Hikmət Hacıyev: “Nikol
Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi
barədə iddiaları danışıqların mahiyyətinə
və formatına ziddir”
Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə dərc olunan EURACTİV portalına müsahibəsinə cavab olaraq həmin portalda Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məqaləsi verilib. Məqalədə Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın martın 4-də EURACTİV portalına müsahibəsini, xüsusilə onun Ermənistan-Azərbaycan münaqişəsi barədə iddialarını ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətinə və formatına köklü şəkildə zidd olduğunu bildirib. AZƏRTAC məqaləni təqdim edir.
Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında keçən ilin sentyabrında Düşənbədə baş tutmuş görüşdən etibarən Azərbaycan danışıqlar prosesinin irəli aparılması üçün əlverişli mühitin yaradılması məqsədilə konstruktiv və cəsarətli addımlar atıb. MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi sammiti və Davosda Azərbaycan və Ermənistan rəhbərliyi arasında daha iki görüş olub. Amma Ermənistan rəhbərliyi indi bunları görüş belə adlandırmaqdan çəkinir və qeyri-rəsmi təmaslar adlandıraraq metaforik illüstrasiyaya üstünlük verir.
Bu ümidverici dinamika ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dörd görüşü ilə müşayiət olunub. Amma həmsədrlərin və beynəlxalq ictimaiyyətin iki ölkə arasında substantiv və nəticəyönümlü intensiv danışıqların davam etdirilməsinə dair nikbinliyinə müsbət şəkildə cavab vermək əvəzinə Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi ilə bağlı qeyri-real iddialar irəli sürməyə başlayıb. Bu düşüncə ilə Ermənistan tərəfi məqsədyönlü şəkildə bütün danışıqlar prosesini əngəlləyir və iflic halına salır.
Ermənistan baş naziri Qarabağda yaşayan ermənilər adından danışa bilmədiyini iddia edərək çox sadə bir suala cavab verə bilmir: Ermənistan silahlı qüvvələrinin Azərbaycan suveren ərazilərində nə işi var?
Beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, Ermənistan BMT nizamnaməsini kobud şəkildə pozaraq qanunsuz şəkildə gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bir milyondan çox mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə aparılıb. Onlar hələ də məcburi köçkün və qaçqın statusunda yaşamaq məcburiyyətindədir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzdə birbaşa iştirakı və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə mövcudluğu münaqişə tərəfi kimi Ermənistanın hüquqi, siyasi və mənəvi məsuliyyətini təsbit edir. Söz güləşdirməklə Ermənistan hökuməti bu mütləq məsuliyyətdən qaça bilməz.
İşğalçı dövlətlər adətən digər dövlətin ərazisini zor yolu ilə işğalında öz rollarını gizlətmək üçün işğal olunmuş ərazilərdə qanunsuz rejimlər yaradırlar. Qondarma "Dağlıq Qarabağ Respublikası” bu kimi siyasətin və təcrübənin bariz nümunəsidir.
Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına əsaslı olaraq son qoydu. AİHM təsbit etdi ki, "qondarma "DQR” və onun administrasiyası Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti həyata keçirir”.
Bu günlərdə N.Paşinyan hökumətinin üzvü və dövlət təhlükəsizlik xidmətinin sədri məskunlaşdırma siyasətinə bəraət qazandıraraq və işğal olunmuş ərazilərin bir qarışının belə qaytarılmayacağını iddia edərək Ermənistanın zəbt olunmuş ərazilərin anneksiyası siyasətini yürütdüyünü təsdiq etmiş oldu.
N.Paşinyanın müsahibəsində başqa bir uyğunsuzluq da var. Müsahibədə o, BMT Baş katibinin münaqişə ilə bağlı açıqlamasını alqışladığı halda, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnaməsinin üzərindən sükutla keçir. Ermənistan BMT TŞ-nın qətnamələrinin işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirməyib.
Paradoksal olaraq Ermənistan rəhbərliyi bir tərəfdən ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə dəstək ifadə edir, digər tərəfdən isə danışıqlar formatının dəyişdirilməsinə çağıraraq həmsədrlərinin işini pozur.
ATƏT-in Minsk qrupu prosesi çərçivəsində
təsbit olunmuş institusional yaddaş vardır. ATƏT-in 1992-ci il Helsinki nazirlər iclasının qərarına
görə Ermənistan
və Azərbaycan münaqişə tərəfləri,
Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı və
erməni icmaları isə maraqlı tərəflər kimi müəyyən olunub. Dağlıq
Qarabağın azərbaycanlı
icmasına qarşı
qanlı etnik təmizləmə törədildiyi
halda, Ermənistanın
Dağlıq Qarabağın
erməni icmasına ekskluziv hüquqlar tələb etməsi barədə əsassız
iddiaları insan hüquqlarının ruhuna
və fəlsəfəsinə
ziddir. Ermənistan, həmçinin sayı 80 min nəfərdən
artıq olan Dağlıq Qarabağın
azərbaycanlı icmasının
mövcudluğunu belə
inkar etməyə çalışır və
hər bir vəchlə iki icma arasında dialoqu bloklayır.
Azərbaycan Avropa İttifaqının
yüksək vəzifəli
rəsmi şəxslərinin
N.Paşinyan ilə mətbuat konfransında səsləndirdiyi bəyanatlarını
dəstəkləyir. İşğala əsaslanan status-kvo qəbuledilməzdir və
dəyişdirilməlidir. Danışıqlara qeyd-şərtin qoyulması yolverilməzdir,
yeni formatın yaradılmasına ehtiyac yoxdur və danışıqlar razılaşdırılmış
düstura uyğun olaraq mövcud format əsasında davam etdirilməlidir. Danışıqların davamlılığı və
danışıqlara öhdəlik
təmin olunmalıdır.
Bu mövqeyi beynəlxalq
birlik də yekdilliklə bölüşür.
Ona görə də beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana
ünvanlı siyasi-diplomatik
ismarıclar çatdırılmalıdır.
Ermənistan tərəfi nəhayət
anlamalıdır ki, eyforiya dövrü başa çatıb.
Küçə populizminə son qoyulmasının
və ciddi addımların atılmasının
vaxtıdır.
Biz, eyni zamanda, Avropa İttifaqının sifarişi
ilə hazırlanan və münaqişənin
həllinin Ermənistana
və Azərbaycana iqtisadi dividentləri barədə hesabatın ideya və fəlsəfəsini
dəstəkləyirik. Ermənistan-Azərbaycan münaqişəsi həll
edilmədən Ermənistanın
iqtisadi inkişafı
qeyri-mümkündür.
Münaqişənin həllində
irəliləyişə nail olmaq üçün Ermənistan öz qoşunlarını Azərbaycanın
işğal olunmuş
ərazilərindən çıxarmalı
və qonşularla sivil münasibətlər
qurmalıdır. Yalnız bu halda regionun
çox ehtiyac duyduğu davamlı və ədalətli sülh təmin oluna bilər.
Əks-təqdirdə, Ermənistanın siyasi,
iqtisadi və demoqrafik
böhranı və özünü təcridi
dərinləşməkdə davam edəcək.
Azərbaycan.-
2019.- 8 mart.- S.6.