Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncam

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. zərər çəkmiş sahibkarlara bu sərəncamın 1-ci hissəsinə əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etsin;

2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il

Azərbaycan.-2019.- 30 mart.- S.1.