El anası
Unudulmazlar
O, el anası idi...
Öz gəlişləri ilə dünyanı sonsuzlaşdırdıqlarını müjdələyən minlərlə körpənin doğulmasına vəsilə olan...
Qadın qucağının ən misilsiz mükafatı olan körpələri ana qolları ilə qovuşduran...
Bir körpənin həniriylə, bir ananın baxışında həkk olunmuş sevinc işartısıyla qızınan...
El anası...
Deyin, varmıdır dünyada bundan
gözəl bir ad, ünvan?!.
...Ki ondan uca olsun?! Elə
dünyanın mahiyyəti, məğzi, var olması da bu həyata
bir insan qazandırmaq, onun daimi olmasına azacıq da olsa
kömək etmək deyilmi?!
Azərbaycan tarixində
özünəməxsus yeri olan çox qadınlar olub. At belində
olanda da, əlinə qələm alanda da, hana arxasına
keçib zərif ilmə vuranda da, körpəsinə laylay
deyəndə də eyni dərəcədə zərif, əzmkar
və qüdrətli qadınlar...
Belə hökmlü, zabitəli
qadınlarımızdan biri də Şamama Ələsgərova
idi. Məşhur
həkim, mama-ginekoloq, uzun illər hamımızın Krupskaya
adı ilə tanıdığımız 5 nömrəli
doğum evinin direktoru işləmiş Sosialist Əməyi Qəhrəmanı,
Azərbaycan SSR Ali Sovetinin deputatı Şamama Ələsgərovanın
şərəfli ömür yoluna işıq tutmağa
çalışmışıq...
Qüdrətli nəslin
layiqli davamçısı
XIX əsrin ortalarında
İrəvanın Xidərçay məhəlləsində
Qurbanəli adında bir şəxs yaşayırdı. Onun iki övladı
vardı: Məmmədkərim və Ələkbər. Zaman
keçir, Məmmədkərim Kərbəlayi Qurbanəli
oğlu İrəvanın bəy nəslindən Zəhra
xanım Süleymanbəyova ilə ailə qurur. Zəhra xanımın anası Bilqeys Qazıyeva
İrəvan quberniyasının zadəganlarından Mirzə
Cabbar Qazıyevin nəslindən idi. Məmmədkərimlə
Zəhra xanımın beş övladı
olur: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad.
Vurğulamaq yerinə düşər
ki, bu nəsil Azərbaycan tibb elminə Əziz Əliyev (Azərbaycanın
görkəmli dövlət və elm xadimi, tibb elmləri
doktoru, professor), Zərifə Əliyeva (Azərbaycan SSR əməkdar
elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki), Tamerlan Əliyev (əməkdar
elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri
doktoru, professor), Cəmil Əliyev (Tibb elmləri doktoru,
professor, əməkdar elm xadimi, Respublika Milli Onkologiya Mərkəzinin
direktoru, AMEA-nın akademiki), Əziz Əliyev (tibb elmləri
doktoru, professor, İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin Bakı filialının rektoru) kimi dəyərli
nümayəndələr, ən əsası isə İlham
Əliyev kimi parlaq siyasətçini - Lideri
yetişdirmişdir. Bu mötəbər ailənin
daha bir layiqli təmsilçisi də Şamama Ələsgərova
idi.
100 minlərin
dünyaya göz açdığı "Krupskayanı” O
yaratdı...
1904-cü il
martın 8-də İrəvanda anadan olan Şamama xanım ilk
təhsilini gimnaziyada alır. 1941-ci ildə Azərbaycan
Dövlət Tibb Universitetini bitirir və cəbhəyə
göndərilir. Daha sonra o, müharibə
illərində Azərbycan SSR Xalq Səhiyyə
Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin
rəisi işləyir.
1945-ci ildə Şamama xanım
N.Krupskaya adlı 5 nömrəli klinik doğum evinin baş həkimi
təyin olunur və ömrünün sonuna qədər 1977-ci
il iyunun 2-nə kimi həmin vəzifəni
yerinə yetirir.
Şamama Ələsgərovanın
yüksək təşkilatçılıq qabiliyyəti sayəsində
doğum evi respublikanın iri müalicə-profilaktika idarəsinə
çevrilmiş və keçmiş ittifaqda geniş
şöhrət qazanmışdı. 5 nömrəli
doğum evinin təşkilində böyük əmək sərf
edərək bu tibb ocağının maddi texniki
bazasını zamanının tələblərinə
uyğun yüksək səviyyədə təşkil edən
Şamama xanım kadr seçiminə də xüsusi diqqət
yetirirdi. O, həkim personalını işə
götürdükdə həmin şəxsin peşə
bacarığını, elmi səviyyəsini müfəssəl
öyrənirdi. Orta və kiçik tibb
işçiləri də Şamama xanımın
"senzurasından” keçdikdən sonra işə
götürülürdü. Beləliklə,
bacarıqlı və istedadlı rəhbər az
zaman içərisində yüksək
professionallığı ilə seçilən tibbi heyəti,
ciddi sanitariya rejimli zamanının qabaqcıl, nümunəvi,
böyük bir tibb ocağını qurmağı bacarır.
Şamama xanım 1958-ci ildə Səhiyyə
əlaçısı, 2 il sonra
respublikanın əməkdar həkimi adına layiq
görülür. 1969-cu il fevralın 5-də
ona xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı
adı verilib. O respublikada bu ada layiq görülən ilk səhiyyə
işçisi idi. Şamama xanım haqqında ozamankı
dövri mətbutada "Pravda”, "İzvestiya”,
"Komsomolskaya Prvada”, "Bakı” və digər mərkəzi
orqanlarda müntəzəm olaraq məqalələr dərc
edilmişdir. Şamama xanım Azərbaycan SSR
Ali Sovetinin doqqzuncu çağırış deputatı
olmuşdur, "Şərəf nişanı” ordeni və
medallarla tətlif edilmişdir.
Heç təsadüfi deyil
ki, hazırda bu doğum evi məhz Şamama Ələsgərovanın
adını daşıyır.
Heydər
Əliyev: "Qızım anadan olarkən mən bütün
gecəni burada keçirdim...”
1995-ci ilin aprelin 7-də ulu
öndər Heydər Əliyev Ümumdünya Sağlamlıq
Günü münasibətilə Bakıdakı 5 saylı
Kliniki Doğum Evinin işçiləri ilə
görüşür.
Görüşdə uzun
müddət bu tibb ocağına rəhbərlik etmiş
Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın
adının verilməsi təklifi ilə
çıxış edir. Bu doğum evi ilə həyatının
ən xoş anlarının bağlı olduğunu dilə gətirir,
Şamama xanımın şəxsi keyfiyyətlərindən
danışır:
- Əgər kollektiv belə
bir təklif irəli sürürsə, mən də buna etiraz
etmirəm. Mən Şamama Ələsgərovanı yaxşı
tanıyıram. Şamama Ələsgərova
30 ildən çox bu doğum evinə rəhbərlik
etmiş, hətta İkinci Dünya müharibəsi
dövründə bura hərbi qospital olan vaxtdan burada
çalışmışdır. Şamama
Ələsgərova bütün səhiyyə işçilərinə
örnək və nümunə idi. Onun gecəsi-gündüzü
elə burada keçirdi. Doğum evi
binasının abadlaşması, müasir avadanlıqla təchiz
edilməsi, həkimlərin biliklərinin təkmilləşdirilməsi,
elmi işlər aparılması və başqa sahələrdə
o, çoxlu işlər görübdür.
Bu doğum evi mənim
üçün də çox əzizdir. Çünki
hər iki övladım - qızım və oğlum burada
anadan olublar. Bir şeyi deyə bilərəm
ki, 1954-cü ildə qızım anadan olarkən mən
bütün gecəni burada keçirdim. Lakin
Şamama xanım mənə yuxarı qalxmağa icazə vermədi.
Qızım olması münasibətilə məni
təbrik etdi, amma mənə onu görməyə icazə
vermədi. Üç gün ərzində
uşağı görmək mümkün olmadı. Mən mərhum həyat yoldaşım Zərifə
xanıma məktub yazırdım, Şamama xanım onu
aparırdı və cavab gətirirdi.
Heydər
Əliyev: "İlham anadan olanda Şamama xanım məni
aldatdı...”
- Oğlum olanda isə Şamama
xanım məni aldatdı. Mən axşam həyat
yoldaşımı doğum evinə gətirəndə
Şamama xanım dedi ki, uşaq hələ gec olacaqdır, sən
burada qalma. Mən də ona inandım və evə
getdim. Təxminən üç saatdan sonra zəng vurub
məni təbrik edərək dedi ki, oğlun olubdur. Mən çox sevindim. Səhərisi
günü yenə bura gəldim.
Amma Şamama xanım yenə
də məni yuxarı buraxmadı. Mən bunları ona görə deyirəm
ki, o, çox nizam-intizam sevən adam idi. Heç kəsə güzəşt etmirdi. Siz bilirsiniz ki, Şamama xanım mənim qohumumdur.
O mənim həyat yoldaşım Zərifə xanımın
bibisi idi. Buna baxmayaraq o, nə qohumluğu, nə
tanışlığı, nə dostluğu, nə vəzifəni,
nə də başqa bir şeyi nəzərə alan adam deyildi. Şamama xanım deyirdi: qanun
hamı üçün qanundur, kimsəyə güzəşt
olmayacaqdır. Nə vaxt həyat yoldaşınız
buradan çıxacaqsa, onda gəlib uşağı görərsiniz.
Şamama xanım haqqında
xatirələr çoxdur. O vaxtlar o, ən yüksək ada -
Sosialist Əməyi Qəhrəmanı adına
layiq görülmüşdü, respublika Ali Sovetinin
deputatı idi. O, çox fədakar insan idi. Onun
şəxsi həyatı yox idi, bütün ömrü burada
keçirdi. Çox gözəl insan, xeyirxah adam idi. Həyat yoldaşım bəzən
mənə danışırdı ki, Şamama xanım
üç gündür evə gəlmir, ağır xəstələri
var. Mən Şamama xanıma sağlığında da
böyük hörmətlə yanaşmışam, onun xatirəsi
də mənim üçün həmişə əzizdir.
Azərbaycanın səhiyyə tarixində
Şamama xanımın görkəmli yeri vardır.
O, həm də
mükəmməl örnək idi
"Ortaboylu, dümağ bir
qadın idi. Saçları həmişə xınalı
olardı, heç zaman ağarmış görməzdik.
Səliqə-sahmanına söz ola bilməzdi.
Özünə qarşı o qədər tələbkar
idi ki, hər şeyi ən kiçik detallarına qədər
düşünürdü. Həmişə
onu iki cür paltarda görürdük. Bir
güllü donu vardı işə geyinirdi, Moskvaya, ya harasa
iclasa gedəndə isə həmişə mavi, yaxası
lentli paltarını geyinirdi. Düşünürdük
ki, Şamama xanım necə edir ki, illərlə geyməsinə
baxmayaraq bu paltarlar solmur, cırılmır. Sonralar onun evinə gedəndə hər şey aydın
oldu. Zivədə hər zaman
gördüyümüz həmin o iki paltardan 5-6-sı yuyulub
asılmışdı. O, hətta istəmirdi desinlər
ki, Şamama xanım hər gün bir paltar geyinir...”
5 nömrəli klinik doğum evində
vaxtilə Şamama xanımın bura işə
götürdüyü mama-ginekoloqlarla söhbət edirik...
Ömürlərinin 50 ilə
yaxın bir dövrünü bu tibb ocağına həsr
etmiş qocaman həkimlər gəlişimizin məramını
öyrəndikdə o qədər sevinir, həvəslə
danışırlar ki...
Onların özünə də gənclik
illəri ilə bağlı xatirələrə, Şamama
xanımla ilk tanış olduqları
günlərə xəyalən səyahət etmək
çox xoş idi...
"Şamama xanım tələbkar
və işinə bağlı biri idi. Ürəyi
bu xəstəxana ilə döyünürdü.
İş saat 7:30-da başlasa da, o artıq saat 7-dən burada
olurdu”.
1972-ci ildən 5 saylı
klinik xəstəxanada çalışan mama-ginekoloq Səidə
Əkbərova Şamama xanımla bağlı xatirələrini
bizimlə bölüşür. Deyir heç xəbərimiz olmurdu
ki, o hansı qapıdan gəlib: "Bir də
görürdük ki, lap tezdən Şamama xanım
otağındadır. Gecədən nə
olmuşdusa, hamısını bilirdi, elə bil bizimlə bərabər
o da növbədə qalmışdı. O, heç gecəni
də rahat yatmırdı. Növbətçi
deyirdi ki, bir də görürəm axşam saat 9-da səssiz-səmirsiz
gəlib işə”.
Baxmayaraq ki,
"KQB” generalının qızı idim...
Mama-ginekoloq Sevil Xalıqova bu xəstəxanaya
yeni gəldiyi günləri xatırlayır: "Əmrlə
bu xəstəxanaya işə göndərilmişdim.
Şamama xanım mənə dedi ki, gəlmisən, xoş gəlmisən,
amma əmrini hələ verməyəcəm. Get, 3 ay sənə
vaxt verirəm, görüm necə işləyirsən.
Baxmayaraq ki, atam "KQB” generalı idi, məşhur Abdul
Xalıqovun qızıydım... Kimliyindən
asılı olmayaraq o, yeni işə götürdüyü gənci
2-3 ay sınaq müddətindən keçirirdi. Baxırdı tərbiyəsinə, işinə, ailəsinə,
sonra deyirdi ki, səni qəbul edirəm, ya yox”.
Səidə Əkbərova: "O
zaman burada Azərbaycan səhiyyəsinin qaymaqları, çox
savadlı, adlı-sanlı həkimlər işləyirdi. Bu xəstəxana bir ocaq idi. Burada
o qədər gənc həkim hazırlanıb respublikanın
başqa mama-ginekologiya ocaqlarına göndəriliblər ki,
indi artıq onların özləri də
yaşlaşıblar. Şamama xanım rus
dilində də çox səlis bilirdi. O zaman bura
çoxmillətli kollektiv idi. Osetin, rus, ləzgi,
erməni, hətta ispan mənşəli xanım var idi.
Bizim səhərlər keçirdiyimiz 5 dəqiqəlik
iclas, elə bil ki, elmi-praktik konferensiya idi. Hər bir
doğuş, əməliyyat müzakirə olunurdu...”
Ona
bağışlanan varidatı Müdafiə Fonduna
köçürtdü
Mama-ginekoloq Əzizə Səmədova
danışır ki, Şamama xanımın xəbərçi
adamlardan da acığı gəlirdi: "O bu xüsusiyyətimizə
də diqqət edirdi. Bir dəfə məni
çağırıb dedi bilirəm ki,
ağzıbütövsən. Ona görə də
sənin Ali Sovetə deputatlığa namizədliyini təklif
etmişəm. Düzdür, mən
seçilmədim, amma elə onun göstərdiyi bu etimad bəs
edərdi. O belə bir adam idi: kimsəsizlərin
arxa-dayağı. Bilirsiniz, Şamama xanım neçə
xadiməni oxutdurub tibb bacısı etmişdi, neçə
tibb bacısına təklif etmişdi ki, get Tibb İnstitutunda
oxu. Nə gecə yuxusu var idi, nə səhər.
Gedirdi evə, amma səhərəcən 3 dəfə
doğum evinə qayıdırdı, yoxlayırdı, yenə
gedirdi. Deyirdi ki, görüm həkimlərin
hansı iynə-dərmana ehtiyacı var, xəstələrin
nə şikayəti var? Hamısını özü
düzüb qoşurdu...”
Sevil Xalıqova: "Şamama
xanım insanları dinləməyi bacarırdı. O gözəl
ana, sirdaş, bizə arxa idi. Biz ona söykənmişdik.
Nə problemimiz, dərdimiz vardısa, Şamama
xanıma deyirdik, o, bizi dinləyir, əlindən gəldiyi qədər
kömək edirdi”.
Mama-ginekoloq Zəhra Hüseynova
maraqlı bir fakt danışır: "Böyük Vətən
müharibəsi zamanı, bir rus hərbçi o zaman bu xəstəxanada
yerləşən cərrahi hospitalda xeyli müalicə
alır. Şamama xanım həmin hərbçini
əməliyyat edib sağaldır. İllər
keçir, Şamama xanıma Sosialist Əməyi Qəhrəmanı
adı veriləndə bu barədə "Oqonyok” jurnalında
məlumat verilir və həmin hərbçi Şamama
xanımın fotosunu görüb tanıyır. O,
Şamama xanımı axtarıb tapır və gəlib onunla
görüşür. Deyir ki, mənim
bütün ailəm müharibədə həlak olub,
heç kimim yoxdur. İstəyirəm
bütün varidatımı sizə bağışlayım.
Əvvəlcə Şamama xanım etiraz edir,
amma hərbçi israr edir ki, onsuz da mənim heç kimim
yoxdur. Bu zaman Şamama xanım deyir ki, yaxşı, sabah bu ünvana gələrsən. O, həmin
hərbçini Partiya Komitəsinə aparır. Və oradakı üzvlərin iştirakı ilə
xeyli məbləğdə pulu Müdafiə Fonduna
köçürür. Onun belə xeyriyyəçilik əməlləri
də var idi... Şamama xanım kimi insanlar bu dünyaya tək-tək
gəlir...”
Qəfil
ölüm
70-dən çox
yaşı var idi, amma yenə də gəncliyindəki kimi
şövqlə işləyirdi. Evdən daha çox iş
yerində olur, xəstələri, həkimləri dinləyir,
nəyə ehtiyacları olduğu ilə şəxsən
maraqlanır, həlli ilə məşğul olurdu. O,
daşıdığı missiyanın fərqində idi,
bilirdi ki, rəhbərlik etdiyi bu müqəddəs ocaq hər
an yeni bir insanın dünyaya göz
açmasına vəsilə olur...
1977-ci ilin 2 iyununda Şamama xanım
növbəti dəfə iş yerinə baş çəkib
evə dönür. Amma bir daha doğma iş yerinə
qayıtmaq ona nəsib olmur. Elə həmin gün qəfil gələn
amansız ölümlə dünyasını dəyişir...
Bağırovun
göndərdiyi "çekist” Şamama xanıma deyir ki...
Şamama xanımın
hazırda 3 nəvə yadigarı var, yeganə qızı
Sona isə dünyasını dəyişib.
Sona xanımın dayısı
Əziz Əliyevlə bağlı xatirələrində
anası ilə bağlı maraqlı faktlar var: "Əziz
dayıma olan təzyiqlər çoxaldıqca, mənəvi
repressiyaların təsirinə məruz qaldıqca, bizim
bütün qohumlar da sıxışdırılırdı. Anam Şamama Ələsgərova da belə repressiyalara,
təzyiqlərə məruz qalanlardan oldu. Yaxşı yadımdadır, Azərbaycan KP
MK-nın, səhv etmirəmsə, VIII qurultayı idi.
Anam da Krupskaya adına Doğum evinin
baş həkimi idi. Anam baş həkim kimi
qurultay nümayəndəsi idi. O, geyinib-kecinib qurultaya
getdi. Heç bir saat keçməmiş geri
qayıtdı. Mən təəccübləndim.
Anam dedi ki, Bağırov zalda məni görən kimi cin
atına mindi. Əsəbi-əsəbi dedi: "Aleskerova,
mandat ostavte, vıxodite iz zala”.
Krupskaya adına xəstəxananı
1945-ci ildə anam açmışdı. İşləri
də çox ağır idi. Şəhər
Sovetinin deputatı idi. İctimai işlərlə
çox məşğul olurdu. Bir gün Bağırov
anamın yanına "çekist” göndərir ki, Şamama
xanım xəstəxanada yatan Əfəndiyeva adlı bir
xanıma zöhrəvi xəstə olması haqqında
arayış versin. Anam o arayışı
vermir.
İkinci dəfə həmin
şəxs yenə gəlib ki, Əfəndiyevanın xəstə
olması haqda arayış verin, ya da işdən
çıxmanız haqqında ərizə”.
Bunu da Bağırov ona
görə edirdi ki, o qadının yoldaşını
sürgün eləmək istəyirdi. Anam o
arayışı ikinci dəfə də vermədi. Çünki o qadında elə bir xəstəlik
yox idi. Anam gedir raykoma. O vaxt raykomun
bürosunun üzvü Bakun vardı, özü də admiral
idi. Məsələdən agah olan Bakun anamı
müdafiə eləmişdi”.
İlham Əliyev
də burada dünyaya gəlib
Şamama Ələsgərova
bu dünyadan fiziki olaraq köçsə də, bu gün də
qoyub getdiyi ənənə adını
daşıdığı 5 saylı klinik doğum evində
davam edir.
Doğum evinin baş həkimi Xədicə
Əhmədova söyləyir ki, bu tibb müəssisəsi həqiqətən
bir ocaqdır: "Həm tibb professionallığı, həm
də həkim şəfqəti baxımından daim nümunə
olmuşdur. Bu doğum evi əhali tərəfindən
çox sevilmiş, həkimlərinə çox böyük
güvən göstərilmişdir. Hazırda
xəstəxanada 99-u həkim olmaqla, 433 işçi
çalışır, ildə təxminən 2800-3000 körpə
anadan olur”.
Qeyd edək ki, Prezident İlham
Əliyev də 1961-ci ilin dekabrın 24-də bu doğum evində
dünyaya göz açıb...
Bu gün sənin
günündür
O, el anası idi...
Bu dünyaya yaxşılıq,
xeyirxahlıq etmək üçün gəlmişdi...
Onun əməllərinin,
xeyirxahlığının əsasında insanlığa
sevgi, şəfqət, mərhəmət dayanırdı...
Hələ sağlığında qəlblərdə
özünə, əbədi abidə ucaltmışdı...
Yüksək insani keyfiyyətləri, alicənablığı, kübarlığı, zabitəsi, əzmi ilə...
Bu dünyada hər kəsin bir ömür payı var, amma onu necə yaşamaq tamamilə fərdlərə, şəxslərə özəl keyfiyyətdir...
Şamama xanım qismətinə yazılmış bu ömrə özünəməxsus naxış vurdu, şərəf, dəyər qatdı...
Bu gün sənin günündür, qətiyyətli Azərbaycan qadını!
Ruhunuz şad olsun, Şamama xanım...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2019.- 7 mart.- S.1; 9.