Azərbaycan XİN “Lazarev klubunun Moskvada keçirilən ikinci iclasına münasibət bildirib

 

KİV-in yaydığı məlumata əsasən, cari ilin martın 5-6-da Moskvada Rusiya-Ermənistan "Lazarev klubunun ikinci iclası keçirilib. Orada tədbir iştirakçılarına Rusiya Federasiyası Prezidentinin salamlama müraciətini çatdıran RF Prezidentinin müşaviri S.Qlazyevin, habelə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin timsalında RF-nin icraqanunverici hakimiyyətinin rəsmi nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti Moskvada keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubu"nun ikinci iclası ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Xatırlatmaq istərdik ki, adı yuxarıda çəkilən klubun ilk iclasına Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin nümayəndələrinin dəvət olunması, eləcə də həmin ilk iclas çərçivəsində səsləndirilmiş Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə qəsd edən ifadələrlə əlaqədar Azərbaycan Respublikasının XİN-i Rusiya Federasiyasının XİN-ə öz narazılığı və hiddətini bildirdi.

"Lazarev klubu"nun ikinci iclası ərəfəsində KİV müxbirinin indiki iclasa da Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimin liderlərinin dəvət edilməsinə dair RF XİN-in mövqeyi barədə sualına Rusiya XİN-in rəsmi sözçüsü tərəfindən qeyd edildi ki, burada söhbət vətəndaş cəmiyyəti və qeyri-hökumət qurumlarının tədbirindən gedir, RF dövlət orqanları nümayəndələrinin bu tədbirdə iştirakına dair məlumat yoxdur. Eyni zamanda, onun tərəfindən deyildi ki, RF ATƏT-in Minsk qrupunun həmsədri olaraq üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir.

Bununla bağlı Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, cari ilin 5 mart tarixindəki sözügedən iclasda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə yanaşı, Rusiya dövlət orqanlarının yüksək vəzifəli rəsmilərinin də iştirakına dair konkret məlumatın mövcud olduğu bir halda, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı ilə müəyyən edilmiş həmsədr ölkəsinin öhdəlikləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Qeyd etdiyimiz mandatda aydın şəkildə göstərilir ki, "həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, 1992-ci il 24 mart tarixli Nazirlər Şurasının qərarı daxil olmaqla, ATƏT forumlarının qərarları və o cümlədən Budapeşt sammitinin qərarı, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqlar”.

Növbəti dəfə Rusiya tərəfini ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən 1997-ci ildə bağlanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə müddəalarının əməl olunmasını təmin etməyə çağırırıq. Məlum olduğu kimi, həmin müqavilədə xüsusilə təsbit edildi ki, "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır”.

 

Azərbaycan.- 2019.- 8 mart.- S.8.