Dövlət yenə sahibkarlara sahib çıxdı

 

Amma bu, hər kəsə öz işinə bundan sonra da məsuliyyətsiz yanaşmağa əsas vermir

 

 

Kim deyirsə ki, təbii fəlakətlərdən sığortalanmaq mümkün deyil - səhv edir. Lap elə zəlzələ, sel, daşqın olsun, fəsadlarını ən azı minimuma endirmək mümkündürbunun dünya təcrübəsində yüzlərlə nümunəsi var. Biz hələ birbaşa insan faktoru ilə bağlı olan yanğınları, evya bina uçqunlarını, yol çökmələrini demirik. Çünki belə hadisələr təbii yox, məsuliyyətsizliyin fəlakətidir.

Artıq bir neçə gündür "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Etiraf edək ki, bu, sıradan bir hadisə deyil. Mərkəzdə ticarətlə məşğul olan yüzlərlə adamının malları yanıb külə dönüb, onlar külli miqdarda ziyana düşüblər, işsiz, qazancsız qalıblar.

Amma hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin timsalında dövlət vətəndaşlarına arxa durdu, sahibkarları sahibsiz qoymadı. Dövlət başçısı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirdi, Nazirlər Kabinetinə baş vermiş yanğınla bağlı komissiya yaratmağı və görülmüş işlər haqqında məlumat verməyi tapşırdı. Ən başlıcası isə adamlarına dəymiş ziyanın hesablanandan sonra ödəniləcəyi bildirildi.

Gəlin etiraf edək: dünyanın indiki vaxtında öz vətəndaşlarına bu səviyyədə dayaq olan, bu dərəcədə humanist yanaşan, bu qədər güzəşt edən ikinci bir dövlət tapmaq çətindir. Hara sel gəlir - dövlət oradadır, harada zəlzələ baş verir - dövlət operativ tədbirlər görür, harada yanğın olur - dövlət yenə də vətəndaşlarını tək qoymur.

Amma bir məsələ də var ki, dövlətin bu humanist siyasətindən bəzi icra orqanları, eləcə də iri sahibkarlar sui istifadə edirlər. Belə olmasaydı, böyük ticarət mərkəzlərində nə artıq mütəmadi hal alan yanğınlar baş verər, nə təzə çəkilən yollar qısa müddətdən sonra dağılar, nə də xüsusən paytaxtda müxtəlif təyinatlı qanunsuz tikililər lövbər atardı.

Bu gün Azərbaycanda dövlətin dəstəyi, verdiyi geniş meydan və yaratdığı şərait hesabına bəzi ərköyün sahibkarlar təbəqəsi də formalaşıb. Onlara söz demək, irad tutmaq, qanunların çərçivəsini göstərmək mümkün deyil. Elə jest və ərklə danışırlar ki, sanki hamı onlara borcludur. Belələri o dərəcədə özbaşınalıq edirlər ki, hətta sutkanın az qala 15-18 saatını istismar etdikləri işçilərinə normal əməkhaqqı belə vermirlər. Buna əmin olmaq üçün ölkədə özəl sektor, xüsusən ticarət və ictimai iaşə sahələri üzrə verilən rəsmi əməkhaqqı və sosial ödəmələrə nəzər salmaq kifayətdir. Məlum olacaq ki, adları çəkilən sahələrdə çalışan sıravi işçilərin əksəriyyəti, sən demə, ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqına işləyir. Düzdür, bu vəziyyət real rəqəmləri vergisosial ödəmələrdən gizlətmək üçündür. Amma sıravi işçilərə verilən real maaşlar da yüksək deyil axı... Sözümüzün canı budur ki, belə ərköyün sahibkarların sözünün üstünə nəhayət söz deyən lazımdır. Bu olsaydı, yəqin ki, "Diqlas” ticarət mərkəzində müasir yanğından mühafizə sistemi quraşdırılar, binanın sığortası olar və ümumiyyətlə, bu cür hadisələri qarşılamaq üçün tədbirlər görülərdi.

Sığortadan söz düşmüşkən. Prezident İlham Əliyevin yanğınla bağlı keçirdiyi müşavirədə dediyi sözlərdir: "Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar varbir çox hallarda biz bunu görürük”.

Görürük və ziyanını çəkirik. Son hadisələr isə göstərir ki, ən çox ziyan çəkən də dövlət, yəni onun büdcəsi olur. Məgər büdcəmizin xərcləri azdır ki, onların təyinat istiqamətləri ölkədəki sayı heçaz olmayan sığorta şirkətlərinin fəaliyyətsizliyi üzündən dəyişdirilsin?! Hamıya məlum faktdır ki, bizim sığorta şirkətləri cüzi risk olan sahəyə üz çevirmək istəmirlər. Artıq neçə vaxtdır ən yüksək səviyyədə sığorta şirkətlərinin kənd təsərrüfatında fəaliyyət göstərmələri tövsiyə olunur. Ammaxeyri? Onlar üçün icbari avtomobil sığortası istehsal edilən kənd təsərrüfatı məhsullarını sığortalamaqdan daha əlverişlidir. Birincini vəsait ödəməmək üçün min bir bəhanə ilə yola vermək mümkündürsə, ikinci "yağmadı yağış, bitmədi qamış” qədər risklidir. Dövlətin siyasəti, ölkənin iqtisadiyyatı, kəndlinin marağı belə sığorta şirkətləri üçün sonrakı dərəcəlidir, necə deyərlər, rəhmətlik M.Ə.Sabir demişkən: "Tək mən tox olum...”

Lakin sonacan belə davam edə bilməz. Sonuncu hadisə göstərdi ki, hər bir icra orqanı öz üzərinə düşən vəzifənin öhdəsindən tələb edilən səviyyədə gəlməlidir. Əks halda bu məsuliyyətsizlik hətta təbii olmasa, fəlakətlə nəticələnir. Onun altını isə dövlət çəkməli olur. O dövlət ki, indiki vaxtda onu belə əlavə qayğılarla yükləmək yolverilməzdir.

 

 

Raqif MƏMMƏDOV

Azərbaycan.-2019.- 30 mart.- S.1.