“800 min nəfərin kredit probleminin birdəfəlik həlli təqdirəlayiq
haldır”
"Prezident
İlham Əliyevin
"Azərbaycan Respublikasında
fiziki şəxslərin
problemli kreditlərinin
həlli ilə bağlı əlavə tədbirlər haqqında”
fərmanı çox
mühüm sosial-iqtisadi
əhəmiyyətə malikdir. Müasir bazar
münasibətləri şəraitində
çox az ölkədə əhalinin
maliyyə-kredit probleminin
həlli ilə bağlı belə hüquqi sənəd qəbul olunur və onun icra
mexanizmi tətbiq edilir”.
Bunu AZƏRTAC-a AMEA İqtisadiyyat İnstitutunun
Maliyyə, pul-kredit siyasət şöbəsinin
müdiri, iqtisad üzrə fəlsəfə
doktoru, dosent Yaşar Məmmədov deyib.
Ekspert bildirib: "2015-ci ildə baş verən devalvasiya prosesləri əhalinin müəyyən qisminin maliyyə vəziyyətinə neqativ təsir göstərməklə onların ödəmə qabiliyyətinin zəifləməsinə, kredit borcu olan insanların kredit öhdəliklərinin kifayət qədər artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı onların məhkəmələr qarşısına çıxmasına səbəb olmuşdu. Belə ki, maliyyə-bank sektorunun baş verən devalvasiya proseslərindən sonra üzləşdiyi problemlər və itkilər əhalinin müəyyən hissəsinin maddi durumuna ciddi təsir göstərmişdi. Borc məngənəsindən qurtara bilməyən insanlar həm maliyyə itkiləri ilə, həm də psixoloji problemlərlə üzləşmişdilər. Vəziyyətin mürəkkəbliyini nəzərə alan ölkə başçısı əhalini və maliyyə-bank sektorunu çətin durumdan qurtarmaq üçün son dərəcə vacib bir sənədə imza atdı”.
Sözügedən fərmanın sosial əhəmiyyətinin kifayət qədər yüksək olduğunu vurğulayan ekspert qeyd edib ki, 800 min nəfərin kredit probleminin birdəfəlik həll edilməsi təqdirəlayiq haldır. Bu fərman xarici valyutada kreditləri olan insanların üzləşdiyi maliyyə itkisinin qarşını almaq və onlara dövlət dəstəyini təmin etmək məqsədi daşıyır. Digər tərəfdən, bu sənəd insanların dövlətçiliyə inamını, dövlətin isə öz vətəndaşlarına olan qayğısını bir daha təsdiqləyir.
"10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək əsas kredit borcu olan fiziki şəxslərin borc məsələsinin həlli və restrukturizasiyası banklarla bağlı kifayət qədər maliyyə problemi yaşayan insanların maddi və sosial vəziyyətinin sabitləşdirilməsi baxımından, həqiqətən də, xüsusi əhəmiyyət kəsb edir” deyən Y.Məmmədov bildirib ki, Prezident İlham Əliyev son bir neçə ildə ciddi problemlər yaşayan bank sektorunun vəziyyətini də yaddan çıxarmadı. Belə ki, mövcud problemin həlli ilə bağlı banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kreditin ayrılması, həm də ölkənin maliyyə bazarlarının sağlamlaşdırılması məqsədi daşıyır. Bununla yanaşı, fərmanda nəzərdə tutulduğu kimi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunan və illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsinin təmin edilməsi bank sektorunun müasir və perspektiv fəaliyyətinin sığortalanmasına xidmət edir.
Ekspert
hesab edir ki, fərmanda banklara verilən
tövsiyələr onların həm müasir,
həm də perspektiv fəaliyyəti baxımından önəmli hesab olunmalıdır. Çünki
bank-müştəri münasibətlərinin daha
düzgün və məqsədəuyğun
şəkildə qurulmasına yönələn bu tövsiyələr bank
sektorunun müştərilərlə
münasibətinə beynəlxalq təcrübədə olan prinsiplərlə
yanaşmasını ifadə edir: "Fərmanın fəlsəfəsi deməyə əsas
verir ki, bankların kredit münasibətləri ilə
bağlı fiziki, hüquqi
şəxslərlə bağladıqları müqavilələr
ciddi şəkildə təhlil və qiymətləndirilməyə
söykənməli, hər iki tərəfin
tam anlaşıqlı şəkildə
baxışlarını ifadə etməlidir.
İnsani və dini
baxımdan yanaşdıqda deyə bilərik ki,
bu fərman borclu
insanlarımızın çətin vəziyyətini nəzərə
alıb, onların maddi-maliyyə durumunu
yaxşılaşdırmaq istiqamətində atılan bir addım kimi xüsusi əhəmiyyət kəsb edir”.
Azərbaycan.- 2019.- 10 mart.- S.4.