maraqlarını hər
şeydən uca tutan şəxslər şeyxə
qarşı qərəzli qarayaxma kampaniyası aparmaqdan
çəkinmirlər. Bütün həyatı boyu xalqına, vətəninə
şərəflə xidmət edən, müqəddəs
dinimizin ölkəmizdə daha geniş təbliğ
olunmasında misilsiz xidmətlər göstərən bir
şəxsiyyətə qarşı belə ucuz, qərəzli
vasitələrdən istifadə etmək ikrah hissi doğurur.
Kimlərinsə maraqları naminə bu
böyük insana böhtan atmaq, onun uca və müqəddəs
əməllərinə kölgə salmağa
çalışmaq ən azından imansızlıqdır.
Şeyx həzrətləri 40 ilə
yaxındır ki, ömrünü xalqının böyük
vətəndaşı kimi, Şeyxülislam kimi öz vəzifə
borcunu şərəflə yerinə yetirir, həm doğma Azərbaycanına,
həm islam aləminə, həm də bütövlükdə
bəşəriyyətə ruhani qəlbinin töhfələrini
bəxş edir.
Filosoflar yazırlar ki,
insanlar özlərini təbiətin, Tanrının
yaratdığı dünyanın bir hissəsi hesab edəndə,
özlərinin bu dünyanın taleyinə məsuliyyət
daşıdığını başa düşəndə
o zaman şəxsiyyət olurlar. Şeyxülislam
Hacı Allahşükür Paşazadə Tanrının
yaratdığı bu dünyanın bir hissəsi, bu
dünyanın taleyinə məsuliyyət daşıyan bir
insandır. Şeyxülislamlıq bir vəzifə
olaraq böyük məsuliyyətdir, deyilmi?!
Bəli, hələ cavan
yaşlarından Allahşükür Paşazadənin bu məsuliyyəti
dərk etməsi və qırx ilə yaxındır ki, həyatının
bütün məqamlarında özünü bu müqəddəs
işə həsr etməsi gələcək nəsillərin
daha dərindən öyrənəcəyi və qiymət verəcəyi
misilsiz bir məktəbdir.
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı
Azərbaycan.- 2019.- 7 mart.- S. 1; 6.