Birinci vitse-prezident Mehriban
Əliyeva diplomatik missiya
rəhbərlərinin həyat yoldaşları ilə görüşüb
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin
həyat yoldaşları
ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat
yoldaşları ilə
görüşməkdən şad olduğunu bildirən Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi:
-Hörmətli xanımlar.
Əziz dostlar.
Əziz xanım səfirlər.
Mən sizi görməyimə çox
şadam və hər birinizi səmimi qəlbdən salamlayıram. Bir az gec də olsa, sizinlə
birlikdə Novruz bayramını qeyd etmək mənim üçün çox xoşdur.
Novruz Azərbaycanın
ən sevimli, ruzili və nurlu bayramıdır. Novruz baharın,
dirçəlişin simvoludur.
Adətən Azərbaycanda Novruz
bayramı ailə üzvləri ilə, dostlarla birlikdə bayram süfrəsi arxasında qeyd olunur. Bizim bugünkü görüşümüz
də məhz dostluğun, qarşılıqlı
hörmətin təzahürüdür.
Əziz qonaqlar, mən sizi bayram münasibətilə
ürəkdən təbrik
edirəm, sizə və ailə üzvlərinizə möhkəm
cansağlığı, xoşbəxtlik,
təmsil etdiyiniz ölkələrə sülh
və əmin-amanlıq
arzulayıram.
Siz xeyli vaxtdır ki, Bakıda yaşayırsınız. Ümidvaram ki,
Azərbaycanda olduğunuz
müddətdə ölkəmizi
tanımaq və sevmək imkanınız olub. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən
biri kimi tanınır. Paytaxtımızın simasında Qərb və Şərq, qədimlik və müasirlik vəhdət təşkil edir. Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə
malik olan ölkədir. Eyni zamanda,
biz müasir, dünyaya
açıq, sülhsevər,
daim əməkdaşlıq
və inkişaf naminə çıxış
edən ölkəyik.
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı
ölkədir. Əsrlərboyu Azərbaycan torpağında
müxtəlif dinlərin
və millətlərin
nümayəndələri dostluq
və sülh şəraitində yaşayıblar.
Minilliklərlə formalaşan bu
tolerantlıq və multikulturalizm ənənələri
bu gün də Azərbaycan dövlətinin siyasətində
öz əksini tapır və hər bir azərbaycanlının
qəlbində yaşayır.
Mən əminəm ki, siz Azərbaycanın ən böyük sərvəti olan insanlarımızın qonaqpərvərliyini,
istiqanlılığını, səmimiliyini, insansevərliyini
hiss etmisiniz. Ümidvaram ki,
siz ölkəmizi tərk etdikdən sonra da Azərbaycan
sizin qəlbinizdə xoş anlarla, sevinc dolu xatirələrlə
yaşayacaq və yenidən ölkəmizə
səfər etməyi
unutmayacaqsınız.
Hörmətli xanımlar, 2019-cu il Azərbaycan üçün uğurla
başlayıb. Bildiyiniz kimi,
ölkəmizdə çox
vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə. Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək
uğurlu inkişafını
təmin edəcək.
Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik,
13 beynəlxalq təşkilat
və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz
ölkələrlə Azərbaycan
qarşılıqlı maraq
və hörmət əsasında əməkdaşlıq
qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan
beynəlxalq aləmdə
etibarlı tərəfdaş
kimi tanınır.
Hörmətli xanımlar, fürsətdən
istifadə edərək
mən sizin fəaliyyətinizi xüsusi
vurğulamaq istərdim. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə,
Azərbaycanda humanitar,
sosial sahələrdə
icra olunan layihələrə dəstək
verdiyinizə görə
sizə dərin minnətdarlığımı bildirirəm.
Ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında
humanizm, xeyirxahlıq,
insanlıq diplomatiyasını
heç bir şey əvəz edə bilməz və mən buna görə sizə bir daha
öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətli xanımlar, qoy bu bahar sizin
üçün nurlu
olsun, sizə xoşbəxtlik gətirsin. Mən sizə
hədsiz xoşbəxtlik,
cansağlığı, təmsil
etdiyiniz ölkələrə
və xalqlara əmin-amanlıq, sülh
arzulayıram.
Çox
sağ olun
və bir daha xoş gəlmisiniz.
Görüşdə Moldovanın Azərbaycandakı səfirinin xanımı Alla Leuka "HOMS Qrupu” kimi tanınan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları adından çıxış etməyin onun üçün şərəf olduğunu deyərək Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşə, "HOMS”un fəaliyyətinə verdiyi dəyərə və Novruz bayramı münasibətilə təbriklərinə görə təşəkkürünü bildirdi. Azərbaycanda çox sayda Novruz tədbirlərində iştirak etdiklərini, Novruzun sərhədləri aşaraq insanları birləşdirdiyini, bizə oxşar cəhətlərimizi və müxtəlifliyimizin zənginliyini xatırladığını, hörmət, sülh və mehriban qonşuluğa əsaslanaraq xalqlar arasında əlaqələri gücləndirdiyini vurğuladı. Qeyd etdi ki, o, Novruz ruhunu Azərbaycanda bütün ilboyu hiss edir.
"Beynəlxalq ictimaiyyətin üzvləri olaraq biz ev
sahibi olan ölkənin
cəmiyyətinin açıqlığı, dostluğu,
qonaqpərvərliyini hər zaman hiss edirik. Azərbaycan
xalqı istiqanlı və səxavətlidir. Biz zəngin tarixə və
mədəniyyətə, güclü harmoniya, birgəyaşayış və tolerantlıq
ruhuna malik olan, dinamik inkişaf
edən və gələcəyə inamla
baxan bu gözəl
ölkədə olmaqdan xoşbəxtik”,
- deyən Alla Leuka təmsil
etdikləri "HOMS” təşkilatının gördüyü
işlərdən danışdı, humanitar sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğuladı. Bildirdi ki, bu
cür görüşlər beynəlxalq
ictimaiyyətlə ev sahibi
olan ölkənin rəhbərliyi və
xalqı arasında əlaqələri gücləndirməyin
daha bir yoludur. Alla Leuka Novruz bayramı
münasibətilə bir daha
təbriklərini çatdırdı, bütün
insanlara dostluq və firavan həyat arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd
edək ki, bu gün ölkəmizdə həyata keçirilən
uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq
münasibətlər sistemində mövqeyi getdikcə
güclənməkdədir. Azərbaycan xarici
siyasətdə dostluq və
qarşılıqlı etimad prinsiplərinə
söykənir. Buna görə də
ölkəmiz beynəlxalq miqyasda ikitərəfli
və çoxtərəfli münasibətlər kontekstində
etibarlı strateji tərəfdaşlardan
birinə çevrilib. Bunun
nəticəsidir ki, Azərbaycanla daha çox ölkə əməkdaşlıq
etmək arzusundadır. Həmin faktı Azərbaycanda fəaliyyət
göstərən xarici ölkələrin
diplomatik missiyalarının sayı bir daha təsdiq edir.
Azərbaycan.-2019.- 30 mart.- S.3.