İlham Əliyev 86 yaşlı Saray nənəni
ikinci dəfə ziyarət etdi: “Bildirdim ki, İlham gələcək,
gəldi də...”
İlham
Əliyev və Mehriban Əliyeva vətəndaşları
şəxsən dinlədilər, məktubları özləri
qəbul etdilər, yeni mənzillərdə oldular və
növbəti yaşayış binasının təməlini
qoydular
Martın 7-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının
aradan qaldırılması ilə bağlı görülən
işlərlə tanışlıq məqsədilə
Şamaxıda səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, bu il
fevralın 5-i və 6-da baş verən zəlzələlər
nəticəsində İsmayıllı və Ağsu
rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi
evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.
İndiyədək Şamaxıda 4893 evə baxış
keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244 ev kəskin
qəzalıdır. Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr,
113-ü isə kəndlər üzrədir. Hazırda şəhər
üzrə kəskin qəzalı hesab edilmiş evlərdən
6-sı inşa olunur. Rayonda, ümumilikdə, 1111 evin bərpasına
və gücləndirməsinə ehtiyac var ki, onlardan da 561-i
şəhərdə, 87-si qəsəbələrdə,
463-ü isə kəndlərdədir. Şamaxıda təbii
fəlakətlə bağlı şəhər üzrə
866, qəsəbələr üzrə 123, kəndlər
üzrə isə 811 olmaqla, ümumilikdə, 1800 evin təmirə
ehtiyacı var.
Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir.
Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evə gəldilər. Bu ev zəlzələ zamanı qəzalı vəziyyəti düşmüşdü.
Saray nənə: Xoş gəlmisiniz. Canım qurban, gələn ayaqlarınız var olsun.
Prezident İlham Əliyev: Necəsiniz?
Saray nənə: Sağ olun, qadan
alım. Mehriban xanıma canım qurban.
Birinci xanım Mehriban Əliyeva:
Salam. Çox şadam.
Saray nənə: Nəvəli-nəticəli
olasan, ay qızım. Mənim qədər nəvə-nəticə
görəsən. Mən görmüşəm,
Allaha şükür. Gələn
ayaqlarınıza qurban olum.
Birinci xanım Mehriban Əliyeva:
Çox sağ olun, Allah sizə uzun
ömür versin.
Saray nənə: Elə bil ki, Siz gəlişinizlə
məni götürüb dağın başına qoymusunuz,
qeyrətli balam. Çox sağ ol,
çox var ol. Bizim üçün hər
şey etmisiniz. Allaha çox
şükür ki, gəlmisiniz.
Birinci xanım Mehriban Əliyeva: Necə
ola bilərdi ki, gəlməyək.
Saray nənə: Allah haqqı mən
bilirdim ki, İlham gələcək. Gələn
ayaqlarına canım qurban, gəldi də, hər cür şəraiti
yaratdı da. Bir ana kimi mənim hər bir
sözümü də yerini yetirdi. Gələn
ayaqlarına bu canım qurban.
Mehriban Əliyeva: Mənə sizdən
o qədər danışırdı ki, gözləyirdim, nə
zaman gəlib sizinlə tanış
olacağam.
Saray nənə: Sizin qadanızı
alaram. Sağ olun ki, gəlmisiniz, mən də Sizi gözləyirdim.
Mən Sizi çox istəyirəm.
Prezident İlham Əliyev: Bir ay
keçdi, yenə görüşürük. Bir
ay keçdi gəldim. Bir aydan sonra artıq sizin
üçün gözəl ev
hazırdır.
Saray nənə: Sağ olun, Sizin sayənizdə. Mən Allaha
inandığım kimi bilirdim ki, gələcəksən.
Prezident İlham Əliyev: Zəlzələdən
sonra birinci tikilmiş ev sizin evinizdir.
Saray nənə: Sağ olun, elədir.
Hər cür şərait yaratmısan.
Çox sağ ol, çox var ol. Allah-Təala ömrünüzü uzun eləsin.
Yoldaşınla qarıyasan, nəvəli-nəticəli
olasan.
Prezident İlham Əliyev: Çox sağ ol.
Birinci xanım Mehriban Əliyeva:
Çox sağ ol.
Saray nənə: Siz sağ olun, bizim
üçün çox iş gördünüz. Allah hamınızın işini avand eləsin.
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva evdə yaradılan şəraitlə
tanış oldular.
Prezident İlham Əliyev: İndi
şərait necədir?
Sevda Həsənova: Çox sağ olun. Sizinlə qürur
duyuruq. Sağ olun ki, Azərbaycan xalqının
arxasında durmusunuz.
Prezident İlham Əliyev: Burada şəklimiz
var. Yəqin ki, bugünkü şəkli də əlavə
edərsiniz.
Sevda Həsənova: Sağ olun. Allah Sizə cansağlığı versin. Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Evin
ölçüləri əvvəlkindən daha
böyükdür.
Fövqəladə hallar naziri Kəmaləddin
Heydərov: Bəli, çox böyükdür, 131
kvadratmetrdir.
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva daha sonra Saray nənə və
ailə üzvləri ilə birlikdə çay süfrəsi
arxasında söhbət etdilər.
Saray nənə: Siz də
balamsınız, özü də qeyrətli, namuslu. Qurban olum qeyrətinə, mənim başımı
çox uca etmisən.
Prezident İlham Əliyev: Siz buna
layiqsiniz. Bütün Azərbaycan sizi
tanıyır, bütün Azərbaycan sizi sevir.
Saray nənə: Şükür
Allaha, mən də qeyrətli qadın olmuşam. Üzüm bağlarında məftil çəkmişəm.
Prezident İlham Əliyev: Bir aya bu
bina tikildi. O birilər də tikiləcək. Həm
burada, həm Ağsuda, İsmayıllıda qəzalı,
uçulan bütün binalar yenidən tikiləcək. Dünən Ağsuda idim, orada da vətəndaşlarla
görüşdüm, orada da evlər uçulub. Onlara
da dedim ki, bütün evlər tikiləcəkdir.
Siyahı tutulub, qəzalı evlərin
hamısı dövlət tərəfindən tikiləcək.
Saray nənə: Qadanı alım, ay
İlham.
Sonra Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva ailə
üzvlərinin istək və xahişlərini dinlədilər. Dövlətimizin
başçısı bu məsələlərlə
bağlı müvafiq tapşırıqlarını verdi.
Saray nənənin gəlini Sevda Həsənova:
Allah köməyiniz olsun. Sizdən yerlə-göy
qədər razıyıq. Biz Sizinlə qürur duyuruq,
çox sağ olun, var olun.
Prezident İlham Əliyev: Zəlzələ
təbii fəlakətdir. Bu, əvvəllər
də olub. Bir neçə il bundan əvvəl
Zaqatalada, Balakən bölgəsində də olubdur. Orada da 3
mindən çox ev yenidən tikildi. Burada
da indi 1000-dən çox ev yenidən tikiləcək,
bərpa olunacaq. Xoşbəxtlikdən heç kim
həlak olmayıb, hamı sağ-salamatdır. Biz də sizinlə
tanış olduq və yeni bir ev də
tikildi. Şamaxı, Ağsu,
İsmayıllı rayonlarında zəlzələdən ziyan
çəkmiş qalan evlər də tikiləcək, bərpa
olunacaq. Vətəndaşlar da bunu bilir.
Onu da deməliyəm ki, ancaq Azərbaycanda bu
işlər bu qədər qısa müddət ərzində
görülür. Hər yerdə zəlzələ,
daşqın olur. İnkişaf etmiş
ölkələrdə dövlət, ümumiyyətlə
kömək etmir, bütün evlər
sığortalıdır, vətəndaş
sığortanı ödəyir, zəlzələ olandan sonra
sığorta şirkətinə müraciət edir. Onlar baxırlar, təhlil aparırlar. Aylarla vaxt keçir, sonra da ona sığorta pulu
verilir, gedir özü tikir. Amma Azərbaycanda
necədir? Zəlzələdən bir
gün sonra komissiya gəldi, Fövqəladə Hallar Nazirliyi,
icra hakimiyyəti. Ona görə bu bir daha
göstərir ki, Azərbaycan dövləti Azərbaycan vətəndaşının
yanındadır, onun arxasındadır və ağır vəziyyətə
düşən vətəndaş hər zaman bilməlidir ki,
dövlət ona kömək edəcək. Görülən işlər, bax, budur. Bu, birincidir. Hələ minlərlə ev tikiləcək.
Saray nənə körpəni
göstərərək dedi: Bu mənim nəticəmdir,
adı Emindir. Gələn ayaqlarınız var
olsun. Gördüyünüz işlərə görə
çox sağ olun.
Sonra xatirə şəkli
çəkdirildi.
***
Daha sonra Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Salman Mümtaz
küçəsinin sakinləri ilə söhbət etdilər,
onları narahat edən məsələləri dinlədilər.
Prezident İlham Əliyev: Salam,
xoş gördük.
Sakinlər: Salam, xoş gəlmisiniz.
Allah Sizi qorusun. Bizə şərəf
verdiniz. Çox sağ olun, Allah
razı olsun.
Qadın sakin: Sizə məktubum var.
Prezident İlham Əliyev: Baxaram.
Qadın sakin: Bizim də evimiz
sökülür, orada tikilir.
Prezident İlham ƏLİYEV:
Uçulub? Mən baxacağam mütləq, evlərlə
bağlı narahat olmayın. Bütün
evlər bərpa olunacaq.
Qadın sakin: Sağ olun ki, Azərbaycanı
belə tikirsiniz, qurursunuz. Allah işinizi avand
etsin, Sizi ölkəmizdən əksik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun.
***
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Vahid Şıxıyevin
inşası davam edən evinə də baxdılar.
Prezident İlham Əliyev: Sizin
evinizdir?
Vahid Şıxıyev: Xoş gəlmisiniz
cənab Prezident, bəli.
Prezident İlham Əliyev:
Görürsünüz, necə qısa müddət ərzində
tikilir.
Vahid Şıxıyev:
Sökülüb, yerində təzəsi inşa olunur. Allah Sizə cansağlığı versin,
başımızın üzərindən əskik etməsin,
cənab Prezident.
Prezident İlham Əliyev: Daha da
gözəl ev olacaq.
Vahid Şıxıyev: Bəli, nəvələrimin,
ailəmin adından Sizə dərin təşəkkürümüzü
bildiririk, çox sağ olun.
Vahid Şıxıyevin həyat
yoldaşı: Allah Sizi Azərbaycan xalqına çox görməsin.
Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.
Prezident İlham Əliyev: Çox sağ olun. Evin tikintisi təxminən
nə vaxt başa çatacaq?
Fövqəladə hallar naziri Kəmaləddin
Heydərov: Təxminən bir aya, ay yarıma.
Prezident İlham Əliyev: Bir aya. İndi siz harada yaşayırsınız?
Vahid Şıxıyev: Biz yaxın
qohumun evində yaşayırıq. Sağ olsun qohum-əqrəba.
Prezident İlham Əliyev: Bir az gözləyin, maksimum bir aya tikiləcək.
Vahid Şıxıyev: Allah köməyiniz
olsun.
Prezident İlham Əliyev: Saray nənənin
evini də görürsünüz.
Vahid Şıxıyevin həyat
yoldaşı: Allah Sizdən razı olsun.
***
Dövlətimizin
başçısı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Teymur Əliyarbəyov küçəsində
Elmira Həsənovaya məxsus yeni yaşayış evində
də yaradılan şəraitlə tanış
oldular.
Elmira Həsənova: Salam, xoş gəlmisiniz.
Mehriban Əliyeva: Salam, sizinlə telefonla
danışmışdıq.
Prezident İlham Əliyev: Şərait
necədir?
Elmira Həsənova: Çox sağ olun, hər şey əladır. Sənə qurban olum.
Elmira Həsənovanın
qızı: Mehriban xanım, mən həmişə Sizi
görmək istəyirdim.
Mehriban Əliyeva: Eləmi, mən də
səni.
Elmira Həsənova: Allah Sizi əskik
etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sonra xatirə şəkli
çəkdirildi.
***
Sonra Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun mərkəzində
Heydər Əliyev mədəniyyət və istirahət
parkında Ulu Öndərin abidəsini ziyarət etdilər,
önünə gül dəstəsi qoydular.
***
Zəlzələ zamanı
şəhərin Səttar Bəhlulzadə küçəsində
Vüqar Teyfurovun evi də qəzalı vəziyyətə
düşmüşdü. Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva həmin evin
yerində yeni inşa edilən evdə yaradılan şəraitlə
maraqlandılar.
Vüqar Teyfurov: Xoş gəlmisiniz,
cənab Prezident.
Prezident İlham Əliyev: Salam,
xoş gördük.
Mehriban Əliyeva: Xoş
gördük.
Prezident İlham Əliyev: Ev
hazırdır?
Vüqar Teyfurov: Allah köməyiniz
olsun, tam hazırdır. Ailəmiz adından təşəkkür
edirik. Çox sağ olun, Allah Sizi
var eləsin. Çiçəklənən Azərbaycan
naminə Allah Sizə ömür versin, tikin, yaradın.
Prezident İlham Əliyev: Çox sağ olun.
Dövlətimizin
başçısı və birinci xanım evdə
yaradılan şəraitlə tanış
oldular.
Prezident İlham Əliyev: Pianino da
var. Sən ifa edirsən?
Vüqar Teyfurov: Bəli, cənab
Prezident, mən musiqiçiyəm. Bağışlayın, əgər
istəsəniz Sizin üçün musiqi
də ifa edə bilərəm.
Prezident İlham Əliyev: Olar, buyur.
Sonra dövlətimizin
başçısı və birinci xanım Vüqar Teyfurovun
ifasını dinlədilər.
Prezident İlham Əliyev: "Ana” və
"Xalq Heydər söyləyəcək”
mahnılarını çox gözəl ifa etdin. Özü də belə improvizasiya ilə.
Vüqar Teyfurov: Təşəkkür
edirəm.
Sonda xatirə şəkli
çəkdirildi.
***
Daha sonra Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı
sakinləri ilə görüşdülər.
Sakinlər: Xoş gəlmisiniz cənab
Prezident.
Sakin: Cənab Prezident, bu
uşağın adı da İlham Əliyevdir. Səni
görməkdən ötrü gəlib.
Sakin: Sənə qurban olum. Müəlliməm, qocaman müəlliməyəm.
Sakin: Sizi salamlayıram. Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ
olun.
Sakin: Sizi salamlayırıq, dəstəkləyirik,
xoş gəlmisiniz.
Sakin: Uşağımın köməyə
ehtiyacı var.
Prezident İlham Əliyev: Mən sizə
kömək edərəm.
Sakin: Fəxr edirik ki, Sizin
kimi Prezidentimiz var.
Prezident İlham Əliyev: Sağ
olun. Mən də sizinlə fəxr edirəm.
Narahat olmayın, bütün məktublara
baxılacaq.
Sakin: Cənab Prezident Sizə minnətdarıq.
Mənim də kreditlə bağlı problemim
vardı. Bu məsələnin həlli ilə
bağlı verdiyiniz fərmana görə təşəkkür
edirəm.
Prezident İlham Əliyev: Nə qədər
götürmüşdün?
Sakin: Beş min dollar
götürmüşdüm. Hətta mənə
kompensasiya da çatacaq.
Prezident İlham Əliyev: Sənə
pul da qaytaracaqlar.
Sakinlər: Allah Sizi var eləsin. Allah Sizi bu xalqın üstündən əskik eləməsin.
Daha sonra Prezident İlham Əliyev
çıxış edərək dedi:
- Əziz dostlar, sizi
salamlayıram.
Şamaxıda baş vermiş zəlzələ
nəticəsində dağılmış bütün evlər
yenidən tikiləcək, bərpa ediləcək.
Bilirsiniz ki, zəlzələdən dərhal sonra mən
Şamaxıya gəldim, vəziyyətlə tanış
oldum. Dərhal göstəriş verdim ki, evlər
qısa müddət ərzində bərpa edilsin, tikilsin.
Bu gün artıq biz ilk evlərin, o cümlədən
Saray nənənin evinin açılışını etdik.
Bir neçə başqa ev də tikilib. İndi çoxmənzilli yeni binanın təməli
qoyulacaqdır. Şamaxı, Ağsu, İsmayıllı
rayonlarında minlərlə ev tikiləcək
və yenidən bərpa ediləcək. Azərbaycan
dövləti hər zaman öz vətəndaşının
yanındadır. Bizim sosial siyasətimiz
güclü siyasətdir və zəlzələdən ziyan
görmüş bütün evlər dövlət vəsaiti
hesabına tikiləcək və bərpa ediləcəkdir.
Mənə dünən
Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar
verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif
şikayətlər, xahişlər var. Məhkəmə
işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə
bağlı məktublar var. Hər bir məktuba diqqətlə
baxılacaq. Xahiş edirəm məktubları
mənim köməkçilərimə çatdırın.
Mən özüm bunlara baxacağam və
lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini
aparmaqda israrlıdır. Vətəndaşları
narahat edən bütün məsələlər öz həllini
tapacaq. Mən gəlmişəm sizdən
bunu eşidim. Bu dəstəyə görə,
bu hörmətə görə sizə təşəkkür
edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər
həll olunacaq.
Rayon ağsaqqalı: Cənab Prezident
xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Çox sağ olun.
Rayon ağsaqqalı: Siz bütün
Azərbaycan xalqının arxası,
dayağısınız. Biz
şamaxılılar Sizi çox istəyirik.
Prezident İlham Əliyev: Mən də
sizi çox istəyirəm.
Rayon ağsaqqalı: Çox sağ olun. Alla Sizə
ömür versin.
Prezident İlham Əliyev: İndi də
bu ərazidə gözəl çoxmənzilli bir ev tikiləcək.
Rayon ağsaqqalı: Gəlib
baxmışam, çox iş görmüsünüz.
Prezident İlham Əliyev:
Sözünüz var mənə?
Rayon ağsaqqalı: Mənim
sözüm odur ki, sovet hökuməti 70 il
çalışdı, şəhərlə kənd
arasındakı fərqi aradan qaldırsın. Lakin
bunu bacarmadı. Amma Prezident İlham Əliyev cənabları
15 il müddətində bu fərqi
götürdü. Bax, Şamaxının
başı Dəmirçi, ayağı Quşçu kəndidir.
Prezident İlham Əliyev: Dəmirçiyə
də yol çəkdik.
Rayon ağsaqqalı: Hər ikisinə
asfalt yol var.
Prezident İlham Əliyev: Lahıca qədər.
Rayon ağsaqqalı: Əgər oraya
maşın gedirsə, Şamaxının elə bir kəndi
yoxdur ki, ora maşın işləməsin. Çox sağ olun.
Prezident İlham Əliyev:
Düzdür, sağ olun.
Rayon ağsaqqalı: Qaz yaxşı,
işıq yaxşı, su yaxşı, dolanırıq. Allah ömür versin.
Prezident İlham Əliyev:
Çalışıram hər şey edim ki, vətəndaşlar
daha da yaxşı yaşasınlar. Yol, qaz, işıq, su,
iş yerləri. İndi şikayətlər
verildi, onlara da baxılacaq. Zəlzələdən
ziyan dəymiş evlər yenidən tikiləcək. Cəmi
bir ay keçib, artıq bir neçə ev
hazırdır, bir neçə evin tikintisi gedir. İndi çoxmənzilli binanın təməli
qoyulur. Dağılmış,
uçulmuş bütün evlər yenidən tikiləcək.
Bəlkə də əvvəlki evlərdən
100 dəfə daha yaxşı olacaq.
Rayon ağsaqqalı: Bir söz deyim,
Mehriban xanım bizə bir neçə avtobus göndərib. Gecə-gündüz işləyir. İndi Şamaxının bütün kəndlərinə
avtobus gedir. Allah işinizi avand eləsin.
Prezident İlham Əliyev: Çox sağ ol ağsaqqal.
***
Dövlətimizin başçısı və birinci xanım sonra zəlzələdən zərərçəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlini qoydular. Məlumat verildi ki, 20 Yanvar küçəsində tikilən 44 mənzildən ibarət dördmərtəbəli bina bütün zəruri infrastrukturla təchiz ediləcək, burada birotaqlı 4, ikiotaqlı 32 və üçotaqlı 8 mənzil olacaq.
Prezident İlham Əliyev gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğu işə salındı.
Sonra xatirə şəkli çəkdirildi.
***
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.
Dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, 100 yerlik bu müəssisədə balacalar üçün hərtərəfli şərait var. Şamaxı şəhər 4 və 5 saylı körpələr evi-uşaq bağçaları ötən əsrin 30-40-cı illərində inşa edilmişdi və istismar müddətini başa vurmuş uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirdi. Körpələr evi-uşaq bağçasının tikintisi qısa müddətdə başa çatdırılıb, ikimərtəbəli binada yataq, yemək, istirahət, tibb otaqları, mətbəx və yeməkxana yaradılıb.
Bağçanın ərazisində abadlıq-quruculuq işləri aparılıb, uşaqların əyləncəsi üçün meydança tikilib.
Qeyd edək
ki, Heydər Əliyev Fondunun "Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı
proqramı” çərçivəsində respublikanın 60
şəhər və rayonunda, ümumilikdə, 13 min 625
uşaq yerlik 123 körpələr evi-uşaq
bağçasının inşası nəzərdə
tutulub və onlardan 80-i artıq istifadəyə verilib.
Azərbaycan.-
2019.- 8 mart.- S.1-3.